Rusiya Xankəndidə qiyam, yoxsa antiterror təşkil etmək istəyir? – Laçın yolunda sülhməramlıların maşınını yoxlamaq təklifi
Xankəndi və Xocalıda Azərbaycanın hərbi-polis qüvvələrinin yerləşdirilməsi təmin edilə bilər; partiya sədri: “Prioritet məsələlərdən biri isə ermənilərin istifadə etdiyi alternativ gizli yola nəzarətin əldə edilməsi olmalıdır”
Xankəndinə “desant” kimi atılmış Rusiya milyarderi Ruben Vardanyandan Kreml hazırda oyuncaq kimi istifadə edir. Bəllidir ki, Azərbaycan tərəfi Vardanyan kimi təlimatlandırılmış adamla heç bir halda müzakirələr aparmayacağını, bir masa arxasında əyləşməyəcəyini bildirib. Qarabağa heç bir aidiyyəti olmayan, Qarabağda heç zaman yaşamayan Vardanyanın Xankəndinə hansı məqsədlə göndərilməsi də sirr deyil. Rusiya Xankəndidə suların tezliklə durulmasını, Qarabağ ermənilərinin Azərbaycanın qanunları ilə yaşamağa başlamasını yubatmaq üçün Vardanyandan təxribat generatoru kimi istifadə edir. Faktiki olaraq onun gəlişindən sonra Qarabağ erməniləri arasında təfriqə yaranıb, bir hissəsini şirnikləndirərək Vardanyanın çetesinə çeviriblər. O da şübhəsizdir ki, Rusiya Vardanyanı separatçı rejimin rəhbəri etməklə, burada öz əlaltısının vasitəsilə bildiyini etmək niyyətindədir. Vardanyan ötən həftə Moskvaya qaçırıldı və yeni təlimatlarla geri göndərildi. Bəli, məhz qaçırıldı! Çünki Vardanyan sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz yolla soxulub.
Bəllidir ki, artıq üçüncü aydır azərbaycanlı fəallar Laçın koridorundan qanunsuz gediş-gəlişin, yükdaşımaların və ekoloji talanın qarşısını almaq üçün orada aksiya keçirirlər. Ərazidən yalnız xəstələrin daşınması razılığı var. Ancaq bəlli olan odur ki, sülhməramlı kontingentin komandanlığının maşınlarında Araik Arutyunyanı, Ruben Vardanyanı da qanunsuz olaraq İrəvana aparıb-gətirirlər! Bu fakt artıq təsdiqini tapıb. Moskva bununla açıq-aşkar Azərbaycana hörmətsizlik nümayiş etdirir. Sülhməramlıların komandanı Vardanyanı İrəvana özbaşına – Moskva ilə məsləhətləşməmiş öz maşınında keçirə bilməz. Bu, artıq sülhməramlılara qarşı etimadsızlıq yaradır, bunun qarşılığında mümkündür ki, Laçın yolunda aksiya keçirən azərbaycanlılar buradan keçən sülhməramlı maşınlarını da yoxlamaq tələbini irəli sürsünlər.
Bütün hallarda bu cür davranışlar birgəyaşayış, erməni əhali ilə anlaşma məsələsində açıq-aşkar təxribatdır və hətta belə ehtimallar da var ki, Rusiya Xankəndidə ya antiterror əməliyyatlarına başlamaq üçün zəmin yaradır, yaxud da qruplaşmalara bölünmüş erməni əhali arasında qiyam, iğtişaş hazırlayır.
Belə vəziyyətdə Azərbaycan Xankəndidə, sülhməramlıların nəzarətində olan digər ərazilərdə vəziyyəti kontrola almaq üçün hansı addımları atmalıdır? Hər halda, qeyri-müəyyənlik sonsuzadək davam edə bilməz. Biz dərhal ermənilər yaşayan ərazilərdə vəziyyəti stabilləşdirməyə, onların Azərbaycan qanunları ilə yaşamasına nail olmasaq, sülhməramlıların 2025-ci ildən sonra da bölgədə qalmaq üçün oynadıqları Vardanyan oyunu acı nəticələrini verə bilər.
Və əsas sual – nədən başlamalıyıq, nə etməliyik?
