23 Dekabr 2024

Mədəniyyət müəssisələrində fəaliyyət müasir tələblərə uyğun şəkildə qurulmalıdır

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov noyabrın 28-də Mingəçevir şəhərinə səfər edərək mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub.

Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzinə gələn nazirə müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mədəniyyət ocağı 2000-ci ildən Mədəniyyət evi, 2015-ci ildən Mədəniyyət Mərkəzi kimi fəaliyyət göstərir. Hazırda 5 filialı olan mərkəzin 1983-cü ildə inşa edilən binasında 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir işləri aparılıb. Sonra mərkəzin binasında fəaliyyət göstərən Mingəçevir şəhər MKS-nin Nizami Gəncəvi adına 9 nömrəli kitabxana filialına baxış keçirilib.

Səfər çərçivəsində mədəniyyət naziri Mingəçevir Dövlət Dram Teatrına baş çəkib. Nazirə teatrın fəaliyyəti və maddi-texniki imkanları barədə  məlumat verilib. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2018-ci ildə teatrın 50 illiyi qeyd olunub. Mədəniyyət ocağı ölkə əhəmiyyətli memarlıq abidəsi (inv. № 201) olan binada fəaliyyət göstərir.

Sonra nazir Anar Kərimov Mingəçevir şəhər Ü.Hacıbəyli adına Onbirillik Musiqi Məktəbinə baxış keçirib, məktəbdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan əsaslı təmir işləri ilə tanışlıq olub. Nazir yenidənqurma işlərinin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılmasına dair tapşırıq və tövsiyələrini verib.

Nazirin diqqətinə çatdırılıb ki, 1954-cü ildə fəaliyyətə başlayan təhsil ocağı 2001-ci ildən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin adını daşıyır. 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Tədris ocağında fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris olunur. 683 şagirdin təhsil aldığı məktəbdə 212 müəllim çalışır.

Anar Kərimov müəssisələrin fəaliyyətinin müasir çağırışlara cavab verəcək səviyyədə qurulması, nizam-intizama əməl olunması, xidmətin və tədrisin keyfiyyətinin artırılmasının vacibliyini diqqətə çatdırıb.