Ətin qiyməti niyə bahalaşır?
Diri qoyun idxalı kəskin artır, amma ölkədə baş sayı azalır
Azərbaycanda mal və qoyun ətinin qiymətində yenidən bahalaşma qeydə alınıb. Azərbaycanın bölgələrində ətin bir kiloqramının 12-13 manatdan 14-15 manata qalxdığı xəbərləri var. “Xəzərxəbər” xəbər verir ki, Cəlilabaddakı satıcılar bildirirlər ki, bir neçə gündür bazarda mal və quzu ətinin qiymətində 1-2 manat artım olub. Səbəb isə diri çəkidə aldıqları mal-qaranın baha olmasıdır.
Tovuzda isə yalnız xırdabuynuzlu heyvanların ətinin satış qiymətində bahalaşma müşahidə olunur. Əvvəlki qiymətə nisbətən bir kiloqram quzu ətinin qiymətində 2-3 manat artım var. Satıcılar mövcud vəziyyəti təsərrüfat sahiblərinin diri heyvanı baha satması ilə əlaqələndirirlər. Bənzər mənzərə Bərdədə də müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda heyvanların azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı satışa da ciddi təsir göstərib. Bildirilir ki, qiymət artımı tələbatın azalmasına səbəb olub.
Xatırladaq ki, yanvarın ilk ongünlüyündə paytaxt bazarlarında dana ətinin 1 kiloqramı 15-16, quzu ətinin kilosu isə 19-20 manata satılırdı. Həmin vaxt satıcılar bu halın müvəqqəti xarakter daşıdığını bildirirdilər. Onlar qeyd ediblər ki, bayramdan sonra rayonlardan Bakıya diri heyvanların gətirilməsi qaydaya düşəndən sonra ətin qiyməti yenidən ucuzlaşacaq. Həqiqətən də 1-2 həftə sonra bazarlarda mal və qoyun(quzu) ətinin qiymətində müəyyən azalma baş verdi. Lakin üstündən ay keçmiş yenidən qiymətlərdə 1-2 manatlıq bahalaşma müşahidə olunur. Və ətin satıcıları diri heyvanların bahalaşdığını deyir, qiyməti qaldırmalarını bununla əsaslandırırlar. Bizim rayonlardan aldığımız məlumat isə satıcıların dediklərinin reallığı əks etdirmədiyini göstərir. Bir neçə rayonda iri heyvan təsərrüfatı sahibləri ilə söhbətdən məlum olud ki, diri heyvanların qiymətində sonuncu dəfə ötən ilin oktyabr-noyabrında artım olub. Ondan bəri hələlik kəsimə verilən diri heyvanların qiyməti artırılmayıb. Heyvandarlar bildirirlər ki, hökumət yem və yem əlavələrinin idxalını ƏDV-dən azad etməsə, onlar martın əvvəli üçün artıma getməli olacaqlar, çünki hamısı xaricdən idxal olunan qüvvətli yem və yem əlavələrinin dəyərindəki dəyişiklik onlara təsir etməyə başlayacaq.
Xatırladaq ki, Azərbaycanda ərzaq bazarını Ukraynada başlayan müharibənin qlobal bazarlara təsirindən qorumaq üçün 2022-ci ildə hökumət bir sıra addımlar atıb. 2022-ci ilin may ayından Nazirlər Kabinetinin qərarı ilə yem və yem əlavələrinin idxalı gömrük rüsumundan azad edilib. Nazirlər Kabinetinin 30 iyun tarixli “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nın təsdiq olunmasına dair qərarına əsasən 72 növdə yem və yem əlavələrinin satışı əlavə dəyər vergisindən azad olunub.
İyulda isə Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli Fərmanının ləğv edilməsi barədə” fərman imzalayıb. Bu Fərmanla quşçuluq və heyvandarlıq sahələrində istifadə olunan əsas yem məhsullarıın idxalı da ƏDV-dən azad edilib.
Prezidentin Fərmanına əsasən yemlərin idxalının ƏDV-dən azad olunması müddəti 1 yanvar 2023-cü ilə qədər, yem və yem əlavələrinin idxalının gömrük rüsumlarından azad olunması müddəti isə 31 dekabr 2022-ci il tarixədək müəyyən edilmişdi. Nazirlər Kabineti fevralın 7-də yem və yem əlavələrinin idxalını 2023-cü ilin sonunadək gömrük rüsumundan azad edən qərar qəbul edib. Heyvandarlar və quşçular bu məhsulların idxalının ƏDV-dən azad olunması müddətinin də artırılmasını hökumətdən xahiş ediblər.
Hökumətin rəsmi açıqlamasına əsasən hazırda yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70 faizə yaxın, mal əti və süd istehsalı üzrə isə 70 faizdən çox təşkil edir. Buna görə də yem və yem əlavələrinin idxalının 18 faizlik ƏDV-dən azad olunmasının bazara çıxarılan son məhsulun qiymətinə əhəmiyyətli təsiri mümkündür. Məsələn, 2021-ci ildə xaricdən 54 milyon 7603,86 min dollar dəyərində 94261,27 ton, 2022-ci ildə isə 66 milyon 289,53 min dollar dəyərində 104757,18 ton soya yağının ekstraksiyası nəticəsində alınan cecələr və digər bərk tullantılar idxal edilib. Bu idxalın ƏDV-dən azad olunması heyvandar və quşçuların13 milyon dollara yaxın əlavə xərcdən azad olunması deməkdir. Bura qarğıdalı, günəbaxan cecesi, arpa və buğda kəpəyi, yem əlavələrinin dəyərini də əlavə etdikdə, 2022-ci ildə dövlətin heyvandar və quşçulara idxalın ƏDV-dən azad olunması yolu ilə 25-30 milyon dollara yaxın güzəşt tətbiq etdiyini söyləyə bilərik. Bu həcmdə xərcin yenidən artması aydın məsələdir ki, qiymətlərə təsirsiz ötüşməyəcək.
