23 Dekabr 2024

Çində qəza baş vermiş qızıl mədənindən daha 10 şaxtaçı çıxarılıb

Çinin Şandon vilayətində qızıl mədənində baş verən partlayışdan sonra 14 gündür dağıntılar altında qalan şaxtaçıların artıq 11-i mədəndən çıxarılıb.

AZƏRTAC xəbər verir ki, təxminən 600 metr dərinlikdə qalan şaxtaçıların xilas edilməsi üçün qazılmış quyu vasitəsilə yanvarın 24-də yerli vaxtla saat 11:00 radələrində (Bakı vaxtı ilə 7:00) bir şaxtaçı çıxarılıb. Xilasetmə əməliyyatının davamında daha 10 şaxtaçı xilas edilib. Fiziki cəhətdən xeyli zəifləyən şaxtaçılar dərhal xəstəxanalara yerləşdiriliblər. Hazırda digər şaxtaçıların yerinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir. Axtarış-xilasetmə işlərinə 630 nəfər canlı qüvvə, 400-dən çox texnika cəlb olunub.

Qeyd edək ki, Çisia şəhərində özəl şirkətlərdən birinə məxsus mədəndə yanvarın 10-da günorta vaxtı partlayış baş verməsi nəticəsində 22 şaxtaçı ilə əlaqə kəsilmişdi. Şəhərin fövqəladə hallar departamentinə bu barədə məlumat yanvarın 11-i axşam verilib. Dərhal axtarış işlərinə başlanılıb. Yanvarın 17-də 12 şaxtaçının yeri müəyyən edilib, dar quyu vasitəsilə onlara telefon, ərzaq, dərman və tibbi ləvazimatlar ötürülüb. Bir neçə gün əvvəl komaya düşmüş bir şaxtaçının öldüyü təsdiqlənib.