23 Dekabr 2024

Bakıda təhsil alan, Xankəndidə parlayan şair – “Artsax”ın himininin müəllifi olmasıyla fəxr edən Akopyan

2001-ci ildə Ermənistanın dövlət mükafatlarının siyahısına daha bir mükafat əlavə olunub – faşist ideologiyasının daşıyıcısı və hərbi cinayətkarın adı ilə bağlı “Qaregin Njde” medalı.

Faşist təfəkkürlü Ermənistan rəhbərliyinin bu adda mükafat təsis etməsi heç də təəccüblü deyil. Təəccüblü olan başqa məsələdir. Mükafatın nizamnaməsində konkret olaraq qeyd edilib ki, medal Ermənistan silahlı qüvvələrində xüsusi xidmətləri olan zabit və gizirlərə təqdim olunur. Belə olan halda qondarma “Dağlıq Qarabağ respublikası”nın qondarma yazıçılar ittifaqının sədri Vardan Akopyan bu medalla necə təltif olunub?

Əlbəttə, ermənilər bu məsələyə də çox asanlıqla don geyindiriblər, Vardan Akopyanın qələmini silah sayaraq onu Dağlıq Qarabağın “mərd əsgəri” kimi dəyərləndiriblər.

Kimdir Vardan Akopyan? Qaregin Njde “şərəfi” ona hansı xidmətlərinə görə ərməğan edilib?

Vardan Akopyan 1948-ci ildə Hadrutda anadan olub. Orta məktəbi bitirdikdən sonra Bakıda keçmiş Lenin adına Azərbaycan Pedaqoji İnstitutda ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra onun təyinatı başqa rayona verilsə də, Vardan Akopyan təyinat yerdəyişməsinə nail olaraq ilk əmək fəaliyyətinə ədəbi işçi kimi Xankənsi şəhərində, Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin orqanı olan “Sovetskiy Karabax” qəzetində başlayıb.

Sovet rejiminin asıb-kəsən vaxtları olmasına baxmayaraq Akopyanın yazılarında sətiraltı olaraq qatı millətçilik özünü tez-tez biruzə verib. Vilayət rəhbərliyində işləyən millətçi ermənilər üçün Vardan Akopyan əsl “patriot” sayılıb və onun daha irəli getməsinə şərait yaradılıb. Bununla da o, qısa müddətdən sonra qəzetdə şöbə müdiri, daha sonra isə redaktor müavini vəzifələrinə irəli çəkilib.

Vardan Akopyan 1983-cü ildə Azərbaycan Yazıçılar İttifaqının Dağlıq Qarabağ Muxtar Vilayəti filialına məsul katib təyin edilib.

Bakıda ezamiyyətlərdə olarkən özünü beynəlmiləlçi kimi göstərən, xalqlar dostluğundan ağızdolusu danışan Vardan Akopyan 1988-ci ildə əsl simasını biruzə verib. Dağlıq Qarabağda erməni hərəkatı başlananda onun ən fəal üzvlərindən biri olan Akopyan “Krunk” təşkilatı yaradılanda qatı millətçiliyi nəzərə alınaraq sədr müavini seçilib.

Arkadi Manuçarovun saray şairinə çevrilən Vardan Akopyan öz şəxsi mənafeyini də unutmayıb. Azərbaycanın hesabına zənginləşən Manuçarov “səxavətini” Akopyandan əsirgəməyib ki, bu da millətçi şairi Azərbaycan əleyhinə təbliğatda daha da “ilhamlandırıb”.

V.Akopyan 1989-cu ildə “Artsax” jurnalını və “Artsax” nəşriyyatını təsis edib. 1991-ci ildə o, “Artsax” Yazıçılar İttifaqının sədri vəzifəsinə sahib olub. Bunlarla yanaşı, Vardan Akopyan Xankəndi şəhərində “Qriqor Narekatsi” universitetini də yaradaraq onun rektoru olub.

Qondarma “DQR”-in himnini öz “şah əsəri” adlandıran Akopyan bu “himn”in sözlərinin müəllifi olmaqla özünü toxunulmaz şəxs sayıb. Həqiqətən də Vardan Akopyan 1988-ci ildən bu günə qədər Dağlıq Qarabağda erməni “lider”lərin konfliktlərindən, çəkişmələrindən, həbslərindən, qruplaşmalarından, bir-birlərinə qarşı terrorlarından hiyləgərliyi sayəsində özünü “qoruya” bilib. İstənilən vəziyyətdə simasını dəyişməyi, özünə sərf edəcək mövqeni seçməyi, mənafeyinə uyğun əyilməyi bacaran Akopyan bu illər ərzində hamıya “yararlı” olmağa müvəffəq olub.

Bütün bunlara görə də özünü Qarabağ ermənilərinin əsgəri sayan Vardan Akopyan “Qaregin Njde” medalı ilə təltif olunub.
2015-ci ildə qondarma “DQR”-in “yazıçılar ittifaqı”nın 5-ci qurultayı keçirilib. Vardan Akopyan “ittifaq”a yenidən sədr seçilib. Həmin qurultayda o, “DQR”-də ədəbi mühitn yüksək səviyyədə olduğunu vurğulayıb, “respublika”nın şair və yazıçılarına vətənpərvərlik mövzusuna daha çox yer vermələrini tövsiyə edib. Akopyan daha sonra “DQR”-in özünümüdəfiə qüvvələrinin şəxsi heyəti ilə tez-tez görüşlərin keçirilməsini zəruri sayıb və növbəti beş il üçün tədbirlər planını açıqlayıb.

Yəqin ki, Akopyan heç ağlına da gətirməyib ki, növbəti “beşillik” sona catmayacaq. “Patriot” şair erməni terroruna son qoyulacaq günün yaxında olduğunu düşünməyib.

Bəli, 44 günlük müharibə Vardan Akopyanın “tədbirlər planı”nı alt-üst etdi. Erməni şair və yazıçıları “DQR” ordusunun şəxsi heyəti ilə görüşə bilmədi. Akopyanın Şüşa görüşləri də təxirə düşdü. “Artsax”ın himni də qondarma “respublika”nın qondarma dövlət atributu kimi buxarlanıb yoxa çıxdı. İndi yazdığı həmin “himn”i Akopyan yalnız qorxu altında “zümzümə” edə bilər.

İlham Cəmiloğlu, Musavat.com