21 Noyabr 2024

Əliyev İtaliyada, Azərbaycan yeni dünya düzənində, Gürcüstanla Türkmənistan arasında “atla gediş”… – Aydın QULİYEV yazır…

Ötən əsrin məşhur geopolitiklərindən biri Hausxofer yazırdı: “Dünyada böyük geosiyasi dəyişikliklər böyük ideyalardan başlayır”. Mübahisəli fikir deyil, lakin əlavə etmək lazımdır ki, nəhəng ölkələrlə bərabər bəzi hallarda kiçik ölkələrin liderləri də qlobal geosiyasi dəyişmələri şərtləndirən ideyaların müəllifləri ola bilirlər…

…Bu günlərdə İtaliyada müəyyən beynəlxalq tədbirlərdə çıxış edən və müsahibələr verən  Prezident İlham Əliyevin bir neçə fikri diqqətimizi çəkdi. Əliyevin fikirləri təxminən belə idi – Biz özümüzü nəhəng qonşularımızın siyasətinə uyğunlaşdırmırıq, dünya daha heç vaxt fevrala qədərki kimi olmayacaq, dəyişən dünya reallıqlarında hər kəs xarici neqativ təsirlərdən qorunmaq haqda düşünməlidir, yeni qlobal düzənin necə olacağı bəlli deyil, Ukraynada müharibənin necə və nə zaman bitəcəyini bilmirik, qonşularımızın hər biri ilə ayrıca ikitərəfli əməkdaşlıq gündəliyimiz var…

Azərbaycan Prezidentinin mahiyyətcə bir-biri ilə uzlaşan bu fikirlərini bir cümləlik çərçivəyə sığışdırmaq istəsək təxminən belə nəticəyə gələ bilərik: “Ukrayna müharibəsinin labüd nəticəsi olaraq meydana çıxacaq yeni dünya düzənində daxili  birliyə və sabitliyə malik ölkələr üçün xarici neqativ təsirlərin qarşısını almaq əsas vəzifə olacaq”…

Şübhə yoxdur ki, Əliyevin “dünya daha heç vaxt fevrala qədərki kimi olmayacaq” fikri ilə razılaşmayanlar olacaq. Söhbət dəyişikliklərin içində müəyyən statusla yer almış  siyasətçilərdən, ölkələrin və beynəlxalq qurumların liderlərindən gedir. Razılaşmayanlar fevraldan, yəni Ukrayna müharibəsindən sonra tam fərqli və yeni dünya düzənini görmək istəməyənlərdir, köhnə düzən onlara ya sərf edir, ya da yeni düzəndə öz çevrələrindəki köhnə mikro-siyasi hakimiyyət mühitini saxlaya biləcəklərinə tam əmin deyillər və buna görə də, risq etmək istəmirlər. Lakin köhnə düzənin gedişi və yeninin gəlişi kiminsə onu istəyib-istəməməsi ilə müəyyən olunmur. Ağıllı adamlar bunu yaxşı bilir…

Başlayaq dünyanın gözlədiyi və yetişməkdə olan yeni geosiyasi düzəndən. Öncə müasir geosiyasi düzənin mahiyyətini və ya məzmununu dəyərləndirmək lazımdır. Geosiyasi eraların təxminən 17-ci əsrdən başladığını nəzərə alsaq, 1648-ci il Vastfaliya, 1815-ci il Vyana, 1918-ci il Versal, 1945-ci il Potsdam və 1991-ci il Belovejsk sazişi və ya konfranslarından başlanmış dövrləri qeyd etmək olar. Geosiyasi dövrlərin ardıcıllıq məntiqinə söykənərək söyləmək olar ki, 1991-ci ildən 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlanmasına qədərki geosiyasi dövr təkqütblü və çoxqütblü dünya tərəfdarlarının hələ bitməmiş mübarizə dövrüdür. Bəllidir ki, ABŞ və Avropa təkqütblü, Rusiya və Çin çoxqütblü dünya konsepsiyasının tərəfdarlarıdır. SSRİ dağılandan sonra Putinin dövründə Rusiyanın imperialist siyasi-hərbi, Çinin iqtisadi-hərbi dirçəlişi ABŞ və Avropaya təkqütblü dünya düzənini axıradək formalaşdırmağa imkan vermədi. Bu gün Ukraynada gedən müharibə də elə bu bitməmiş mübarizənin ən parlaq təzahür formasıdır. Demək, fevrala qədərki geosiyasi mənzərənin mahiyyəti tək ya çoxqütblü dünya uğrunda gedən hələ bitməmiş müharibədən ibarətdir. Təbii ki, bu müharibənin sonu olacaq və yeni dünya düzəni gələcək. Cənab Əliyevin hansı dünya düzənini daha real saymasına dair heç şübhəsiz ki, özünün konkret mülahizə və təsəvvürləri var. Onun bu təsəvvürlərə uyğun olaraq taleyi üçün məsuliyyət daşıdığı ölkənin – Azərbaycanın gələcək dünyadakı mövqeyi barədə düşündüyü də şübhəsizdir. Aydındır ki, yeni düzən uğrunda mübarizə və ya müharibə əbədi davam etməyəcək, 1991-ci ilə qədərki ikiqütblü dünya da geri  qayıtmayacaq, ya ABŞ, ya Rusiya məhv olacaq kimi qeyri-real ehtimallara da yer yoxdur, üstəlik Çin də getdikcə mövqeyini gücləndirir və Çinin yeganə dünya qütbünə çevrilməməsi naminə ABŞ və Rusiya bir-birini sonadək məhv etmək istəməyəcəklər də… Beləliklə, qarşıdakı onilliklərdə ABŞ, Rusiya, Çin və Avropadan, onların hansısa birinin   yandaşları olan Afrika, Latın Amerikası və Cənub Şərqi Asiyadan ibarət iqtisadi-siyasi-hərbi çoxqütblü dünya düzəni daha real görünür. Ərəb dünyası müstəqil güc qütbü olmaq keyfiyyətlərinə malik deyil. Zatən vəziyyət hazırda bu məzmundadır. Lakin legitimləşməyib, hər tərəf öz mövqeyində və mülahizələrindədir. Legitimləşmə uzun və hamı üçün məhvedici müharibə yolu ilə baş verməsin deyə yeni qlobal konfransa ehtiyac yarana bilər. Keçmişlərdəki Vyana, Versal, Potsdam və sair kimi.

