Dəfələrlə həbs edilən “falçı” 5 min manatlıq oğurluq etdi
Kürdəmirdə fala baxmaq adı ilə insanları aldadaraq pullarını və qızıllarını mənimsəyən qadın polislər tərəfindən saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir rayon sakini olan qadın Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək yanvar ayının 19-da tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini və fala baxmaq adı ora daxil olduğunu, həmin zaman isə onun huşunu itirməsindən istifadə edərək 500 manat pulunu və 4 800 manat dəyərində qızıl-zinət əşyalarının oğurladığını bildirib.
Müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pullarını və qızıl-zinət əşyalarını mənimsəyən qadının dilənçiliklə məşğul olan Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Aygün Abdullayeva olduğu müəyyən edilib.
Həmin qadın polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Saxlanılan qadın barəsində Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Həmin qadının fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, eləcə də Kürdəmir Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.