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Araik Arutyunyanın və ya Ruben Vardanyanın bu şəkildə ərazidən çıxıb, sonra qayıtmasının məsuliyyəti Rusiya rəhbərliyinin üzərinə düşür və üçtərəfli razılaşmaların şərtlərinə uyğun gəlmir: “Azərbaycan ilk növbədə məsələnin bu tərəfini Rusiyanın diqqətinə çatdırmalı, bu və buna oxşar hallar təkrar olunarsa, sülhməramlı deyilən hərbi kontingentin regiondan dərhal çıxarılmasına nail olmalıdır. Cinayətkarları öz maşınında gizlədərək o tərəf-bu tərəfə aparan hərbi komandır onların cinayətinə şərik çıxır. Azərbaycan həm də ictimai fəalların aksiyası çərçivəsində nəzarət-yoxlama işlərini genişləndirməli, hər bir maşını diqqətlə yoxlamalıdır. Bunlar bu gün üçün məqbul sayıla bilər, amma geniş mənada bütün ərazilərə tam və səmərəli təsir imkanlarını nəzərdən keçirməliyik. Azərbaycan “yumşaq güc” tətbiq etməklə strateji əhəmiyyətli mövqeləri nəzarətə götürməlidir. Bu istiqamətdə ilk addım Laçın dəhlizində rəsmi nəzarət-buraxılış məntəqəsinin qurulması ola bilər. Sonra isə Xankəndi və Xocalıda Azərbaycanın hərbi-polis qüvvələrinin yerləşdirilməsi təmin edilməlidir”.
Həmsöhbətimiz hesab edir ki, prioritet məsələlərdən biri isə ermənilərin istifadə etdiyi alternativ gizli yola nəzarətin əldə edilməsi olmalıdır. Azərbaycan bu məsələni də qəti şəkildə qoymalıdır. Bu məsələlərdə təbii ki, vasitəçi tərəf kimi Rusiyanın və onun sülhməramlı kontingentinin üzərinə böyük məsuliyyət düşür.
Ruben Vardanyan
BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı isə bildirdi ki, Ruben Vardanyanın Moskvaya yeni təlimatlar, tapşırıqlar verilməsi üçün aparıldığı, təlimatlandırılıb geri göndərildiyi şübhəsizdir: “Bu gün Xankəndində həm Araiki, həm də Vardanyanı Rusiya sülhməramlıları qoruyur, onlara himayədarlıq edir. Təbii ki, bütün bunlar birbaşa Vladimir Putinin tapşırığı, göstərişi ilə baş verir. Azərbaycan məkrli planları pozmaq üçün hərəkətə keçməlidir. Məncə, artıq Azərbaycan ekofəallarının Laçın yolunda keçirdiyi aksiya dayandırılmalıdır. Çünki aksiyanın məqsədi erməni vəhşiliyini dünyanın diqqətinə çatdırmaq idi və buna da nail olundu. Digər tərəfdən, Xankəndinə bir yox, iki istiqamətdən gediş-gəliş var. Həmin yola da sülhməramlılar nəzarət edir. Araikin və Vardanyanın istənilən vaxt gedib-gəlməsini sülhməramlılar təşkil edir. Aldıqları tapşırığa uyğun olaraq. 2020-ci ilin 10 noyabr üçtərəfli bəyannaməsinin bir sıra bəndləri hələ də icra olunmur.
Niyaməddin Orduxanlı
Bununla bağlı Azərbaycanın Prezidenti İlham Əliyev də, Azərbaycan ictimaiyyəti də kəskin etirazını bildirib. Rusiya sülhməramlı qüvvələri birtərəfli fəaliyyətlə məşğul ola bilməz və bu, yolverilməzdir. Unutmamalıdırlar ki, Azərbaycan 1992-ci ildə BMT-yə üzv qəbul olunanda Xankəndi də Azərbaycan ərazisi olaraq qəbul edilib. Odur ki, biz öz suverenliyimizin həmin ərazimizdə də tam bərpası üçün istənilən zamanda antiterror əməliyyatını apara bilərik. Laçın yolunda aksiyanı dayandırıb antiterror əməliyyatı başlanıla bilər. Necə ki, 44 günlük Vətən müharibəsində bunu etdik. Ancaq düşünürəm ki, Prezident İlham Əliyev Rusiya ilə bu istiqamətdə danışıqlar aparır. Bu gün üçün ən düzgün yanaşma budur. Biz bütün danışıqları, müzakirələri Rusiya ilə aparmalıyıq və anlaşmalıyıq. Putinin Vardanyanla bağlı həyata keçirdiyi plan isə ortadadır. Putin Ermənistanda Paşinyanı devirmək üçün milyarder Vardanyandan istifadə etmək istəyir. Putin Gürcüstanda Saakaşvilini bu yolla hakimiyyətdən devirdi. Ermənistanda olan qərbpərəst elektoratı pulla öz tərəflərinə çəkmək istəyirlər. Azərbaycanın Xankəndidə antiterror əməliyyatına başlamamışdan qabaq Putinin neytrallığını təmin etməsi çox vacibdir. Bu, təmin edildikdən sonra biz əməliyyata başlasaq, Qərb və Amerika ermənilərin yanında olacaq. Təəssüf ki, bu məsələdə beynəlxalq hüquq yox, xristianlıq, güclü erməni diasporu Amerika üçün ön sırada olur”.