23 Dekabr 2024

Müsəlmanın Allahı başqa, xristianınkı başqadır?

Hacı Şahin Həsənli Roma papasının açıqlamasından danışdı

Ötən bazar Roma papası Fransisk  Laçın dəhlizindəki vəziyyətdən narahat olduğunu bildirib. “Mən insanların qış mövsümündə daha da çətin təhlükələr yaradan ağır humanitar vəziyyətindən narahatam”, – deyə Fransisk bildirib.

Təəccüblü deyil. Biz Qərbin, onun siyasi dairələrinin Türk-müsəlmanlara qarşı “ikili standartları”na çoxdan öyrəşmişik. Bircə Papa qalmışdı, o da belə.  Əslində o,  Xocalıya görə bəyanat verməlidir, Birinci  Qarabağ müharibəsində itkin düşən 4 mindən çox vətəndaşımızın taleyinə aydınlıq gətirilməsini tələb etməlidir. Beləcə, Qərbin keşişi də, siyasətçisi də ikiüzlü, riyakardır. Halal torplaqlarımızdakı özbaşınalıqlara sivil qaydada etdiyimiz etirazları belə görməzdən gələrək saxta bəyanatlar verirlər.

İndi aydın olur ki, 44 günlük Vətən müharibəsində Xankəndinə girib iki güllə atmış olsaydıq, bunlar bizi soyqırımda ittiham edib müharibə qatili kimi qələmə, eyni zamanda Haaqa Məhkəməsinə verərdilər. Bunların ədalət dediyi şey özlərinin iyrənc və cılız maraqlarıdır.

İndi Roma papası da allahsızlıq edirsə, simasız və faşist erməni katolikoslarını qınamağa dəyərmi? Axı müsəlmanlara gələndə Qərb niyə haqqı dərhal unudur? Yoxsa xristianın Allahı başqa, müsəlmanınkı başqadır?

Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunədir - Hacı Şahin  Həsənli

 Şahin Həsənli

Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, ilahiyyatçı Şahin Həsənli “Yeni Müsavat”a bəyanatla tanış olduğunu və çox böyük təəssüf hissi keçirdiyini dedi: “Azərbaycan münaqişənin ilk günlərindən bu savaşa dini rəng verə bilərdi, amma heç zaman bunu etmədi. Çünki həm bu münaqişənin mahiyyəti dini deyil, həm də din adına savaş aparmaq qloballaşan dünya üçün olduqca təhlükəlidir. Azərbaycan hər zaman öz açıq düşüncəsi, dinlərarası dialoqa sədaqəti və tolerantlığı ilə seçilib. Heç zaman yardım və dəstək mövzusunda dini mənsubiyyəti ön plana çəkməmişik. Ona görə də, belə yanaşmalar bizdə təəssüf yaradır.

Allaha bağlılıq həqiqətə bağlılıqdır, həqiqət kimin tərəfindədirsə, Allah da onunladır. Vətəndaş cəmiyyətimizin təmsilçiləri sərt qış şəraitində, yollarda dinc aksiya keçirirlər. Nə kiməsə güllə atır, nə kimisə təhdid edirlər. Humanitar problemlərin yaranmamasına dair də Azərbaycan hökuməti zəmanət verib, hərçənd bunu etmək məcburiyyətində deyildi. İctimaiyyətimiz birlik nümayiş etdirərək haqq-ədalət tələb edir. Özü də ən ağır şəraitdə. Bu əzmi və rəşadəti dəyərləndirməmək olmaz. İndi də bu insanları ölkəmizin təbii sərvətlərini talan edən, torpaqlarımızı işğalda saxlayan, elə yaxın tarixdə ən ağır hərbi cinayətlərə əl atan və hələ də cəzasız qalanlarla eyniləşdirmək haqq-ədalətdən deyil. Din xadimləri sülh və barışa çağırmalıdırlar, amma tərəflərdən biri heç cür sülhə razılaşmırsa, işğalçılığa davam edirsə, bu zaman sülhsevərlik aqressora təpki göstərməyi tələb edir. Biz isə heç zaman Ermənistana qarşı belə bir təpki görmədik”.

QMİ rəsmisi əlavə edib ki, bununla həm də Qərbin liberal dəyərlər barədə boğazdan yuxarı sözlərinin puçluğunu görürük: “Dini rəngi olmayan bir savaşda dini təəssübkeşlik mövqeyindən çıxış etmək hansı sivil dəyərlərə sığır? İşğalçılıq pisdirsə, onu hər yerdə qınamaq gərəkdir. Yox, bəzi ölkələrə qarşı yolverilməz, bəzi ölkələr üçün labüddürsə, onda meyarları açıq-aydın bəyan etsinlər. Zatən davranışları ilə bəyan edirlər. Ən azından bütün dəyərlər tapdaq altına atılan bir zaman bir dəstə gəncin sülh naminə dinc aksiya keçirməsinə dəstək olmaq gərəkdir. Bu dəstək göstərilmirsə, deməli bəyan olunan bütün dəyərlər saxtadır, hegemonluq üçün aldatma vasitəsidir. Bu gün insanlığın mənəvi birliyə və dəyərlərə ən çox ehtiyac duyduğu zaman, dini təfriqəyə səbəb olacaq addımlardan çəkinmək gərəkdir. Azərbaycan xalqı onsuz da öz haqqına sahib olacaq və regionda sülhü bərpa edəcək, amma haqsızlıqdan dolayı aldığı yaralar sağalmayacaq. Biz çox istərdik ki, səlib yürüşləri xatirələrdə uzaq tarixi keçmiş kimi qalsın, amma sanki qəsdən həmin xatirələri təzələyirlər.”

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu 

Dini mövzular üzrə ixtisaslaşmış ekspert Kənan Rövşənoğlu da dedi ki, bu, erməni kilsəsi və lobbisinin fəaliyyətidir: “Roma papasının əlbəttə, Laçın dəhlizində keçirilən aksiyadan xəbəri yoxdur. Adətən bu kimi məsələləri ona hazır konspekt kimi təqdim edirlər. O isə həftəlik müraciətində planetdə baş verən hadisələrə Vatikanın mövqeyindən münasibət bildirir. Burada əsas məsələ odur ki, erməni lobbisinin İtaliyada əlaqələri var. Vatikana çıxışı var. Əlbəttə, Azərbaycanın da Vatikanla ciddi əlaqələri, dostluq münasibətləri var. Bu cür hadisələrlə bağlı Azərbaycanın müvafiq dini və diplomatik qurumları, ya da o istiqamətdə çalışan başqa qurumlar işləməlidir. Əlbəttə, Papa xristian dünyasının ruhani liderlərindən biridir, katoliklərin müqəddəs rəhbəridir. Biz müsəlmanlardan həmrəylik gözlədiyimiz kimi, xristianların da Papadan dəstək istəməsi normaldır. Amma dediyim kimi, bu cür ali dini qurumlar məqsədli qərəzli fəaliyyət aparmırlar. Xüsusən də xristianlara və digər fərqli inanclara tolerant ölkə olan Azərbaycana qarşı Vatikanın məqsədli qərəzli olduğunu düşünmürəm. Nəzərə almaq lazımdır ki, Bakıda Papanın təmsilçisi və katolik kilsəsi də var”.