Özbəkistanda ilk dəfə olaraq “Şuşa günləri” tədbirləri keçiriləcək
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında cari ilin 11-12 aprel tarixlərində Özbəkistanda “Şuşa günləri” silsilə tədbirləri keçiriləcəkdir.
Tədbirin əsas məqsədi TÜRKSOY tərəfindən Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi, habelə Azərbaycanın Qarabağ bölgəsinin, Şuşanın zəngin mədəniyyəti, incəsənəti, poeziyası, tanınmış şuşalılar, şəhərin turizm imkanlarını bütün dünyaya çatdırmaq və təbliğ etməkdir.
Daşkənd şəhərində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində baş tutacaq “Şuşa Günləri”i tədbirlərinin rəsmi açılış mərasimində Şuşanın mədəniyyəti, ədəbiyyatı, incəsənəti və tarixi ilə bağlı beynəlxalq konfrans, kitab təqdimatı, foto və nəşrlərdən ibarət sərgi, Qarabağa aid milli geyimlərdən ibarət moda nümayişi, bədi şeir kompazisiyaları və konsertlərin təşkili nəzərdə tutulmuşdur.
“Şuşa Günləri”nin açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin foyesində “Azad və çiçəklənən Şuşa” adlı foto və nəşr sərgisi təqdim ediləcək, Azərbaycan Mədəniyyət Mərkəzinin böyük konfranslar zalında isə beynəlxalq konfrans öz işinə başlayacaqdır.
Beynəlxalq konfransda Özbəkistanın dövlət və hökumət nümayəndələri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərliyi, Daşkənddəki Türk dövlətlərinin səfirləri, diplomatlar, Özbəkistanın tanınmış ictimaiyyət və mədəniyyət xadimləri, çoxsaylı mötəbər qonaqların iştirakı planlaşdırılır.
Daha sonra azərbaycanlı rejissor Ülviyyə Heydərovanın müəllifi olduğu Xurşidbanu Natəvan haqqında sənədli filmin nümayişi nəzərdə tutulub.
Tədbirin bədii hissəsində azərbaycanlı musiqiçilər Nisbət Sərdayeva, Rüstəm Müslümov, Elnur Salahovdan ibarət muğam triosunun Xurşidbanu Natəvanın qəzəllərindən ibarət muğam dəstgahları da təqdim ediləcəkdir. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin “Azərbaycan qızları” Rəqs Ansamblı Şuşaya dair milli rəqslərimizi ifa edəcəklər.
Bədii hissədə Özbəkistanın xalq artisti, “Yalla” Ansamblının bədii rəhbəri Fərrux Zakirovun və dünyaca məşhur “Özbəgim yoshlari” (Özbək gəncləri) musiqi qrupunun rəngarəng çıxışları gözlənilir.
“Şuşa günləri”nin ikinci günündə isə Özbəkistan Turon kitabxanasında baş tutacaq, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Özbəkistan Yazıçılar Birliyi, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin, Özbəkistan və Azərbaycan Parlamentinin deputatlarının iştirakı və çıxışları nəzərdə tutulub.
Turon kitabxanasında “Şuşa günləri” tədbirləri çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Özbək dilinə ilk dəfə olaraq tərcümə və çap olunmuş “Xurishidga yetar boshim” adlı kitabın təqdimat mərasimi və özbək tələbələr tərəfindən Xurşidbanu Natəvanın şeirlərindən ibarət ədəbi-bədi kompozisiya təqdim ediləcəkdir.
Özbəkistanda “Şuşa günləri”ndə baş tutan silsilə tədbirlər çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət İnstitutunda da tədbir təşkil ediləcəkdir. Çoxsaylı mötəbər qonaqların və rəsmilərin qatılacağı tədbirdə Azərbaycan və Türk dünyasının mədəniyyət paytaxtı Şuşaya dair çıxışlar və təqdimatlar nəzərdə tutulmuşdur.
Tədbirin bədii hissəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi fondunun təşəbbüsü ilə yaradılmış yeddi türk xalqının nümayəndəsindən ibarət “Yeddi gözəl” çalğı alətləri ansamblının konserti və azərbaycanlı modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət Qarabağ bölgəsi, ələxüsus da XVII əsrin sonu XIX əsrin əvvəllərində Şuşa şəhərində dəbdə olmuş qadın libaslarının moda sərgisi keçiriləcəkdir.
Qeyd edək ki, “Şuşa günləri” tədbirlərinin davamı olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan mədəniyyəti, habelə Şuşaya dair zəngin kitab kolleksiyası Özbəkistanın aparıcı kitabxanalarına hədiyyə ediləcək və cari ilin iyun ayında Şuşa ilə tanışlıq, Şuşaya dair verilişlərin hazırlanması məqsədi ilə Özbəkistanın populyar telekanallarının təmsilçiləri və onların jurnalistlərinin mədəniyyət paytaxtımız Şuşaya, habelə işğaldan azad edilmiş bölgələrimizə mediaturu təşkil ediləcəkdir.