Erməni nazirin Qarabağa səfərini Bakıda səbrsizliklə gözləyirlər: Ermənistana “qaynar sürpriz” isə artıq hazırdır
Ermənistan onilliklər ərzində törətdiyi təxribatların cəzasız qalmasını vərdişlidir. Rəsmi İrəvan provakativ davranışlarının yenə də cəzasız və ya cavabsız qala biləcəyinə ümid bəsləyir…
Rəsmi Bakı isə öz hədəflərini reallaşdırarkən səbrli və təmkinli davranır, müşahidə edir, ən kritik anda “qırmızı cizgi”ni Azərbaycanın maraqları tələb edən yerdən çəkir…
Ordusu darmadağın edilmiş Ermənistanın yenidən rəsmi Bakı ilə “səbr sınama oyunu”na girməsi olduqca təhlükəli nəticələr verə bilər…
İkinci Qarabağ savaşında Ermənistan biabırçı məğlubiyyətə uğrasa da, rəsmi İrəvan uzun müddət ənənəvi “ərköyünlük” vərdişlərini davam etdirməyə çalışırdı. Müəyyən mənada, bu vərdişlərini tamamilə itirməmək üçün onları qorumağın yollarını sınaqdan çıxartmağa cəhd göstərirdi. Və bu məqsədlə də, davamlı olaraq, provakativ addımlar atırdı.
Əslində, təəccüblü deyildi. Çünki erməni xisləti təxribat “istehsalı”nda təcrübəlidir. Onilliklər ərzində törətdikləri təxribatların cəzasız qalmasını hələ də unuda bilmirlər. Yenə də provakativ davranışlarının cəzasız və ya cavabsız qala biləcəyinə ümid bəsləyirdilər.
Ona görə də, savaşdan sonra bəzi erməni nazirlər və rəsmilərin Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgəyə səfərləri ilə yeni oyun şərtləri kəşf etməyə can atırdılar. Bölgəyə erməni siyasətçilərin və nazirlərin səfərləri ilə Ermənistanın yenidən xortlamağa çalışan separaçılar ilə bağlantılarını adiləşdirmək niyyəti güdürdülər. Bununla da əvvəlki status-kvonu bərpa etməyin mümkün ola biləcəyinə ümid bəsləyirdilər.
Əslində, başlanğıcda hədəflərinə çata biləcəklərinə yönəlik atmosferin sezilməsi onları müvəqqəti də olsa, şirnikləndirmiş də ola bilərdi. Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə erməni nazirlərin və rəsmilərin səfər turnelərinin olduğu bir mərhələ yaşandı. Əvvəlcə Ermənistanın əmək və sosial sahəyə cavabdeh bir naziri gəldi, baş separatçı Araik Arutyunyan ilə görüşdü və getdi.
Sonra Ermənistan parlamentinin deputatları Edmon Marukyan və Taron Simonyan Xankəndiyə gedərək, qondarma qurumun “Təhlükəsizlik Şurası”nın sədri Vitali Balasanyan ilə görüşmüşdülər. Rəsmi Bakı isə susdu, özünü baş verənləri müəmmalı şəkildə müşahidə etməklə kifayətlənmiş kimi göstərmişdi.
Deyəsən, rəsmi Bakının reaksiya verməməsi Ermənistan rəhbərliyini daha da şirnikləndirdi. Hədəflərinə çatmaq üçün münbit şərait yarandığını düşündülər. Və bu dəfə Ermənistanın xarici işlər naziri Ara Ayvazyanı göndərdilər. Yəni geopolitik təxribatların əhatə dairəsini nisbətən böyütməyə çalışdılar.
Maraqlıdır ki, rəsmi Bakı bu dəfə də gözlənildiyindən daha təmkinli davrandı. Erməni nazirin ölkə ərazisinə qeyri-qanuni səfərinə Azərbaycan Xarici işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri səviyyəsində xəbərdarlıq açıqlaması ilə kifayətləndi. Və bu, Azərbaycan cəmiyyətində ciddi narazılığa səbəb olmamış deyildi.
Ancaq sonrakı proseslər göstərdi ki, rəsmi Bakı Ermənistanın bütün provakativ davranışlarını diqqətlə izləyirmiş. Üstəlik, səbrli və təmkinli reaksiya ilə Ermənistanın daha çox təxribat törətməyə şirnikləndirməkdə hətta maraqlıymış. Çünki problemi dərinləşdirib, sonra bir zərbə ilə kökündən həll etmək bəzən daha effektli olur.
Rəsmi Bakı da deyəsən, elə bu metodu sınaqdan çıxartdı. Əvvəlcə, Azərbaycan Prezidenti İlham Əliyev rəsmi İrəvana sərt xəbərdarlıq edərək, barmaq silkələdi, həddini bildirdi, duracağı yeri göstərdi.
Ardınca Moskva görüşündə baş nazir Nikol Paşinyana provakativ davranışların təhlükəli nəticələr doğura biləcəyi xatırladıldı. Azərbaycan Prezidenti İlham Əliyevin “10 noyabr anlaşmasının icrası qarşısında heç bir ciddi problem yoxdur. Əminəm ki, Ermənistan bu anlaşmanı təftiş etməyə cəhd göstərməyəcək” deməklə, rəsmi İrəvanın köhnə status-kvonu bərpa etmək ümidlərinin üzərindən birdəfəlik xətt çəkdi.
