22 Dekabr 2024

Erməni hücumunu dəf edərkən qolunun əmək qabiliyyətini itirən qazimizə əlillik, sığorta pulu, veteranlıq verilmir.

Vətən uğrunda gedən  44 günlük müharibə artıq tarixə çevrilib. Himayədarlarına arxalanmaqla ermənilərin işğal etdiyi torpaqlarımız qısa vaxtda Ali Baş Komandanımızın cəsarətli və ağıllı fəaliyyəti ilə geri qaytarıldı. Təbii ki, bu qalibiyyət rəşadətli  və müzəffər ordumuzun misli görünməyən hünəri sayəsində əldə olundu. O günlər bir daha aydın oldu ki, ordu və xalq birliyi sarsılmazdır. Hamılıqla bir olub vətəni qorumaq üçün canından keçməyə hazır olanlarımız heç də az deyildi. Xəstəxanaların qarşısına axışıb qan vermək istəyənlər, komissarlıqlarda döyüşə getmək üçün növbəyə duranlar, Ön cəbhəyə canı dildən həm maddi, həm də mənəvi yardım göstərənlər.Bir sözlə böyük millət olduğumuzu bir daha təsdiqləmiş olduq.

Təsəvvür edirsinizmi, 2014-cü ildə Xocavənd istiqamətində erməni təxribatının qarşısını alarkən sağ qolundan snayper gülləsi ilə yaralanmış, hazırda bu qolundan hərəkət qabiliyyətini itirmiş, sol qolun ümidinə qalmış Nurlan da həmin günlər döyüşə getmək üçün könüllü olaraq Bərdə rayon Hərbi Komissarlığına müraciət edib. Tək əlinə güvənib döyüşmək istəyib. Hansı ki, vətən uğrunda can borcunu verib, artıq qazidir. Ancaq ruhundakı vətən eşqi, yurda olan sevgi onun Qarabağ uğrunda ölümə getməyə həvəsləndirir.

Haqqında danışacağım soydaşımızın da vətən uğrunda kiprik olub, Azərbaycan adında göz bəbəyə keşik çəkərkən qəfil erməni hücumuna məruz qalıb. Erməni təxribatının qarşısını alarkən qolunun birindən yaralanıb,indi həmin qolu tamamilə iş qabiliyyətini itirib. 2014-cü ildən 2019-cu ilədək müalicə olunsa da  sağlamlığı bərpa olunmayan  əsgərin dövlət tərəfindən yerinə yetirilməli olan hüquqları təmin edilmir. Nə əlillik dərəcəsi verilir, nə veteran statusu təsdiq olunur, nə də əlilliyi barədə bir kağız parçasını verirlər.

2013-cü ildə hərbi xidmətə çağrılan Nurlan Həsənov 2014-cü ilin 4 iyulunda Xocavənd rayonunun Qaradağlı kəndindəki cəbhənin təmas xəttində erməni təxribatının qarşısını alarkən sağ qolundan yaralanıb. O günləri xatırlayan Nurlan Həsənov bildirir ki, saat 5 də səngərdə keşiyə başlayıbmış. Həmin vaxt qarşı tərəfdən ermənilər atəş açmağa başlayıblar. Cavab atəşi ilə düşmən susdurulsa da itkisiz ötüşmək mümkün olmayıb. Qonşu postun komandiri şəhid olub. Nurlan isə snayper gülləsinə tuş gəlib.Güllə onun qolunun oynağndan keçməklə sümüyün param parça eləyib. Nurlan Həsənovu 10 gün Füzuli rayonundakı Əhmədbəyli hospitalında müalicə ediblər.Həkimlər qolun kəsilməsi barədə qərar çıxarmalı olublar.

