Aqil Abbas 18 şəhidin məzarının köçürülməsindən danışdı: “Günahkarlar da cəzalanmalıdır”
Vətən müharibəsində həlak olmuş və Qaradağ rayonu ərazisində dəfn edilmiş 18 şəhidinin məzarı iki gün öncə Yasamal rayonunda yerləşən Şəhidlər Xiyabanına köçürülüb. Rəsmi məlumata görə məzarların Yasamaldakı Şəhidlər Xiyabanına köçürülməsi şəhidlərin ailə üzvlərinin və din xadimlərinin iştirakı ilə həyata keçirilib.
Xatırladaq ki, bir neçə gün idi ki, şəhid məzarları ilə bağlı yaşanan qalmaqal ölkə gündəmini zəbt etmişdi. İkinci Qarabağ müharibəsində həlak olan 17 şəhidin valideynləri övladlarının qəbir yerinin dəyişdirilməsini tələb edirdilər. Yasamal və Nəsimi rayon sakinləri olan valideynlər şəhidlərin Qaradağ rayonu ərazisində dəfn olunmasına etiraz edir və məzarların ikinci Fəxri Xiyabana köçürülməsini istəyirdilər.
Beləliklə, məsələ ilə bağlı çoxsaylı müraciətlərdən sonra ölkə rəhbərliyinin dərhal göstərişi ilə problem öz həllini tapmış oldu. Lakin məsələ öz həllini tapana qədər ictimaiyyətdə xeyli narahatçılıq, narazılıq yaşandı. Vətəndaşlar bizə qələbə sevincini yaşadan şəhidlərə qarşı bu cür yanlış davranışa görə aidiyyəti məmurları, səlahiyyətli orqanları qınadı. Bəs bu yanlış davranışa görə hansısa məmur cəzalandırıldımı?
Deputat Aqil Abbas məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb:
“İki aydan çox idi ki, 18 şəhidin ailəsi qapı-qapı düşüb, şikayət edirdilər. Çox təəssüf ki, onların şikayətlərinə baxan yox idi. Bu məsələ sırf Müdafiə Nazirliyinin səlahiyyətində idi. Dövlət başçısı axı qəbir, məzar işinə qarışmır. Lakin məhz dövlət başçısının göstərişindən sonra bu məsələ dərhal öz həllini tapdı. Bəs onda səlahiyyətli orqanlar nə işlə məşğul idi? Məsələni bu həddə qədər çatdırmaq lazım deyildi. Düşmən də buna baxıb, sevinirdi. Bu həm də qələbəmizə kölgə salırdı. Düşməni özümüzə güldürdükdən sonra haqq öz yerini tapmalı idi? Axı zamanında bu məsələni həll etmək olardı. Fəxri Xiyabanda boş yerlər çoxdur, yəni zamanında həmin şəhidlər üçün boş yer tapa bilmirdilər?
Hər halda, bu işdə kim günahkardırsa, cəzasını almalıdır”.
Qarabağ qazisi, “Qaziler.az” saytının baş redaktoru Rey Kərimoğlu da məsələ ilə bağlı öz rəyini bildirdi:
“Öncə qeyd edim ki, tək həmin şəhid məzarları ilə bağlı deyil, ölkədə məmurlar, strukturlar tərəfindən sanki qəsdən bu cür sabotajlar edilir ki, bu da əhalimizi çox narahat edir. Azərbaycanın çox böyük bir qələbəsini sanki burnumuzdan gətirmək istəyənlər var”.
Rey Kərimoğlu qeyd etdi ki, Qaradağdakı şəhid məzarlığı ilə bağlı 10-yaxın qurum və təşkilat, o cümlədən şəhidlərin xanımları Prezidentə müraciət edib:
“Qarabağ Qaziləri Birliyinin təşəbbüsü ilə Şəhid Ailələri Cəmiyyəti, Respublika Veteranlar Birliyi, Qadın Veteranlar Birliyi, Çernobıl Əlillər Cəmiyyəti, Milli Qəhrəmanlar Təşkilatı, general Yaşar Aydəmirov, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Umud Rəhimov, Emin Həsənli və digərləri ilə birlikdə Prezident İlham Əliyevə müraciət etdik. Prezident də çoxsaylı müraciətləri nəzərə alaraq, bu məsələni dərhal həll etdi.
Biz çalışırıq ki, bu cür məsələlər nizamlansın, ictimailəşməsin. Məsələnin ictimailəşdirilməsi artıq son hədd olur. Hərbiçilər birbaşa Şəhidlər Xiyabanında dəfn olunmalı idilər. Məlum olduğu kimi Bakı şəhərində iki şəhidlər xiyabanı var. Onlardan biri Çəmbərəkənd qəbiristanlığında yerləşir, digəri isə Polad Həşimovun dəfn olunduğu məzarlıqdır. Nəsimi, Yasamal, Səbail rayonlarının ayrıca məzarlığı yoxdur. Buna görə həmin ərazidən olan şəhidləri aparıb hansısa dərənin dibində dəfn etmək olmaz. Bu bir vicdan məsələsidir. Bunu niyə etmədilər? Əlbəttə ki, səhlənkarlıq ucbatından. Bu məsələdə mən birbaşa Müdafiə Nazirliyini günahlandırıram, çünki bu məsələ onların səlahiyyətində idi. İnanıram ki, günahkarlar ən azı Ali Baş Komandanın qınağına tuş gəlib.
Biz təşkilatların üzvləri ilə birlikdə Qaradağdakı həmin məzarlıqda olub, hər şeyi öz gözümüzlə görmüşdük. Həmin vaxt Şirin Mirzəyevin xanımı orada çox haqlı bir söz dedi: “Bu şəhidlər döyüş meydanında bir-birindən ayrı düşməyiblər, şəhid qardaşlarını çiyinlərində daşıyaraq, onları meydandan çıxarıblar. Bu gün onları ayırmaq insafsızlıq, ədalətsizlik olar”. Bəli, həmin şəhidlər o cür uyğunsuz yerdə dəfn olunmamalı idi. Həmin şəhid ailələləri 2 ay idi ki, qapılarda qalmışdı. Axı onlar vətən üçün bala veriblər, onlara bu cür yanaşmaq olardımı?
Prezidentin müdaxiləsindən sonra bizi üzən daha bir məsələ oldu. Bu məsələyə ortaya çıxanda bəzi mətbuat, media orqanlarında həmin şəhid ailələrini qınayan süjetlər verildi, yazılar dərc olundu. Halbuki bizə qələbəni bəxş edən şəhid analarını qınamaq qəti olmamalı idi”.
Xalidə Gəray,
“Yeni Müsavat”