Türkiyənin gələcək danışıqlar formatında iştirak etməsi vacibdir – Brayza
İran da danışıqlar prosesinə qoşulmaq istəyir
Hesab edirəm ki, üç Qafqaz ölkəsinin, eləcə də Türkiyənin gələcək danışıqlar formatında iştirak etməsi tamamilə vacibdir. Rusiyanın da bu məsələdə iştirak etməsinin lazım olduğunu düşünürəm.
Bu sözləri ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.
“Məsələnin məğzi bundan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun digər iki həmsədri olan ABŞ və Fransa, təəssüf ki, iyul ayında gedən şiddətli döyüşlərdən sonra “siyasi vakuum” yaratdılar. Türkiyə və Rusiya bu boşluğu hiss edirlər və gələcək danışıqlar prosesində iştirak etməlidirlər”, – Brayza bildirib.
Keçmiş səfir İranın danışıqlar prosesinə daxil edilməsi məsələsinə də toxunub:
“Bəli, bilirəm ki, İran da danışıqlar prosesinə qoşulmaq istəyir. Azərbaycanda səfir olduğum dövrdə İranın sabitliyi pozan hərəkətlər etməyə cəhd göstərdiyindən də xəbərdaram. Digər tərəfdən, İran əhalisinin ən azı dörddə birinin azərbaycanlı olduğunu nəzərə alaraq, İranın Azərbaycanda baş verən hadisələrdə güclü marağı olduğunu başa düşə bilərik”, – deyə Brayza bildirib. (axar.az)