“Bunu harada demişəm, sübut edin” – Şuşayla bağlı sual Paşinyanı özündən çıxardı
“Öz əlinizlə kağıza yazın, sitat gətirin ki, bunu mən demişəm. O zaman sualınıza canlı yayımda cavab verəcəyəm”.
Aztimes.az erməni mətbuatına istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 28-də “Yerablur” hərbi panteonunda jurnalistlərlə söhbəti zamanı müxbirin Şuşanın mənsubiyyəti ilə bağlı qalmaqallı bəyanatını xatırladarkən deyib.
Jurnalist Paşinyana müraciətlə deyib: “Burada Şuşa uğrunda döyüşənlər də dəfn olunub, sizsə bəyan etmisiniz ki, Şuşa Azərbaycan şəhəridir”.
Nikol Paşinyan bu suala belə cavab verib: “Siz dediniz ki, mən Şuşanın Azərbaycan şəhəri olduğunu söyləmişəm? Bunu harada demişəm? Öz əlinizlə kağıza yazın, sitat gətirin ki, bunu mən demişəm, o zaman sualınıza canlı yayımda cavab verəcəyəm. Sitat gətir ki, belə demişəm, bu olmayınca isə qalan heç bir sualınıza cavab verməyəcəm”.
Xatırladaq ki, yanvarın 20-də parlamentdə hökumət saatında çıxış edən Paşinyan demişdi ki, münaqişə başlamazdan əvvəl Şuşa əhalisinin 90%-ni azərbaycanlılar təşkil edib.