Amputasiya olunmalıdır

Nurlan Həsənov həkimlərdən eşidəndə ki, amputasiya olunmalıdır, əvvəlcə heç nə anlamayıb. Həkimlər gedəndən sonra qulluğunda dayanan tibb bacısından amputasiyanın nə demək olduğunu soruşub. Tibb bacısı həkimlərin onun  qolunu kəsmək istədiklərin deyib. Eşitdiyindən həyəcanlanan Nurlan həkimlərinin qarşısında göz yaşı töküb, acizanə xahiş edib ki, nə olur olsun qolunu kəsməsinlər. İşləməsə də yanında olsun. Amma, qolumu kəsməyin, deyir. Həkimlər yenidən Nurlanın sağ qolunun xilasına çalışmağı düşünməli olurlar. Bunun üçün onu helikopterlə  Bakıya Mərkəzi Hərbi Hospitala köçürürlər. Nurlan Bakıdakı Hospitalda ağrıkəsicilərin təsiri altında ən çox niğarançılığı qolunun kəsilməsiymiş.Ona görə dodaqlarını gəmirib ağrıdırmış ki, oyaq qalsın.Hər hansı tibbi müdaxilədən xəbər tuta bilsin.Hətta buna görə dodağın dişləri ilə çapıb. Cərrahi  müdaxilə olmadan həkimlər Nurlanın sağ qolunu saxlaya bilsələr də tam sağalda bilməyiblər. Qol açılmayan vəziyyətdə qalıb.Bununla da əmək qabiliyyəti bərpa edilməyib. Nurlanın deməyinə görə onun qolu “Ankelosdur”. Yəni ki, açılması mümkün olmayacaq. Həyatının sonuna qədər sağ qolu işləməyəcək. Bakı Hospitalları ilə yanaşı Nurlan Həsənov həm də Bərdə rayon Xəstəxanasında müalicə alıb. Müalicə xərclərini də özlərinin kasıb büdcəsi hesabına aparıblar. Bunun üçün torpaqların, sağmal inəklərin satmalı olublar. İndi isə şəxsi təsərrüfatlarını itirdiklərindən ailə üzvləri günəmuzd fəhləlik edir. Gələn gəlirlər isə kredit borclarının yeminə çevrilir.Çətinliklərindən danışan Nurlan Həsənov dövlət qayğısına möhtac ilduğunu deyir. Ölkə başçısından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirindən, kimin ona köməklik göstərə bilən bütün səlahiyyətlilərdən onun həyatına həssas münasibət göstərmələrini xahiş edir. Bunun üçün əlillik, sığorta pulu və veteranlığının verilməsinə ümid edir.

Valideyinlərim bilməsin, xəbər tutan kimi narahat olacaqlar

O günlərdən danışan Nurlan bildirir ki, valideyinlərim həyacanlanmasın deyə, yaralamağımı onların bilməsini istəmirdim. Ancaq efirdə hadisə barədə yayılan xəbərdə Nurlanın adının çəkilməsi onun ailə üzvlərinin həyəcanlanmasına səbəb olub. Telefonla danışanda kəskin ağrılar içində sızıldasa da Nurlan atasını sakitləşdirib. Guya ki, ciddi narahatçılıq yoxdur. Yarası yüngüldür. Valideyinlərini sakitləşdirə bildiyindən onun yanına ailə üzvləri bir neçə gündən sonra baş çəkməli olublar. Valideyinlərinin gördükləri mənzərə isə dəhşətliymiş. Nurlanın  sağ qolu şişib nəhəng varlığa çevrilibmiş.

Nurlanın yaralandığını eşidəndə babası  infarkt keçirib.

