Külək alovu yanğına çevirdi: fermada 120 baş ətlik xırda buynuzlu heyvan məhv oldu
Gün ərzində mövcud küləkli hava şəraiti Bərdə rayonunun Mustafaağalı kəndində qoyun fermasının yanmasına səbəb olub.
Media1.az xəbər verir ki, yaxınlıqdakı dren kanalın içərisindəki qamış örtüyünə naməlum şəxs od vurub. Küləkli hava şəraiti olduğundan alov sürətlə yayılmağa başlayıb. Qısa müddətdə alov Kanala yaxın ərazidə yerləşən qoyun ferması ağuşuna alıb.
Bildirildiyinə görə ferma sahibi Ələddin adlı şəxs həmin vaxt fermada olmayıb. Hərbi xidmətdə olan oğlunun and içməsində iştirak edirmiş.Fermada olan onun iki oğlundan biri tövlənin qapısını açmaq istəyərkən alov qarsıb. Yüngül xəsarət aldığı bildirilir.
Ferma sahibinin deməyinə görə tövlədə bəslədiyi 120 baş xırda buynuzlu ətlik heyvanın hamısı yanaraq tələf olub.
Faktla bağlı Bərdə RPŞ araşdırma aparır.