MİLLİ DİRÇƏLİŞDƏN MİLLİ TƏRƏQQİYƏ

1988-ci il ildə sovet imperiyasının dağılması ilə bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar başladı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya həmin dövrdə dəhşətli cinayətlərə əl atdı. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti daha kəskin xarakter alırdı. Ermənilərin Şuşa yaxınlığındakı Topxana meşəsində törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri daha da alovlandırdı. 1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürür, diri-diri yandırırdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya vermədilər. Ermənilər bununla da kifayətlənmədilər. 1988-ci ilin fevralın əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək istəmirlər.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı anti-Azərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Həmin gün Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss edirdi. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bununla da xalqımız uzun illər arzusunda olduğu müstəqilliyinə qovuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.
Qeyd edək ki, 1988-ci ildə xalq hərəkatının alovlandığı bir vaxtda Azərbaycana rəhbərlik edən siyasi qüvvələr mövcud vəziyyəti qiymətləndirə bilməmişdilər. Xalqın maraqlarından daha çox imperiyanın maraqlarını düşünən bu adamların siyasi səbatsızlığından 20 Yanvar faciəsi yaşandı. Bir-birini əvəzləyən hakimiyyətlər xalqın dirçəlişini mütərəqqi səmtə yönəltmək iqtidarında deyildilər. Həmin o ağır məqamlarda ümummilli lider Heydər Əliyev xalqın dayağına çevrildi və xalqın qəlbində, iradəsində doğulan istiqlal ruhunu ölməyə qoymadı, onu dirçəltdi, ayağa qaldırdı.
Azərbaycanın müstəqilliyinin qazanılmasında, onun qorunub saxlanmasında böyük əmək sərf edən ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyi elan edilməmişdən bir il əvvəl, yəni 1990-cı ilin 17 noyabr tarixində üçrəngli Azərbaycan bayrağını Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qaldırdı. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibdə ilk sessiyası keçirildi. Muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı. Tarixçilər bildirirlər ki, imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Bu tarixi addım xalqın taleyində müstəsna rol oynadı. Beləliklə milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun əsası qoyuldu.