23 Dekabr 2024

Moskvada üçtərəfli İşçi Qrupun iclasında Rusiya, Azərbaycan və Ermənistan bir sıra məsələlər barədə razılığa gəlib

Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərindən ibarət üçtərəfli işçi qrupun iclasında tərəflər ekspert alt qruplarının yaradılması barədə razılığa gəliblər.

Rusiya Baş nazirinin müavini Aleksey Overçukun mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, işçi qrupun iclasının yekunu ilə bağlı tərəflər dəmir yolu, avtomobil və kombinə edilmiş daşınmalarla bağlı, təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla, nəqliyyatın təmin edilməsi məsələləri bağlı razılığa gəliblər.

Tərəflər ekspert alt qruplarının formalaşdırılmasını 2 Fevral 2021-ci ilə qədər tamamlamağa və ilk görüşlərini 5 Fevral 2021-ci il tarixinədək keçirməyə razılaşıblar.

Üçtərəfli İşçi Qrupunun növbəti iclasının Moskvada keçirilməsinə qərar verilib. Tarix həmsədrlər tərəfindən iş qaydasında razılaşdırılacaq.

Qeyd edək ki, bu gün Moskvada Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərin ibarət İşçi Qrupun ilk iclası keçirilib. İclasda Rusiya baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoriyan iştirak ediblər. Üçtərəfli işçi qrupun ilk iclasında Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 9 noyabr 2020-ci il tarixli Bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə əsas işin istiqamətləri, habelə 11 yanvar 2021-ci il tarixli Bəyanatın 2, 3, 4-cü bəndlərinə baxılıb.

Xatırladaq ki, yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün yekunları ilə bağlı Baş nazirlərin müavinlərindən ibarət üçtərəfli işçi qrupun yaradılması qərara alınıb.