Şagirdləri koronadan necə qoruyaq, məktəblər yenə bağlansınmı? – təkliflər
Məktəblər açılar-açılmaz valideynləri yenidən korona həyəcanı bürüyüb. Virusa yoluxma təhlükəsinə görə bəziləri övladını məktəbə aparmaqdan imtina edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 182 018 şagirddən 1106 nəfərin valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb.
Bu arada Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti də açıqlayıb. Bildirilib ki, 10 şagirdin hərarəti 37 dərəcədən yuxarı olub. İbtidai siniflərdə oxuyan 2 şagird koronavirusa yoluxub. Virusa yoluxmuş işçi heyətinin sayı isə 7 nəfərdir. Məktəbəqədər hazırlıq qruplarında təhsil alanlar arasında virusa yoluxma qeydə alınmayıb.
Nəzərə alsaq ki, fevralın 8-dən yuxarı sinif şagirdləri üçün də tədris başlayacaq, onda yoluxma sayında artımların olması da gözləniləndir. Yeri gəlmişkən, fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrində, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olmaqla, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla, ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.
Onu da ciddiyə alsaq ki, hələ də koronavirus xəstələrinin küçələrdə, avtobuslarda gəzməsi halları var, o zaman məktəblərdə virusun yenidən artması və yayılması ehtimalı yüksəlir? Bəs nə etməli? Məktəblərin bağlanması daha məqsədəuyğundur, yoxsa başqa bir çarə olmalıdır? Mövzu ilə bağlı ekspertlərin rəyini öyrəndik.
Bizimlə söhbətdə təhsil eksperti Qoşqar Məhərrəmov bildirdi ki, bütün Azərbaycan ərazisində təhsili dayandırmaq mənasızdır: “Çünki həqiqətən Azərbaycanın bəzi yerləri var ki, məktəblərdə heç bir sıxlıq yoxdur, müəllimlər cavandır. Hər hansı bir təhlükə yoxdursa, ümumi bir qərar almağın mənası yoxdur. Fikrimcə, məktəblərin yavaş-yavaş açılmağa başlaması daha önəmli, daha düzgün addımdır, nəinki məktəblərdə təhsilin dayandırılması. Sabitləşmə, lokal qərar alma daha uyğun olacaq. Hansı məktəbdə covid halı yoxdur, müəllim cavandır, şagird sıxlığı yoxdur, sinifdə 10 nəfərlə dərsi keçmək mümkündür, o zaman o məktəblərdə təhsili davam etdirmək lazımdır.
Ümumiyyətlə, bu virus evdə oturduğumuz zaman çıxıb gedəsi deyil. Ona görə də gözləməyin mənası yoxdur. Ümumi bir immunitet qazanmaq daha məntiqli olacaq. Ümumi immunitet qazanmaq üçün də normal həyata qayıtmağımız lazımdır. Başqa çıxış yolu da görmürəm. Amma bu o demək deyil ki, covid həyatımızdan çıxıb gedəcək. Yenə də virusa yoluxma halları olacaq, amma biz bunu norma halına gətirib, həyatımıza davam etməliyik”.
Elçin Süleymanov
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan digər təhsil eksperti Elçin Süleymanov da fikirlərini bildirib: “Təbii ki, məktəblərdə yoluxma hallarının olması gözlənilən idi. Sentyabrda da bu qeyd olunmuşdu. Amma hazırda yoluxma qorxulu həddə deyil. Yoluxanlar içərisində təbii ki, şagirdlər də olur. Bəziləri evdə, bəziləri küçədə virusa yoluxurlar. Bir qismi də ehtimal oluna bilinər ki, məktəblərdə olsun. Amma məktəbə gələn şagirdlərin hərarəti yoxlanılır. Eyni zamanda, məktəblər dezinfeksiya edilir, nəzarət yerindədir. Sentyabrda bir-iki fakt olmuşdu, yəni 400-500 məktəb içərisində bu say çox azdır. Ümid edirəm ki, Təhsil Nazirliyi və məktəblər prosesə nəzarət edəcək. Təbii ki, burda mövcud statistikaya diqqət olunur, təhlil olunur. Əgər gələcəkdə say artarsa, yenidən qərar dəyişə bilər. Hazırda açıqlanan rəqəmlər həyəcan təbili çalmaq üçün əsas vermir. Əsas koronavirusun yayılma mərkəzinin məktəb və müəllim olmamasıdır. Bu da nəzarət edilməlidir. Şagirdlər də, müəllimlər də həm sosial məsafəyə, həm də gigiyenik qaydalara əməl etməlidirlər. Bu məsələdə təbii ki, məktəbə, direktora, müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Yuxarı siniflər, universitetlər də açılınca eyni həssaslıq davam edəcək. Amma düşünürəm ki, idarə oluna bilər. Əsas odur ki, qurumlar öz məsuliyyətini başa düşsün, daha ciddi olsun, bu məsələlərə daha həssaslıqla yanaşsın. Operativ reaksiya göstərərlərsə, düşünürəm ki, prosesi idarə etmək olar. Ümumi statistikanın içərisində məktəblilərin olması təbiidir”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”