22 Noyabr 2024

Arvadını xüsusi amansızlıqla öldürən 53 yaşlı şəxs hakim qarşısında

Arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 53 yaşlı İlqar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində 1975-ci il təvəllüdlü Səyyarə Vəliyevanın yaşadığı mənzildə çoxsaylı bıçaq xəsarətləri yetirilməklə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla hadisənin zərərçəkmişin əri, 1967-ci il təvəllüdlü İlqar Vəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

İlqar Vəliyev barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İlkin Muradov,
Musavat.com