22 Dekabr 2024

Dədə Süleymanın 40 mərasimi keçirilib

Bu gün mərhum xanəndə, Əməkdar artist, “Dədə Süleyman” kimi tanınan Süleyman Abdullayevin 40 mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, “Büsat” mərasim evində keçirilən tədbirdə xanəndənin yaxın dostları, ailə üzvləri və digərləri iştirak edib. Mərhum sənətkara Allahdan rəhmət dilənib, ruhuna dualar oxunub.

Xatırladaq ki, Süleyman Abdullayev uzun sürən xəstəlikdən sonra bu ilin oktyabrın 23-də vəfat edib.

Süleyman Cümşüd oğlu Abdullayev 1939-cu il fevral ayının 14-də Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. 1959-cu ildə istedadlı musiqiçilər sorağı ilə Füzuli rayonuna gələn böyük xanəndə Seyid Şuşinski Süleyman Abdullayevin səsini yüksək qiymətləndirib və o, peşəkar təhsil almaq üçün Bakıya dəvət edilib. 1960-1964-cü illər ərzində Süleyman Abdullayev ADMM-də Seyid Şuşinskinin sinfində bütün muğam dəsgahlarını tam şəkildə öyrənib. 1964-cü ildən Süleyman Abdullayev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyətə başlayıb, xalq çalğı alətləri ansamblları ilə çalışıb.

1969-cu ildə Türkiyənin İstanbul şəhərində keçirilən ümumdünya festivalının qalibi olub.

Süleyman Abdullayev zəngin tembrli, yüksək tessituralı səsə malik xanəndə hesab olunub. O, ifa etdiyi muğamda sözün düzgün tələffüzünə, qəzəlin mənasının dinləyiciyə çatdırılmasına çalışıb.

Süleyman Abdullayevin ifasında “Segah”, “Dəşti”, “Çahargah”, “Şur” muğam dəsgahlarının lent yazıları AzTV Fonduna daxil olub.

Allah rəhmət eləsin!

Xalidə Gəray