22 Noyabr 2024

Bərdədə fermerlər yanğın təhlükəsizliyi mövzusunda maarifləndirilib – FOTO

Bərdədə bələdiyyə işçiləri, sahibkar və fermerlər təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda maarifləndiriliblər.

Media1.az-ın verdiyi məlumata görə, təbiət ərazilərində yanğın təhlükəsizliyi ilə bağlı sahibkar və fermerlərinin iştirakı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirmə tədbiri keçirilib. Görüşdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin , Fövqəladə Hallar Nazirliyinin Bərdə yerli strukturunun nümayəndələri, bərdəli bələdiyyə işçiləri, sahibkar və fermerlər iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev yanğın təhlükəsizliyi ilə əlaqədar hər kəsi diqqətli olmağa çağırıb, qarşıda duran vəzifələrdən danışıb, bu mövzuda keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Sonra Ekoloji İnformasiya İctimi Birliyinin sədr müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru, ekoloq Xosrov Musayev çıxış edərək, yanğınların böyük əksəriyyətinin bilavasitə insan faktoru ilə əlaqədar olduğunu bildirib. Ekoloq bəzi şəxslərin taxıl biçildikdən sonra sahəni yandırdıqlarını və bunun məhsuldarlığa xeyri olduğunu düşündüklərini, əslində isə bunun əksinin baş verdiyini qeyd edib. Xosrov Musayev həmçinin bildirib ki, iqlim dəyişikliklərinin baş verməsi, havaların quraq keçməsi su ehtiyyatlarının tədricən azalması ilə müşahidə olunur. Bunun üçündə ərzaq təhlükəsizliyi baxımından torpağın münbitliyini qorumaq, suvarmada yeni texnologiyaların tətbirinə nail olmaq lazımdır. Küləş sahələrinin yandırılması isə torpağın münbitliyini məhv edən amillərdən biri kimi nəzərdən keçirilməlidir.

Fövqəladə Hallar nazirliyinin yerli bölməsinin əməkdaşları isə çıxışında sahibkar və fermerlərə təbiət ərazilərində yanğın təhlükəsizliyi mövzusunda ətraflı məlumat verərək, ötən il qeydə alınan yanğın hadisələrinin statistikasını diqqətə çatdırıb.

Tədbirdə yerli bələdiyyə qrumlarının əməkdaşları çıxışları zamanı bildiriblər ki, əkin sahələrinin yandırılması yolverilməzdir, bu cür hallar qanun pozuntusu olaraq məsuliyyət doğurur. Yanğın hallarının qarşısının alınması üçün fermerlərə əkin sahələrinə od vurmamaları, əkinin ətrafında müəyyən olunmuş qaydada şumlanmış “mühafizə zolağı” yaratmaları və digər yanğın təhlükəsizliyi qaydalarına riayət etmələri barədə xəbərdarlıqlar edilib, onlara lazımi tövsiyələr verilir.

Media1.az- Musa Muradlı