22 Dekabr 2024

Bərdənin Mustafaağalı kəndində şəhid bulağının açılşı olub- FOTO VİDEO

Bərdə rayonunun Mustafaağalı kəndində 7 şəhidin xatirəsinə ehtiram olaraq inşası başa çatdırılmış bulağın açılışı olub.

Mustafaağalı kəndinə həmişə həm də Boyəhmədli deyilib.Kənd sayılan, seçilən  adamları ilə məşhur olub. Əliş ağa, Qazanpapaq Məhəmməd, Qazı kişi, Bığ Calal, Bərdə rayonuna rəhbərlik etmiş, İcra Hakimiyyətinin keçmiş başçısı , Yeni Azərbaycan Partiyasının qurucularından biri  Azay Abdıyev, sovet dövründə Sosialist Əməyi Qəhrəmanı olmuş, SSRİ xalq deputatı  Qulam Cavadov, müəllimliyi ilə nüfuz sahibi olmuş Yaqub Hüseynov  kimi oğulları kəndi ləyaqətlə təmsil ediblər.

Milli Azadlıq Hərəkatı başlayanda  Boyəhmədlilər də müstəqilliyimiz uğrunda həyatlarını riskə ataraq cəsarətlə mübarizəyə qoşulublar. Xüsusilə bu yolun yolçusu olmuş Qaryağdı müəllimi, Zahid Ziyadovu,Hafis Alıyevi, Rüstəm Mustafayevi, Rövşən Orucovu  qeyd eləmək yerinə düşərdi. Qaryağdı Musayev  müəllim idi.  Mustafaağalı məktəbində dərs deyirdi. Həm də gənclərin yeni düşüncəyə sahib olmasına görə çalışırdı. Tam əminliklə demək olar ki, gələcəkdə onların fəaliyyəti əsrin əvvəlindəki Difai milli müdafiə təşkilatı ilə  müqayisə olunacaq. Necə ki, Difai adlı təşkilatı yaradan, ona qoşulan qeyrətli Azərbaycan oğulları vətəni, xalqı erməni rus birləşmələrindən qorumağı qarşıya məqsəd qoymuşdular.

Bu gün də vətən uğrunda canından keçməyi Mustafaağalı kəndinin 7 şəhidi seçmiş oldu. İnanmaq olar ki, indi onların ruhu şaddır. Necə ki, 30 ildən sonra yağı düşmənə layiq olduqları  cavab verildi.Torpaqlarımız işğaldan azad edildi.

Kəndin mərkəzində inşa olunan şəhid bulağında da şəhidlərin hamısına yer ayrılıb. Tək ikinci Qarabağ müharibəsinin şəhidləri deyil, əvvəldən torpaq uğrunda şəhid olanlar da diqqətdən kənarda qalmayıblar.

İndi onlar qədirbilən xalqımızın qəlbindədir. Şəhidlərin xatirəsi daim ehtiramla yad edilir. Orxan , Elxan, Behbud qardaşlarının qurub,yaratdıqları şəhidlər bulağı da həmin ehtiramın nümunəsidir.  

Mustafaağalı kəndindəki şəhidlər bulağının İsmayıl Seyidov tərəfindən inşa olunması, xatirə ünvanına çevrilməsi də məhz vətənpərvərlik nümunəsi adlandırmaq olar. Açılış günü kənd sakinləri də elliklə bir yerə yığışıb, Şəhid valideyinləri ilə birgə onların əziz xatirəsini yad ediblər.

Öncə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Qəhrəman Zeynalov 7 şəhidin hər biri haqqında qısa məlumat verib. Qeyd edib ki, bulağın üzərində şəhidlərin şəkilləri sıralanarkən onların şəhid olduqları illər ardığcıllıqla aparılıb. Mustafaağalı kəndinin ilk şəhidi Göyüş Qarayev olub. Ardınca  Mübariz Muradov, 6 günlük aprel döyüşlərində Səbuhi Musayev, son 44 günlük vətən müharibəsində Behbud Behbudlu, Calal Calalzadə, Asəf Əsgərov, Fəqan Ziyadov şəhid olublar.

Sonra Qarabağ Müharibəsi Əlilləri , Veteranları , Şəhid Ailələri İB-nin Bərdə rayon şöbəsinin sədri, Şəhid valideyinləri- İlqar Əsgərov, Səlmət Qarayeva, Bərdə qəzetinin müxbiri Şükufə Əliyeva, şəhid Göyüş Qarayev adına  Mustafaağalı Tam Orta Məktəbin direktoru Aliyə Məmmədova, müəllimi Mahir Quliyev şəhidlərin əziz xatirəsini anmaqla bulağın inşasını həyata keçirmiş İsmayıl Seyidova minnətdarlıqlarını bildiriblər.