Bərdədə 5 uşaqlı ailəyə yardımsevərlər ev tikməyə başladı
Bərdənin Qayalı kəndində Rəsul kişinin ailəsi ağır sosial vəziyyətlə üzləşib.
Bu barədə ATVFM.LİVE-ə yardımsevər Bərdə şəhər sakini Sadiq Məmmədov məlumat verib.
” Bizə bildirdilər ki, Qayalı kəndində 5 uşaqlı ailə son dərəcə ağır şəraitdə yaşayır. Ev yaşamaq üçün yararlı vəziyyətdə deyil. Uşaqlar betonun üstündə yatır. Yemək üçün lazım olan azuqələrdən də korluq çəkirlər. Yardımsevər dostlarımızla birgə ərzaq götürüb ailəyə baş çəkdik. Şəraitlə tanış olandan sonra yardımsevər insanlara müraciət etdik.Hər kəsi bu ailəyə köməyə çağırdıq. Səsimizə səs verdilər. İndi ailənin mənzil şəraitinin yaxşılaşdırmaq üçün ev tikməyə başlamışıq. Evin bünövrəsi tökülüb. Divarı hörülür” deyə Sadiq Məmmədov bildirib.
Sadiq Məmmədovun bildirdiyinə görə ailənin başçısı Rəsul birinci Qarabağ müharibəsinin iştirakçısı, əlildir. Müharibənin qəlpələrini hələ də bədənində gəzdirir. Qarabağ müharibəsində sağlamlığını itirib , əlil olsa da əlilliyə görə müavinət almır. Buna da səbəb ondan çox saylı sənədlər tələb edilməsi olub. Dəfələrlə sənəd toplamaq üçün idarələrə ayaq döyməkdən bezdiyindən, axırda əlilliyin düzəldilməsinə görə müraciətin dayandırıb. Ana da işləmədiyindən Rəsul kişi 5 azyaşlı uşağın qayğılarına qalmaqdan aciz qalıb.
Yardımsevərlər Rəsul kişinin harayına indi can dildən səs veriblər. 110 kv.m -lik evin inşasına başlanılıb. Sadiq Məmmədov evin tikintisi üçün materialların tam qarşılandığını deyir. ” Bu işə yardım olan insanlar çoxdur. Daşın biri, işığın biri üzərinə götürüb. Bazarda bir nəfər hərədən 3 taxta alıb, döşəmə, tavan materiallarını hazırlayacaq. Bir sözlə yaxın günlərdə ailənin mənzillə təmin olunmasına nail olacağıq” deyə Sadiq Məmmədov vurğulayıb.
Hazırda Rəsul kişiyə dəstək kampaniyası davam edir.