Söhbət zamanı Nurlanın nənəsi deyir ki, xəbəri televiziyanın efirindən eşidiblər.Həyacandan nə edəcəklərini belə unudublar. Qəfil eşitdikləri xəbər ailənin ağsaqqalı Yusif kişinin infarktına səbəb olub. Çox keçməmiş baba dünyasını dəyişib. Səyyarə nənə o günlərin geridə qaldığını, nəvəsinin erməni təxribatını salamatçılıqla adlatdığına görə şükürlər oxuyur. Ancaq bildirir ki, nəvəsi Nurlan Həsənov sağlamlığını itirməyinə baxmayaraq ona qayğı göstərilmir. Əlillik dərəcəsi ilə hələ də təmin edilməyib. Nənənin istədiyi də nəvəsinə dövlətin qayğı göstərməsi, onun qanuni haqqının təmin  edilməsidir. Bunun üçün də O, Əmək və Əhalinin Sosial Müdafiəsinin ədalətli qərarını gözləyir.

I Qarabağ müharibəsinin 4 il iştirakçısı olmuş ATA  

Nurlanın atası Azər Həsənov da müharibə iştirakçısıdır. Yaşının oğlan çağı Birinci Qarabağ müharibəsinə düşüb. 1973-cü il təvəllüdlü ata çağrılan gündən Azərbaycan ordusunun yenicə yaradılmış bataliyonlarından birində xidmətə başlayıb. Ağdam, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edən Azər Həsənov talenin qisməti sayəsində sağ qalıb. Bu gündə torpaqlarımızın müdafiəsində iştirak etdiyinə görə əməli ilə qürur duyur. İndi o da Qarabağ veteranıdır. Ailədən gələn tərbiyyə sayəsində digər 4 qardaşıda vətən qarşısında xidmətlərini layiqincə başa çatdırıblar. Azər Həsənov son döyüşlər vaxtı da cəbhəyə könüllü getmək üçün  komissarlığa müraciət edib. Və hər an vətən uğrunda döyüşə hazırdır. Kasıb ailə olduqlarını nəzərə çarpdıran Azər Həsənov qeyd edir ki, oğlu Nurlanın müalicəsi üçün torpağın satıb, olan mal qaranı dəyər dəyməzinə bazara töküb. İndi günəmuzd fəhləlik edir. Oğlu Nurlan sağlamlığı bərpa olunmadığından onun da özünün , ailəsinin qayğısına qalmaq məcburiyyətindədir.Onu da öyrənirik ki,  Nurlanın  qardaşı da ailənin dolanışığı üçün bacardığını edir. Kənddə təsərrüfat işlərində gündəlik haqq almaqla işləyib, ailəyə qazanc gətirir. Ancaq , ailə qurması üçün ailənin gəlirlərini cəmləyəndə belə qazandıqları bəs eləmir. Azər Həsənov oğlu Nurlanın sağlamlığını itirməsinə görə dövlət qayğısına möhtac olduğunu deyir. Ümid etdiyi də odur ki, tibb müəssisələrinin rəyləri sayəsində onun oğluna qanunla düşən imtiyazlar həllini tapacaq. Nurlan sağlamlığını itirdiyinə görə ailəsini dolandırmaq üçün heç kimə möhtac deyil, vətən qarşısındakı əməyinin dəyərləndirilməsi ilə güzəranını təmin edə biləcək.       

Mütləq olmalıdır! Şəhidimizə, qazimizə minnətdarlıq hissini heç vaxt unutmamalıyıq. Ömürboyu onlara borcumuz var.Məmurlarımız , şəhidimizin, qazimizin qayğısına qalmaq vəzifəsini vicdanla yerinə yetirməlidir. Şəhidimizin ruhu şad olar, qazimiz razı qalar. Ən azından ona görə ki, onların sayəsində alınımızın ləkəsi təmizləndi. Ölkəmiz qalib oldu. Vətənimizin böyük bir hissəsi yağı tapdağından azad edildi.Sağ qalanlarımız az sonra qanla alınan həmin torpaqlara axışacaq. Gün – güzəran quracaqlar. Şuşanın , Kəlbəcərin məlhəm havasından udacaqlar. Nankor olub,torpaqlarımızı azad edən əsgərimizi, şəhidimizi ya qazimizi qiymətləndirməsək,haqqı olan dəyəri verməsək, həmin məlhəm hava, saf sular haram olar, bizə.