Prezident Əliyev də bunu istisna etmədi, yeni dünya təşkilatının yaranacağını, ya BMT-nin islah ediləcəyini mümkün variantlar kimi saxladı. Gözlənilən dünya qütblərinin hər birinin öz daxili iqtisadi-siyasi sisteminin olacağını, ya oxşar modellərin olacağını hələlik kimsə dəqiq iddia edə bilmir. Ancaq Əliyev tam haqlıdır ki, Azərbaycan kimi ölkələrin çoxqütblü dünya şəraitində xaricdən gələn neqativ təsirləri neytrallaşdırmaqdan ibarət çətin bir problemi olacaq və bu, uzun müddət davam da edə bilər. Ölkədaxili birlik Prezidentin dediyi kimi, həmin təsirləri neytrallaşdırmaq üsullarından biri ola bilər. Başqa üsullar da mümkündür. Regionumuzdakı nəhəng dövlətlərin siyasətinə birə-bir  uyğunlaşmamaq və digər ölkələrin hər biri ilə ayrıca ikitərəfli əməkdaşlıq gündəliyi içində olmaq Azərbaycanı yeni dünya düzəninə sağ-salamat, əzilmədən və zəifləmədən çıxara biləcək tutarlı siyasi kursdur. Həqiqətən də ötən dövrlərdə Azərbaycan Rusiya və İran, müəyyən mənada Çin kimi nəhəng region dövlətlərinin siyasətlərinə uyğulaşmağa çalışsaydı, nə baş verərdi? İsrail və Amerika, Avropa ilə pis mənada indikindən xeyli fərqli münasibətlərdə olardıq. Azərbaycan təbii ki, Ukrayna müharibəsinin tərəflərindən biri kimi od-alovun ortasına düşə bilərdi. Ancaq Kremldəki bəzi ermənipərəst lobbiçilər və Tehrandakı bəzi ifrat panfarsistlər xaricində Azərbaycan Rusiya və İran hakimiyyətləri ilə heç vaxt antaqonizm yaşamadı. Eləcə də regionumuzun digər ölkələri ilə ayrıca gündəmə əsaslanan ikitərəfli əməkdaşlıq taktikası da şərait üçün ideal nəticələr verir. Bu taktikanın yox, başqa siyasətin aparıldığı şərait üçün də mümkün nəticələri göz önünə gətirməyə çalışın. Təkcə bunu deyək ki, illər boyu Azərbaycan Türkmənistanla bir qədər soyuq münasibətlərini müvəqqəti konservasiya etməklə Gürcüstanla daha fəal dialoq qurdu və öz qarşısında Qərbə yönəlik geniş tranzit imkanlar açdı. Elə imkanlar ki, “atla  gediş” kimi çoxşaxəli xarakter daşımaqla bu gün hətta Türkmənistanın da potensiallarını Qərbə daşımaq gücünə malikdir. Halbuki öz zamanında yəqin çoxları başa düşmürdülər ki, Gürcüstanla aparılan siyasət illərdən sonra Türkmənistanla münasibətlərdəki soyuqluqların da aradan qalxmasına ciddi təsir edəcək. 2021-ci ilə qədər soyuqluq məkanı olmuş Kəpəz yatağı “Dostluq” qiyafəsində Azərbaycan-Türkmənistan münasibətlərini yeni mərhələyə çıxardı. Hazırda Türkmənistan özü də çox ümidlə baxdığı Transxəzər enerji kəmərini məhz Azərbaycan-Gürcüstan əməkdaşlığının açdığı imkan kimi dəyərləndirir. Doğurdan da Azərbaycan əgər Gürcüstanın tranzit imkanlarını “kəşf və hifz etməsəydi” Transxəzərin Türkmənistan və Avropa üçün nə önəmi qalardı ki… Heç bir önəmi qalmazdı…

Beləliklə, Azərbaycanın hazırkı xarici siyasəti yeni qlobal düzənə doğru iki hədəfi vurmağa yönəlib.

1. Yeni dünya düzəninin formalaşma prosesinin içində və fəal iştirakçısı olmaq…

2. Avropanın ümumi təhlükəsizliyinin azı 80 faizini təşkil edən enerji təminatında əsas tranzit və mənbə ölkə mövqeyində daha da möhkəmlənmək…

3. Beynəlxalq hüquq normaları ilə milli mənafelərin düzgün əlaqələndirilməsini ayaqda qalmağın ən dürüst yolu kimi təşviq etmək…

Aydın QULİYEV