22 Dekabr 2024

Bərdə Dövlət Rəsm Qalereyasında “Şuşa İli”nə həsr edilmiş tədbir keçirilib- FOTOLAR

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasında “Şuşa İli” münasibətilə “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib. Tədbirdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-liseyin müəllim və şagirdləri, çoxsaylı mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Bərdə Dövlət Rəsm Qalereyasında fəaliyyət göstərən dərnək üzvlərinin çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova ölkə başçısının müvafiq Sərəncamına əsasən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə əlaqədar regional idarə tərəfindən keçirilmiş tədbirlərdən, Qarabağın zəngin mədəni irsinin qorunub saxlanılması, təbliğ olunması istiqamətində görülən işlərdən danışıb və bu kimi tədbirlərin davamlı olacağını diqqətə çatdırıb.

Tədbirin davamında ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnılar ifa olunub, məktəblilər tərəfindən vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib və “Arşın mal alan” operettasından bir parça nümayiş etdirilib.

Sonda Qarabağ şikəstəsi ifa olunub və tədbir iştirakçıları ilə xatirə şəkili çəkdirilib.