Ötən il hökumətin atdığı addımlar, həmçinin dünya ərzaq bazarında may ayından başlayan ucuzlaşmanın təsiri ilə oktyabr ayından quşçuluq məhsullarının qiymətində ucuzlaşma qeydə alındı. Quşçuluq təsərrüfatları quş ətinin qiymətində 1-1,5 manata yaxın endirimə getdilər. Lakin mal və qoyun ətində tamam əks proses qeydə alındı, qiymətlər artırıldı.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 10 milyard 984,2 milyon manat təşkil edib ki, onun da 5 milyard 446,2 milyon manatı heyvandarlıq, 5 milyard 538,0 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.
2021-ci illə müqayisədə kənd təsərrüfatının istehsalı 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,4 faiz, bitkiçilik məhsulları üzrə isə 3,3 faiz artıb.
Rəsmi statistika onu da deyir ki, 2021-ci illə müqayisədə 2022-ci ildə diri çəkidə ət istehsalı 3,0 faiz artaraq 628,0 min ton, süd istehsalı 1,9 faiz artaraq 2264,7 min ton, yumurta istehsalı 9,8 faiz artaraq 2018,1 milyon ədəd təşkil edib.
Azərbaycanda mal və qoyun əti istehsalında diri heyvan idxalı mühüm paya malikdir. Çoxsaylı təsərrüfatlar əsasən Gürcüstan, Rusiya və Ukraynadan diri heyvanı alıb gətirərək, onları müəyyən müddətdə kökəldir və kəsimə verirlər. Rəsmi statistikadan aydın olur ki, 2022-ci ildə ölkəyə kəsim üçün 41 min 997 baş diri iribuynuzlu heyvan idxal olunub ki, bu da 2021-ci ildəkindən 4071 baş, yaxud 8,8 faiz azdır. 2021-ci ildə diri iribuynuzlu heyvanların 1667 başı Rusiyadan, 5145 başı Ukraynadan, 38176 başı Gürcüstandan gətirilmişdisə, 2022-ci ildə məlum səbəbdən Ukraynadan idxal olmyaıb, 39648 başı Gürcüstandan, 2239 başı Rusiyadan alınıb.
Çox maraqlıdır ki, ötən il Azərbaycana 194 min 562 baş, yəni əvvəlki ildəkindən 76988 baş və ya 65,5 faiz çox qoyun gətirilib. 2021-ci ildə qoyunların 44555 başı Rusiyadan, 65314 başı Gürcüstandan, 5495 başı Qazaxıstandan, 2200 başı Türkiyədən, 2022-ci ildə isə 16523 başı Rusiyadan, 175914 başı Gürcüstandan, 2037 başı Türkiyədən alınıb. Bu zaman əsas bazarımız olan Gürcüstandan 1 qoyunu 77,8 dollara almışıq. Halbuki 2021-ci ildə idxal etdiyimiz hər qoyuna görə gürcülərə 88,6 dollar ödəmişdik.
2021-ci ildə iribuynuzlu heyvanın 1 başını Gürcüstandan 461,8 dollara, 2022-ci ildə isə 591,3 dollara almışıq. Bu, bir heyvanda 130 dollara yaxın bahalaşma deməkdir. Lakin dövlətin yem və yem əlavələrinin idxalına tətbiq etdiyi güzəştlər bu bahalaşmanı kompensasiya etməyə imkan verir.
Ötən il ölkədə qoyun və keçi sayı azalıb, iribuynuzlu heyvan sayı isə artıb. İlkin məlumatlara görə, 2023-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 7772,1 min baş qoyun və keçi (2022-ci ilin 1 yanvarına 7 899,7), 2628,6 min baş iribuynuzlu mal-qara, o cümlədən 1288,7 min baş inək və camış (2022-ci ilin eyni dövründə 1 288 min baş) mövcud olub.
Firdovsi Fikrətzadəv
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadənin sözlərinə görə, son illərdə Azərbaycanda cins heyvanların sayı artır: “İntensiv heyvandarlıq modeli getdikcə genişlənir. Bu, həm cins heyvan idxalı hesabına baş verir, həm də ölkədə süni mayalanmanın genişləndirilməsi nəticəsində. Hər il süni mayalanma yolu ilə 80-100 min baş yerli cinslərdən daha məhsuldar heyvan əldə olunur. Bu, ölkə üzrə ümumi iribuynuzlu heyvanların 4-5 faizi civarında cins yenilənməsi deməkdir. İnsanlar 2-3 baş gündə 4-5 litr süd verən heyvandansa, 1 baş 15 litr süd verən heyvanı saxlamağa daha çox üstünlük verirlər. Bunun nəticəsində məhsuldar cinslərin sayı artdıqca, qeyri-məhsuldar heyvanların sayı azalır və bu proses davamlı olacaq. İşğaldan azad olunmuş torpaqlarda intensiv təsərrüfatların qurulması nəticəsində ölkədə ət istehsalının daha sürətli artımı baş verəcək”.
Qeyd edək ki, son illərdə ölkəyə cins iribuynuzlu heyvan idxalında davamlı və ciddi artım qeydə alınmaqdadır. Əgər 2021-ci ildə 5190 baş belə heyvan gətirilibsə, 2022-ci ildə bu say 7881 başa yüksəlib. Bu, əlbəttə, arzuolunan dinamika demək deyil: su və torpaq resursları məhdud olan Azərbaycan kimi ölkədə heyvandarlıq sahəsinin tam intensiv modelə ən qısa müddətdə keçməsi mühüm şərtdir.