22 Noyabr 2024

Avropa Liqası: “Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın edib

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, “köhlən atlar” G qrupunun III turunda Yunanıstanda “Olimpiakos”un qonağı olub. “Georgios Karaiskakis” stadionunda oynanılacaq qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan Ağdam klubu 3-cü dəqiqədə Abdullah Zubirlə rəqib qapısı qarşısında təhlükə yaradıb. Lakin fransalı yarımmüdafiəçinin zərbəsi qapı torunu yandan silkələyib. 5-ci dəqiqədə Zubir hesabı açsa da, qol qeydə alınmayıb. VAR sisteminin müdaxiləsindən sonra məhsuldar ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub. 20-ci dəqiqədə meydan sahiblərindən Hvan İy Conun vurduğu topu Şahruddin Məhəmmədəliyev dəf edib. Cəmi 2 dəqiqə sonra Ovusu Kvabena rəqib qolkiperlə üzbəüz qalsa da, qanalı hücumçunun zərbəsindən sonra Yann Mvila topu qapı xəttindən çıxarıb. 36-cı dəqiqədə isə analoji vəziyyət Azərbaycan çempionunun qapısı qarşısında yaşanıb. Bu dəfə Elvin Cəfərquliyev Pape Abu Sissenin vurduğu topun qapıya daxil olmasına imkan verməyib. İlk hissə qolsuz heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya “Olimpiakos” daha yaxşı başlayıb. 55-ci dəqiqədə Pyer Kundenin zərbəsində dəqiqlik çatmayıb. 66-cı dəqiqədə Ramil Şeydayevin zərbəsi qapıdan azca aralı keçib. Hücumun davamında Toral Bayramovun vurduğu topu qapıçı çətinliklə qaytarıb. 68-cü dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək qalan Kvabena dəqiq zərbə ilə pireyliləri məyus edib. 73-cü dəqiqədə Yorqos Masurasın zərbəsi qapı dirəyindən qayıdıb. 80-ci dəqiqədə “Qarabağ” rəqibi əks hücumda yaxalasa da, Şeydayevin Kadi Borgesə ötürməsi sürətli alınıb. 82-ci dəqiqədə “Qarabağ” 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Müdafiəçilərin səhvindən istifadə edən Marko Veşoviç qolkiperi də keçərək, adını tabloya yazdırıb. 85-ci dəqiqədə Kvabena dabanı ilə baxımlı qol vurmağa yaxın olub. Lakin onun zərbəsini qapıçı zərərsizləşdirib. Cəmi 1 dəqiqə sonra isə Şeydayev əla zərbə ilə “Olimpiakos”u 3-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qrupun digər oyununda isə “Frayburq” Almaniyada “Nant”a 2:0 hesabı ilə qalib gəlib.

Bu nəticələrdən sonra Bundesliqa təmsilçisi 9 xalla liderliyini qoruyub. 6 xalı olan “Qarabağ” 2-ci pillədə qalıb. “Nant” 3 xalla 3-cü, xalı olmayan “Olimpiakos” isə sonuncudur.

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

“Report”un məlumatına görə, “Georgios Karaiskakis” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edir.

***

“Qarabağ”ın Yunanıstanda “Olimpiakos”la UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda vurduğu qol ləğv edilib.

“Report”un məlumatına görə, VAR sisteminin müdaxiləsindən sonra Abdullah Zubirə ötürmə verən Leandro Andradenin topu qəbul edərkən oyundankənar vəziyyətdə olduğu məlum olub.

Nəticədə referi qolu hesaba almayıb. 

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ilk hissə başa çatıb.

“Report”un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar. 

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, ilk yarıdan sonra hesab açılmayıb. 

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda hesab açılıb.

“Report”un məlumatına görə, Ovusu Kvabena 68-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib. 

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 2-ci qo vurulub.

“Report”un məlumatına görə, “köhlən atlar”dan Marko Veşoviç komandasının üstünlüyünü daha da artırıb. 

***

Yunanıstanda “Olimpiakos” və “Qarabağ” arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda 3-cü qol vurulub.

“Report”un məlumatına görə, Ramil Şeydayev 86-cı dəqiqədə baxımlı zərbə ilə rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət edib.