Belə anlaşılır ki, rəsmi Bakı öz hədəflərini reallaşdırarkən səbrli və təmkinli davranır, müşahidə edir, ən kritik anda “qırmızı cizgi”ni Azərbaycanın maraqları tələb edən yerdən çəkir. Rəsmi İrəvanın isə əli yenə də boşa çıxır, ümidləri reallıqdan uzaq qalır.
Ermənistanda hələ seçki ehtimalı olmasa da, artıq indidən baş nazir postuna iddia edən Vazgen Manukyan da bu reallığı etiraf edir: “11 yanvar tarixində Moskvada imzalanmış bütün sənədlər yalnız Azərbaycanın maraqlarına uyğundur. Rəsmi İrəvan Nikol Paşinyanın olduğu hər hansı bir danışıqda uğur qazanmayacaq, əksinə, həmişə uduzacaq”.
Bütün bunlar onu göstərir ki, Azərbaycan rəhbərliyi heç bir məsələdə xüsusi tələskənliyə yol vermir. Əksinə, uyğun məqamın yetişməsini səbrə gözləyir, ardınca da Ermənistanın başı üzərində daim hazır saxladığı “dəmir yumruq” zərbəsini endirir.
Son günlər rəsmi Bakı eyni taktikanı eynilə davam etdirməkdədir. Buna əmin olmaq üçün Azərbaycan Xarici İşlər Nazirliyinin son xəbərdarlıq bəyanatını göstərmək olar: “Rəsmi Bakının icazəsi olmadan Ermənistan xarici işlər naziri bir daha Azərbaycan ərazilərinə səfər edəcəyi təqdirdə, bu, Ermənistan tərəfinə baha başa gələ bilər”.
Təbii ki, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidə manevr imkanı qazanmağa can atan rəsmi İrəvan üçün bu xəbərdarlıq mesajı “soyuq duş” effekti yaratmış kimi görünür. İndi rəsmi İrəvan ya həmin bölgə ilə bağlantılarının tamamilə qopması ilə barışmalıdır, ya da təhlükəli bir riskin içərisinə girməlidir. Yəni, rəsmi Bakının səbrini tükəndirə biləcək provakativ davranışlarla, Azərbaycanın cavab addımlarının necə olacağını sınaqdan çıxartmalıdır.
Ancaq ikinci variant həqiqətən də çox riskli və təhlükəli seçim olardı. Çünki rəsmi Bakının “səbr kasası” dolanda necə sərt və qətiyyətli davrandığını elə Ermənistan özü hamıdan yaxşı bilir. Paşinyan hakimiyyətinin ötən ilin ortalarında törətdiyi təxribatlara Azərbaycanın verdiyi cavabın nəticələri artıq örnək təşkil edə biləcək qədər ortadadır.
İndi ordusu darmadağın edilmiş Ermənistanın yenidən rəsmi Bakı ilə səbr sınama oyununa girməsi olduqca təhlükəli nəticələr verə bilər. Və bunun belə olduğunu Azərbaycan Prezidenti İlham Əliyev də açıq mətnlə qarşı tərəfin diqqətinə çatdırıb.
Belə ki, Prezident İlham Əliyev Şuşa şəhərinə səfəri çərçivəsində verdiyi sərt mesajlarda bu məsələdə güzəşt olmayacağını və qətiyyətli addımlar atılacağını vurğulayıb: “Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın. Yoxsa ordu qurub, torpaqları geri alacaqlar? Gəlin alın, görüm, necə alırsınız? İti qovan kimi qovmuşuq sizi, rədd etmişik, cəhənnəmə göndərmişik”.
Azərbaycan Prezidenti bu açıqlama ilə hər şeyin həmişəlik bitdiyinə eyham vurmuş kimi görünür. Eyni zamanda, rəsmi İrəvanın bütün cəhdlərinin və təxribat qaynaqlı oyunlarının mənasız olduğunu vurğulayır.
Yəni belə anlaşılır ki, rəsmi İrəvan üçün əvvəlki dövrə geri dönüş şansı yoxdur. Köhnə dövrün “qapıları” artıq qapanıb və yeni mərhələ başlayıb. Və bundan sonra heç bir şey əvvəlki kimi olmayacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında statusla bağlı yer alan məqam da rəsmi İrəvan üçün “ümid qapısı”nın artıq çoxdan qapanması anlamına gəlir.
Belə ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin statusu ilə bağlı Ermənistan xarici işlər nazirinin əsassız iddiasına sərt reaksiya verilib. Və Prezident İlham Əliyevin status məsələsini tarixin zibilliyinə göndərdiyi Ermənistan rəsmilərinə xatırladılıb.
Göründüyü kimi, hər hansı erməni nazirin bölgəyə icazəsiz səfərini səbrsizliklə gözləyən rəsmi Bakı, Azərbaycan üçün prinsipial məsələlər üzrə bütün “qırmızı cizgiləri” birmənalı və tam dəqiqliyi ilə müəyyən edib. Üstəlik, kimsənin, o cümlədən də Ermənistanın bu cizgilərə yaxın düşməsinə imkan verməyəcəyini də birmənalı şəkildə sezdirir. Bunun doğura biləcəyi təhlükəli nəticələr barədə isə hər kəsin anlayacağı dildə “ipucları” verir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu