Bir qrup həkim Səhiyyə Nazirliyi qarşısında aksiya keçirib

Xaricdə təhsil almış bir qrup həkim bu gün Səhiyyə Nazirliyi qarşısında aksiya keçirib.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən “İki sahil”ə bildirilib ki, 30 mart tarixində Səhiyyə Nazirliyinə xarici ölkələrdə klinik ordinatura və internatura təhsili almış bir qrup həkim müraciət edib:
“Həmin şəxslər Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən qəbul edilib, onların müraciətləri dinlənilib. Müraciət həmin həkimlərin aldıqları klinik ordinatura və internatura təhsilinə əsasən tibb fəaliyyəti ilə məşğul olmalarına icazə verilməsi ilə bağlı olub. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən məsələnin tənzimlənməsi üçün normativ hüquqi akt layihəsi hazırlanıb və razılaşdırılması üçün Təhsil Nazirliyinə təqdim olunub. Müraciət edən həkimləri prosesin gedişatı ilə mütəmadi olaraq məlumatlandırmaq üçün əlaqə nömrələri götürülüb. Hər bir mərhələ barədə onlarla əlaqə saxlanılacaq” – açıqlamada deyilib.