22 Dekabr 2024

Azərbaycanla Ermənistan arasında yeni savaş başlayır

Bu dəfə Avropa Məhkəməsində döyüşəcəyik; ekspert: “AİHM-də ciddi iş aparmalıyıq, arxayınlaşmaq olmaz…”

Ermənistan hökuməti Avropa İnsan Haqları Məhkəməsində Azərbaycana qarşı dövlətlərarası iddia qaldırıb. Ermənistan mətbuatı xəbər verir ki, məğlub ölkə Azərbaycanı 44 günlük müharibə və ondan sonrakı dövrdə beynəlxalq konvensiyaları pozmaqda günahlandırır.

Ermənistan hökuməti ölkəmizin ermənilərin yaşayış, toxunulmazlıq, mülkiyyət, şəxsi və ailə həyatı, təhsil və digər bir sıra hüquqlarını pozduğunu, Qarabağ və Ermənistan əhalisinə işgəncə verdiyini və qeyri-insani münasibət göstərdiyini iddia edir. İddiaya müxtəlif “dəlillər” əlavə edilib, habelə hərbi əsirlərin və mülki şəxslərin, Qarabağdan olan qaçqınların, ölən və yaralıların hüquqlarının qorunması məsələlərinə toxunulub.

Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistanın iddiasının perspektivi yoxdur, çünki Azərbaycan heç bir beynəlxalq konvensiyanı pozmayıb: “Azərbaycanın qaldırdığı və irəli sürəcəyi məhkəmə iddialarının isə ciddi perspektivi var. Çünki Azərbaycanın əlində çoxlu sayda dəlillər, Ermənistanın beynəlxalq konvensiyalarını pozduğunu sübuta yetirən çoxsaylı sübutlar var. 44 günlük müharibə dövründə Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın Dağlıq Qarabağdakı münaqişə səbəbi ilə vəsatət qaldırdı. Avropa İnsan Haqları Məhkəməsi isə Məhkəmə Reqlamentinin 39-cu Qaydasına uyğun olaraq Ermənistana müvəqqəti tədbirlərin tətbiqi barədə Azərbaycanın vəsatətini qəbul etdi. Vəsatət ”Ermənistan ərazilərindən və Azərbaycanın işğal olunmuş ərazilərindən Azərbaycanın mülki əhali, yaşayış sahələri, ictimai binaları, qəbiristanlıqlar, digər mülki obyektləri və infrastrukturuna raket və artilleriya atəşlərini dayandırmağı” İrəvana məcbur edilməsi haqqındadır.

Yeganə Hacıyeva

Azərbaycan Məhkəmədən  Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərindəki cinayətkar strukturlara hərbi, siyasi, maliyyə və ya hər hansı digər dəstəyin dayandırılmasını tələb etdi. Bakı AİHM-dən Ermənistanı muzdlu hərbi qüvvələr, silahlar və sözdə könüllü adlanan, əslində muzdlu olan şəxslərin Azərbaycanın suveren ərazilərinə göndərməsini dayandırmağı və Ermənistan vətəndaşlarının və ya xarici vətəndaşların Azərbaycana gəlməsinə dair müraciətlərdən çəkinməsini tələb etdi.

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi müharibə cinayətləri ilə paralel humanitar qanunları pozub.

Ermənistanın sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayətləri, silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normaların və ya müharibə qanunlarını pozmasını bir neçə beynəlxalq insan haqları təşkilatları sənədləşdirib. Məsələn, 44 günlük müharibə dövründə “Amnesty International”ın münaqişə dövründə müharibə cinayətlərinin və insan hüquqları istismarının istintaqı ilə bağlı ofisi Azərbaycanın Kəlbəcər rayonunda monitorinq həyata keçirib. Monitorinqdə 1993-cü ildə öz yurdlarını tərk etmək məcburiyyətində qalan azərbaycanlıların evlərinin dağıdılması,1993-cü il erməni işğalından əvvəl burada dəfn edilmiş azərbaycanlıların məzarlarının dağıdılması, dağıntıların bir qisminin 44 gün ərzində aparılması faktı qeydə alınıb.

“Amnesty İnternational” ile ilgili görsel sonucu

“Amnesty İnternational” Ermənistanın  dəfələrlə cəbhə xətti boyu əhalinin sıx yaşadığı rayonları atəşə tutması,  heç bir hərbi obyekt mövcud olmayan ərazilərdə mülki əhalini atəşə tutması, müharibənin birinci günündə erməni qüvvələrinin Naftalan şəhəri yaxınlığındakı Qaşaltı kəndinə endirdiyi artilleriya zərbəsinin nəticəsində Qurbanovlar ailəsinin beş üzvünün həlak olmasını sənədləşdirib. Sənədləşdirilən müharibə  cinayətlərinə oktyabrın 17-də Gəncəyə, Muxtar Hacıyev keçəsindəki yaşayış rayonuna “Elbrus” operativ-taktiki raketinin atılması nəticəsində 21 dinc sakin həlak olması, 50-dən çoxunun yaralanması, oktyabrın 27-də isə erməni qüvvələrinin Bərdənin Qarayusifli kəndinə atdığı raketlərdən 5 nəfəin  həlak olması, 14-nün yaralanması, oktyabrın 28-də də Bərdə şəhərinə iriçaplı raketlərdən zərbə endirilməsi sənədləşirilib. Hesabatda, şəhər cəbhə xəttindən onlarla kilometr aralıda yerləşməsi və raketlərdən üçü şəhərin mərkəzində o cümlədən biri xəstəxananın yaxınlığında partlaması qeydə alınıb.

Kaset başlıqlı “Smerç” 9M55 raketinin şəhərin insanların sıx olduğu mərkəzi küçəsində partlaması nəticəsində 21 nəfər dinc sakin həlak olması da bu hesabatda əksini tapıb. Bütün bu faktlar Ermənistanın Avropa Məhkəməsində Azərbaycana uduzacağının labüd edir”.

Ekspert həmçinin qeyd etdi ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparıb və işğal altında olan, müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların və ya yaşayış evlərinin dağıdılmasını həyata keçirib. Bu da beynəlxalq hüququn pozulmasıdır: “Bütün bu proseslərin fonunda Ermənistan AİHM-nə belə müraciətlərin analogiyasını yaratmaq məqsədi il  44 günlük müharibədə özünün törətdiyi cinayətləri saxtalaşdıraraq AİHM-ə müraciət etməklə hər vəchlə bu iş üzrə məsuliyyətdən kənarlaşmağa çalışır”.

Y.Hacıyeva onu da vurğuladı ki, hər bir halda Azərbaycanın müvafiq rəsmi qurumları, diplomatik təmsilçiləri AİHM-də ciddi iş aparmalıdır, arxayınlaşmaq olmaz: “Avropa Şurası kimi Avropa İnsan Haqları Məhkəməsi də erməni lobbisinin aktiv olduğu təsisatlardır və bu təsisatlarda erməni maraqları qətiyyətlə qorunur. Bunu nəzərə almalıyıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”