22 İyun 2025

Dilqəm və Şahbazın əsir götürüldüyü kənddən görüntülər VİDEO

Müdafiə Nazirliyi yanvarın 12-də Kəlbəcərin Şaplar kəndindən  videogörüntülər yayıb.


Bu kəndin Ermənistan-Azərbaycan münaqişəsi tarixində öz yeri var, çünki 2014-cü ilin 11 iyulunda Dilqəm Əsgərov (Əsgərov bu kənddə doğularaq böyümüşdür) və Şahbaz Quliyev məhz Şaplar kəndi ərazisində erməni silahlı birləşmələri tərəfindən əsir götürülmüşdü. Əməliyyat zamanı başqa bir azərbaycanlı – Həsən Həsənov həlak olmuşdu. Həsənovun cəsədini geri almaq mümkün olsa da, Əsgərov və Quliyev 6 il əzablı əsir həyatı yaşamağa məcbur oldular, yalnız keçən ilin dekabrında, ordumuzun qələbəsindən sonra azad edilib vətənə döndülər.  

 
Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ 2009-cu ildə Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün “ikinci Məkkə-Mədinə” olduğunu deyirdi. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edir.



Kəndin adı bəzi mənbələrdə Şapı kimi qeydə alınıb. Bir variantda əslinin Şahpərilər olduğu söylənilir və sonradan Şapı şəklinə düşüb. Yerli əhalinin məlumatına görə kəndi 19-cu əsrdə Kərbəlayı Ellaz adlı bəy qızı Şahpəriyə cehizlik verilmiş binə yerində, öz uşaqları üçün salıb, ad da buradan qalıbdır.

Şaplar kəndi 1993-cü ildə işğal edilmişdi. 25 noyabr 2020-ci ildə isə üçtərəfli bəyanata əsasən Şaplar kəndi də daxil olmaqla Kəlbəcər rayonu işğaldan azad edilmişdir.
 
Hazırladı Oğuz