23 Dekabr 2024

Cəbhədə olmuş ispan müxbir: “Azərbaycanlılar mülki obyektləri vurmurdular”

İkinci Qarabağ müharibəsi başlayandan sonra ispaniyalı jurnalist Pablo Qonsales cəbhənin erməni tərəfindən reportaj aparmaq üçün Qarabağa səfər edib.

Media1.az “Report”-a istinadən  xəbər verir ki, ispaniyalı müxbir müharibədən sonra təəssüratlarını “Lenta.ru”ya müsahibəsində danışıb.

“Qarabağa hazırlıqsız gəlmişdim: özümlə zirehli gödəkçə, kaska və lazımi geyim dəsti götürməmişdim. Məni həmin gödəkçə ilə təmin edəcəklərini söz versələr də, bu, baş vermədi. Bu səbəbdən bəzi atışmaları mən, ümumiyyətlə, qoruyucusuz işləyirdim. “Arsax Müdafiə Nazirliyi”ndən lazımi geyim dəstini almaq üçün məsələyə erməni diasporunu qoşmağa məcbur oldum”, – o bildirib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun şəhəri atəşə tutarkən əsas hədəfi hərbi obyektlər olub:

“Sakinlər, demək olar ki, həmişə zirzəmidə otururdular. Ümumiyyətlə, şəhəri elə də atəşə tutmurdular. Azərbaycanlılar konkret hədəfləri vurmağa çalışırdılar. Məsələn, hava hücumundan müdafiə sistemlərini. Şəhəri vurarkən isə mülki obyektlər məqsədyönlü şəkildə vurmurdular. Bura mehmanxanalar və insanların sıx toplaşdığı yerlər daxildir. Hətta “prezident sarayı”nı belə vurmurdular. Halbuki onu nişana almaq asan idi – bina hər tərəfdən görünür… Bəli, Ağdərədə fəsadlar dəhşətli idi, Azərbaycanın Su-25 qırıcıları bomba atırdı, ancaq erməni artilleriyasının şəhərin özündən atdığı heç kimə sirr deyil və buna görə də azərbaycanlılar məhz ona atəş açırdı”.