Xanımlardan ibarət kamera orkestri- Azərbaycanda ilk dəfə FOTO
Azərbaycanda ilk dəfə xanımlardan ibarət kamera orkestri yaradılıb. Orkestrin yaradıcısı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, xalq artisti Fidan Hacıyevadır.
Xalq artisti Fidan Hacıyeva yaratdığı orkestrdə böyük perspektiv gördüyünü dilə gətirib: “Öz orkestrimin olması ən böyük arzum idi. Çox şükür ki, bu arzuma nail oldum. Böyük proqram hazırlayırıq. İlk çıxışlarımız 15-16 dekabr tarixlərində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında baş tutacaq. Orada artıq məşqlərə başlamışıq. Orkestrin üzvləri peşəkardır. Gələn il onlarla birgə Heydər Əliyev Sarayında konsert vermək istəyirəm. Həmçinin, çıxışlarımızı müxtəlif ölkələrdə reallaşdırmaq istəyirik. Azərbaycanın ucqar kənd və rayonlarında imkansız uşaqlara təhsil verməklə bərabər həmin yerlərdə fəaliyyət göstərən musiqi müəllimlərinə ustad dərsləri keçməyi arzulayırıq. Bunu ifaçı həmkarlarımın köməyi ilə reallaşdıracağıq”.
Bakı Musiqi Akademiyasının dosenti, tanınmış bəstəkar Könül Hüseynova isə bildirib ki, orkestrin adı məhz Fidan Hacıyevanın səs tembrinə uyğun olaraq seçilib: “Orkestr “Mezzo” adlanır. Ölkəmizin istedadlı ifaçılarından təşkil olunan bu orkestr xalqımızı, mədəniyyətimizi bütün dünyada layiqincə təmsil edəcək. Orkestrin yaradılması repertuar genişliyinə, eləcə də Azərbaycanın və Qərb ölkələrinin bəstəkarlarının əsərlərinin təbliğində çox böyük rol oynayacaq. Xaricdə belə orkestrlər var. Azərbaycanda isə bu, bir ilkdir. Fidan xanım gənc xanımlarımızın daim maariflənməsi və gözəl ideyalar arxasınca getməsinin tərəfdarıdır. Təhsillə bağlı əngəlləri olan xanımlar onu çox narahat edir. O, bu addımı ilə onlara çağırış etmək istəyir. Bundan əlavə, Fidan Hacıyevanın çox gözəl bir layihəsi də var. Rayon və kəndlərimizdə olan gənc qızlarımızın istedadlarını üzə çıxarmaq üçün maarifləndirici konsert proqramları hazırlamağı planlayırıq. Məqsədimiz isə ən imkansız ailələrin uşaqlarını seçib, təhsilini, yaşayış şərtlərini Bakıda təmin etməkdir. Onlar bizim və dövlətimizin nəzarəti altında öz təhsillərini davam etdirəcəklər”.
Əməkdar artist Fərid Əliyev isə Fidan Hacıyevanın bütün işlərinə, uğurlarına şahidlik etdiyini bildirib: “Fidan xanım gözəl bir işə imza atıb. Onu daim dəstəkləyirəm və yanındayam. Biz neçə illərdir tərəf müqabiliyik. O, hərtərəfli istedadlı bir insandır. Ümumən bu orkestrə, özümüzə uğurlar arzu edirəm. Mənim ilk addımlarım Fidan xanımın dəstəyi ilə reallaşıb. Buna görə də ona təşəkkür edirəm”.
Nigar Həsənli
Musavat.com