Qarabağda arıçılığın inkişafına dair proqram hazırlanır
Azərbaycan Arıçılar Assosiasiyası tərəfindən Qarabağda arıçılığın inkişafına dair proqramın hazırlanmasına başlanılıb.
Bunu “APA-Economics”ə açıqlamasında Assosiasiyanın sədri Bədrəddin Həsrətov deyib.
Onun sözlərinə görə, görülən işlər çərçivəsində bir müddət əvvəl mütəxəssislər Qarabağ bölgəsinə ezam olunublar.
“Biz təxminən 10 gün ərzində orada olduq, əraziləri gəzdik. Hesab edirik, işğaldan azad edilmiş torpaqlarda bu təsərrüfatın inkişafı məhsuldarlığın 100% artımına səbəb olacaq. Ümumiyyətlə, keçmişdə olduğu kimi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan və s. bölgələr arıçılıq üçün ideal şəraiti olan ərazilərdir. Qarabağ bölgəsində arıçılığın inkişafını qiymətləndirmək məqsədilə sabah da bir qrup arıçılar yenidən Şuşaya, Kəlbəcərə, Laçına, Xocavəndə ezam olunacaqlar”, – deyə B. Həsrətov qeyd edib.
Assosiasiya sədrinin sözlərinə görə, bir neçə arıçı aprel-may aylarında başlayan mövsümə öz təsərrüfatlarını Qarabağ bölgəsinə köçürməklərinə dair müraciət ediblər ki, bu müraciətlər artıq dövlətə təqdim olunub.
“Qarabağda arıçılıq sürətləndirilsə, birmənalı olaraq istehsal artacaq, balın qiyməti aşağı düşəcək. Qiymət aşağı düşsə, məhsulun idxalına maraq azalacaq. Belə olan təqdirdə, əlbəttə, biz xarici bazarla rahat ayaqlaşa biləcəyik. Bir sözlə, Qarabağa qayıdışın üstünlükləri çox olacaq”, – deyə B. Həsrətov bildirib.