Qarabağa qayıdış belə olacaq: Diz çöküb torpağı öpənlərlə söhbət VİDEOREPORTAJ
İşğaldan azad olunmuş rayonların, kəndlərin əhalisi bəzən tək-tək, çox vaxt isə qruplarla öz doğma kəndlərinə axın edir. Dağılmış, yağmalanmış evlərinin viranəliyinə baxırlar.
Hüquq-mühafizə orqanları təhlükəsizlik məqsədilə onların qarşısını almağa çalışır. Yenə də onlardan işğaldan azad edilmiş ərazilərə getmək üçün xahiş-minnət edənlər çoxdur.
Paytaxtda və ölkənin iri şəhərlərində isə belə bir təəssürat var ki, 27-29 ildən bəri ölkənin başqa-başqa şəhərlərində, eləcə də ölkə xaricində yaşayan məcburi köçkünlərin çoxu doğma torpaqlarına qayıtmayacaq. Bəlkə də uzaq ölkələrdə yaşayan, paytaxtda özünə ev-eşik quranlar, o cümlədən onların gənc övladları qurulu düzənlərini pozmaq, hər şeyi yenidən başlamaq istəməyəcəklər. Bununla belə doğma kəndinə qayıtmaq, yenidən ev-eşik, təsərrüfat qurmaq istəyənlər çoxdur.
İndi sizə Füzuli, Ağdam, Xocavənd rayonlarında həmsöhbət olduğumuz məcburi köçkünlərin bu xüsusda dilə gətirdikləri fikirləri çatdıracağıq.
Hazırda Füzuli rayonunun Qayıdış qəsəbəsində yaşayan Asif Kazımov böyük qayıdış gününü səbirsizliklə gözləyir.
27 il əvvəl Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndindən çıxan Asif dayı yenidən doğma kəndində öz evində yaşamaq istəyir.
Birinci Qarabağ savaşının iştirakçısı, qazi Şükran Əhmədli də Aşağı Seyidəhmədli kəndinə qayıdışı gözləyənlərdən biridir.
İllər əvvəl öz doğma yurdlarından didərgin düşmüş şəxslər arasında işğaldan azad edilmiş torpaqlara səfər edənlər də var.
Onlar media turlar zamanı jurnalistlərlə və rəsmi şəxslərlə hələki şahid qismində öz doğma torpaqlarına ayaq basa biliblər.
Həmin şəxslərdən biri Xocavənd rayon Tuğ kənd sakini olan Nizami Hüseynovdur. İllər sonra doğulduğu kəndə qayıdan Nizami Hüseynov ata yurdunu, əmilərinin və qohumlarının evini ziyarət edib. Nizami Hüseynov ömrünün qalan hissəsini ata yurdunda keçirmək istədiyini deyir.
Axullu Kənd sakini Namiq Hüseynov da işğaldan azad edilmiş torpaqlara səfər edən xoşbəxt sakinlərdən biridir. Namiq Hüseynov və ailəsi ermənilər tərfindən kəndlərindən məcburi çıxarılanlardan biridir. Qarabağ ətrafında başlayan erməni təxribatları zamanı hücuma məruz qalan Namiq Hüseynov illərdir özünə verdiyi sözü tutmağın xoşbəxtliyini də yaşayır. Deyir ki, ermənilər onu Edilli kəndində döyərək ağır xəsarət yetirmişdilər. O da niyyət edib ki, nə zamansa Xocavəndə qayıtsa illər öncə qanı töküldüyü torpağı diz çökərək öpəcək.
Axullu kəndindən olan Abbas kişi də öz doğma kəndini görənlərdəndir. Amma heç də geri qayıtmaq istəmir. Deyir ki, indi də kəndində qala bilər.
Abbas kişi söyləyir ki, qaz, işıq olmasa da kəndində qala bilər. Onun dövlətdən ev tələbi də yoxdur. Söyləyir ki, günü bu gün ata evini yenidən tikmək üçün səbirsizlənir.
Qayıdış gününün həsrətində olanlardan biri də Ağdam rayon, İsmayılbəyli kənd sakini İlham Həsənovdur.
Birinci Qarabağ savaşının iştirakçısı, Xətai Rayon Qazilər Birliyinin sədri olan İlham Həsənov nəvələri ilə birlikdə Ağdama qayıdacağı günü gözləyir.
“Yeni Müsavat” reportyor qrupu