Həsən Ruhani: “Gördük ki, psixi cəhətdən normal olmayan adam necə ölkəsinə və dünyaya problem yaradır”

“Vaşinqtondakı iğtişaşlar bir daha Qərb demokratiyasının zəifliyini və Qərb ölkələrindəki populizmin mənfi təsirinin tərəflərini təzahür etdirdi”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani ABŞ-da 4 nəfərin ölməsi ilə nəticələnən son siyasi böhranla bağlı yaranan hadisəni şərh edərkən danışıb.
“Bu gün və dünən bizim ABŞ-da gördüyümüz mənzərə ilk olaraq Qərbin demokratik anlayışının və onun əsaslarının hansı dərəcədə zəif olmasını göstərdi. Həmin ölkələrdə elm və sənaye inkişaf etsə də, populizmin fəsadları ortaya çıxmaqdadır”,-deyə prezident Ruhani sözlərinə aydınlıq gətirib.
“Biz hakimiyyətə gələn bir populistin (Donald Trampı nəzərdə tutulur-red.) dövlətinə zərər vurmasının da şahidi olduq. Bu adam ABŞ-ın avtoritetinə və onun reputasiyasına ağır zərbə endirib. Tramp Birləşmiş Ştatların bütün dünya ilə münasibətlərinin korlanmasına şərait yaradıb”,-deyə İran lideri söyləyib.
Bundan başqa Həsən Ruhani ABŞ-ın keçmiş dövlət başçısını “psixi cəhətdən normal olmayan insan” kimi səciyyələndirib.