26 Dekabr 2024

Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub

“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.” Dövlət başçısı İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə böyük əminliklə söylədiyi bu fikirləri şərtləndirən amillər aydındır. Bu ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyətinin Qərbi Azərbaycan İcmasına çevrildiyini, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icmasının artıq öz torpaqlarına qayıtdığını önə çəkən cənab İlham Əliyev onu da əlavə etdi ki, xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda, uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil.

İki ildən artıqdır tarixi Zəfərimizin sevincini yaşayırıq. 30 il torpaqlarımız işğal altında olsa da bir gün belə inamımızı itirmədik. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti, Prezidentimizin siyasi iradəsi, birliyimiz, həmrəyliyimiz sayəsində torpaqlarımızın işğaldan azad edilməsinə, ərazi bütövlüyümüzün bərpasına nail olacağıq. Cənab İlham Əliyev çıxışında inam faktorunun rolunu xüsusi qeyd etdi.

Bu reallıq daim önə çəkilir ki, keçmişini unutmayan, bu günü ilə qürur duyan və gələcəyə böyük inamla addımlayan xalq tarixin bütün sınaqlarından şərəflə çıxır. Azərbaycan xalqı əsrlər boyu öz hüquqlarını qorumaq, tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərib. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir.

Azərbaycan xalqı tarixinə, torpaqlarına sahib çıxan, daim fədakarlıq göstərən xalq kimi tanınıb. 44 günlük İkinci Qarabağ müharibəsi xalqımızın yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirdi. Bu gün Böyük Qayıdış proqramının uğurlu icrasından danışırıq. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, bu torpaqlarımız cənnət məkana çevrilir.

Qərbi Azərbaycan tarixi torpağımızdır. Bunu tarixi sənədlər, tarixi xəritələr, tariximiz təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər. Azərbaycanlıların tarixi irsini silmək istəsələr də buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bugünümüzün əsas tələbi, vəzifəmiz  ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilməlidir. Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının qarşısında dayanan vəzifələri açıqladı.

Belə bir əminlik ifadə edildi ki, bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mərkəz rolunu oynayacaq.

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri