Ülvi Mehdiyev media rəhbərləri ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bir qrup media rəhbəri ilə görüşüb.
Media1.az azvision.az-a istinadən xəbər verir ki, görüşdə “YAŞAT” Fondunun fəaliyyəti, indiyədək görülən işlər və saytı haqqında ətraflı məlumat verilib, media rəhbərlərini maraqlandıran suallar cavablandırılıb. Fondun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovun da iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi ilə davam edib. Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Həmçinin, Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub.
“YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib. “ASAN xidmət”in bütün rayonlar üzrə ayrılmış qrupları tərəfindən şəhid ailələrinə dair müvafiq məlumatlar tam toplanıb. Vətən müharibəsində yaralananlarla bağlı müraciətlər isə elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Qeydiyyat zamanı yaranan çətinlikləri aradan qaldırmaq, suallara aydınlıq gətirmək məqsədi ilə Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir. Eyni zamanda “YAŞAT” Fonduna SMS vasitəsilə ianə etmək imkanı yaradılıb. Bütün mobil operatorlardan 8110 qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə etmək mümkündür. SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, 1AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN ianə etmək olar. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau