21 Noyabr 2024

Erməni rəqibini rinqdə nokaut edən döyüşçü -O, Qarabağda da eynisini etdi

İşğal altındakı torpaqlarımızın hər qarışı, hər addımı qəhrəman əsgərlərimizin, yaralı qazilərimizin, ən əsası əbədiyyətə qovuşan şəhidlərimizin qanı bahasına azad olundu. Şəhidlərimizin hər birinə aid məlumatları, xatirələri yazmaq, onları işıqlandırmaq bizim onların ruhu qarşısında bitib-tükənməyən müqəddəs borcumuzdur! Bu həm də bizim Vətən borcumuzdur!

Mən bir oğul tanıyıram, elə bir oğul ki, ömrünün ilk bahar çağında Şəhidlik zirvəsinə ucalaraq öz adını təkcə ailəsinin, doğmalarının deyil, bütün Azərbaycan xalqının əbədi yaddaşına həkk edə bildi;

Mən bir oğul tanıyıram, elə bir oğul ki, torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsi başladığı ilk gündən savaşa atılaraq, Füzuli rayonunun müxtəlif kəndləri və şəhər istiqamətində gedən döyüşlərdə yaralı və şəhidlərimizi döyüş

bölgəsindən çıxarmaq üçün ən çətin, ən keçilməz yerlərə girərək Vətən borcunu layiqincə yerinə yetirə bildi;
Mən bir oğul tanıyıram, elə bir oğul ki, döyüş bölgəsindən yaralılarımızı çıxaran zaman mənfur düşmənin torpaqlarımıza basdırdığı minanın qurbanı oldu və öz ölümü ilə xalqımızın yaddaşında əbədi həyat qazana bildi;

Bəli bu iğid 6 may 1996-cı ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində dünyaya göz açmış İsmayıllı Məhəmmədəli Elxan oğludur. Onun ən böyük arzusu Azərbaycanın işğal altında olan torpaqlarımızın – doğma Qarabağın azad edilməsi idi.
Məhəmmədəlinin babası İsmayıl kişi, nənəsi Ofelya ana 3 övladı – Elxan, Reyhan və Rövşən 1993-cü ildə Füzuli şəhəri erməni silahlı birləşmələri tərəfindən işğal edildikdən sonra rayonun Kürdmahmudlu kəndinə pənah gətirmiş və burada yaşamışlar.

Elxan müəllimin üç övladından evin sonbeşiyi olan Məhəmmədəlinin uşaqlıqdan karateyə olan həvəsi, əzm və iradəsi onun hələ 15 yaşında dünya çempionu adını qazanması ilə nəticələndi. Onun qazandığı müxtəlif fəxri adlar, medal və diplomlar

Məhəmmədəlinin bu qısa ömrünə çox şey sığdıra bilməsindən xəbər verir:

2007-ci ildə Bakı şəhərində keçirilən Azərbaycan çempionatında 35 kq çəki dərəcəsində 3-cü yeri tutub;

2007-ci ildə Füzuli rayonunda klublararası açıq çempionatda 40 kq çəki dərəcəsində 1-ci olub;

2008-ci ildə Bakı şəhər açıq çempionatında 47 kq çəki dərəcəsində 1-ci yeri tutub;

2009-cu ildə Bakı şəhər Səbail rayonunda keçirilən açıq çempionatda 50 kq çəki dərəcəsində 1-ci yeri tutub;

2011-ci ildə Gürcüstan Respublikasının Poti şəhərində keçirilən beynəlxalq turnirdə 65 kq çəki dərəcəsində 1-ci yeri tutub. Yarımfinalda erməni döyüşçüsünü nokautla məğlub edib.

2011-ci ildə Türkiyənin Antalya şəhərində karete üzrə keçirilən dünya çepionatında 70 kq çəki dərəcəsində 1-ci yerə çıxaraq dünya çempionu adını qazanıb.

Azərbaycan Respublikasının İdman nazirliyi və Karate Federasiyası tərəfindən fəxri fərmana layiq görülmüşdür. Qara kəmər 1-ci və 2-ci danla təltif olunub.

2013-cü ildə Ramil Əkbərov adına Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə çağrılır və xidmətini hərbi dəniz donanmasında başa vurur. Xidmət etdiyi dövrdə dəfələrlə fəxri fərmanla təltif edilir və baş matros rütbəsi alır. Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizəsində işə qəbul edilir və tezliklə leytenant rütbəsi alır. Vətənə, xalqa olan sevgisi onu hərbi xidmətdə işləməyə vadar etdi. Öz ərizəsi ilə 25.10.2018-ci il tarixində 706 saylı hərbi hissədə müvəqqəti orta həqiqi hərbi xidmət qulluqçusu kimi işə başlayır. İşlədiyi müddətdə bütün şəxsi heyətin hörmətini qazana bilmişdi. Yaxşı qulluğuna görə dəfələrlə təşəkkürnamə və pul mükafatları ilə qiymətləndirilir. Bu sətirləri istənilən qədər artırmaq mümkündür.

Ailədə daha çox ürək sirlərini bölüşdürdüyü, bir qıza olan ülvi sevgisi haqqında sirrini belə söylədiyi sevimli baçısı Səyyarənin sözlərinə görə, Məhəmmədəli 2011-ci ildə Poti şəhərində keçirilən beynəlxalq turnirin yarımfinalında erməni döyüşçüsünü nokauta salmasından, qalib olduğu yarışlarda dəfələrlə üçrəngli Azərbaycan bayrağının qaldırmasından fəxrlə danışarmış: “Uşaqlıqdan yaxşı at bəsləməyi və çapmağı çox sevirdi. Hətta, kənd cavanları arasında at çaparaq sürətlə əyilib yerdən kibrit qutusunu götürmək bacarığı ilə məşhur idi. Ailəmizin ən kiçiyi olmasına baxmayaraq, evimizdə hamıya (anam, atam, böyük qardaşım və mən) yaşına uyğun olmayan bir qayğıkeşliklə yanaşır, valideyin fikirlərini xüsusi hörmətlə qəbul edirdi. Ev xörəklərini daha çox bəyənirdi. Ən sevdiyi yemək anamın bişirdiyi kənd çolpasının çığırtmasıydı. Ata-anasına həm də dost, sirdaş idi. Onlara deyirdi ki, sizi qoymayacam bu şəraitsiz evdə yaşayasınız. İnşallah, tezliklə şəraitli bir ev tikdirib sizi ora köçürəcəyəm. Təəssüf ki, inşasına başladığı evin kubiklərinin 4-cü cərgəsi başa çatmamış 24 yaşında qəhrəmancasına şəhid oldu qardaşım”.

Məhəmmədəlini tanıyanlar onun cəsurluğu, qorxmazlığı, qəhrəmanlığı, böyük ürəyi haqda ağızdolusu, qürurla danışırlar. Anaya, Vətənə, millətimizə olan məhəbbəti, sevgisi Məhəmmədəlinin gözlərində qorxu hissini yox etmişdir. Qanlı müharibənin gedişində onun bu qorxmazlığı, igidliyi haqqında bir çox məqamlar ölümündən sonra yaxın dostlarının, yoldaşlarının dilinin əzbəri oldu: Vəzifəsi sürücülük olsa da, yaralı və şəhid əsgərlərimizin döyüş bölgəsindən çıxarılmasında hər zaman yaxından iştirak edirdi. Bir dəfə ağır döyüşlərdən sonra dağlararası, keçilməz yollarda qalan yaralılarımızı götürmək üçün ayrılan qrup orada mina quraşdırılması ehtimalı böyük olduğu üçün həmin yerə girməyə tərəddüd edirdi. Bu zaman Məhəmmədəli dözə bilmədi, dedi ki, mən həmin keçilməz yerə girib yaralılarımızı xilas edəcəyəm və şir kimi irəli atılaraq heç əyilmədən, qorxmadan həmin keçilməz yerə getdi. Qısa vaxt içində bir də gördük, qucağında bir yaralı ilə geri qayıtdı. Bundan sonra ürəklənən qrup həmin yerə daxil oldu.

O, torpağa tapşırılan gün dəfn mərasimində iştirak edən 5-6 nəfər tibb işçisi olan gənc qızlar ağlaya-ağlaya: biz Məhəmmədəlini çox istəyirdik, o başqa oğul idi! Bizi ön cəbhədə görəndə, çox əsəbləşdi və maşınına yığıb arxaya cəbhəyə qaytardı. Dedi ki, sizin burada nə işiniz var, bura sizin yeriniz deyil. Sizin görəcəyiniz işi mən özüm edəcəyəm, biz ölməmişik ki, qızlarımız ön cəbhədə olsunlar – dedilər.

Bu ağır günlərdə Məhəmmədəlinin idarə etdiyi, yaralı əsgərlərimizin ümid yeri olan tibb maşını mənfur düşmən tərəfindən bir neçə dəfə atəşə tutulur. Son dəfə, ölümündən bir həftə əvvəl qəlpə zərbəsindən zədələnmiş maşını ustaya gətirən zaman sevimli baçısına baş çəkir. Deyir ki, alçaq düşmənin atdığı mərmilərin qəlpəsi lap yaxınımdan, qulağımdan cəmi 10 sm məsafədə keçdi və maşının güzgüsünü qırıb tökdü, az qalmışdı… nəysə, Allah qorudu!! Bacısı Səyyarə söyləyir ki, 23 gün ərzində əynindən çıxmayan üst geyimi çox çirkli, çox zaman sürünərək yaralıları daşımaqdan toz-torpaq və qan ləkələri içində idi. Yumaq istədiyimi bildirdim, yox, quruda bilməzsən, tələsirəm dedi. Güc-bəla ilə əlindən alıb tez yuyub təmizlədim, yüksək fenlə, ütü ilə birtəhər qurudub gətirəndə: Bacı nə tez qurutdun – dedi və çox sevindi. Sonra yola düşərkən məni bərk-bərk qucaqlayıb alnımdan öpdü və dedi ki, əgər şəhid olsam, ağlama, başını dik tut! Anama, atama da çatdır sözlərimi, şəhid olsam mənimçün ağlamasınlar, başlarını hər zaman dik tutsunlar. Təki tezliklə doğma Qarabağımızı azad edək….

Hadisənin sağ qalan şahidlərinin məlumatına əsaslanan şəhid atası Elxan Quliyevin dediklərindən: “Axırıncı dəfə, 26 oktyabr 2020-ci ildə tarixdə qanlı döyüşlər getdiyi Füzuli şəhəri yaxınlığında tank əleyhinə minalanmış ərazidə əsgərlərimizin yaralandığını eşidən Məhəmmədəli deyir: “Mən yaralı qardaşlarımın orada qalmasına imkan verməyəcəm”. Həmin anda gedib 2 yaralı əsgərimizi götürüb qayıtdığı zaman görür ki, bir az aralıda daha bir yaralı əsgər var. Bu anda həkimə deyir ki, bu yaralını da götürək. Həkim deyir ki, onu da başqaları götürər. Məhəmmədəli “mən hərbiçi qardaşlarımı yaralı halda döyüş meydanında qoyub gedə bilmərəm” deyərək maşını yaralıya tərəf yönləndirir. Bir neçə metr getdikdən sonra maşının Məhəmmədəlinin idarə etdiyi tərəfdən təkəri tank əleyhinə minaya düşür və o qəhrəmancasına şəhid olur”. …

Ərazi təhlükəli olduğundan Məhəmmədəlini həmin gün oradan götürə bilmirlər. Oktyabrın 27-də onu şəhid olduğu yerdən götürə bilirlər və doğulduğu, böyüyüb-başa çatdığı torpaqda – Kürdmahmudlu kəndində dəfn olunur. Onun dəfn mərasimi 2 mindən artıq insanın iştirak etdiyi bir izdihama çevrilir, onu tanıyan və tanımayan hər kəs, hətta qonşu kəndlərdən eşidib-bilən insanlar bu mərasimə qatılırlar. Bəli, həmin gün valideynləri gördülər ki, Məhəmmədəli təkcə onların övladı deyil, o, artıq hamının, bütün xalqın övadıdır.

Məhəmmədəlinin valideynləri – atası Elxan müəllim, anası Arzu müəllimənin dediklərini olduğu kimi yazmaq istəyirəm: “Bəli o ölmədi, ölümsüzlüyü ilə hamımızın qəlbində əbədi məskən saldı, döyünən ürəyimiz, görən gözümüzdür Məhəmmədəli! Ailəmiz üçün Məhəmmədəlinin itkisi çox ağırdır, ancaq qürur duyuruq ki, o, Vətən uğrunda qurban gedib. Bu gün başda Ali Baş Komandanımız olmaqla qəhrəman oğullarımız Məhəmmədəlinin ən böyük arzusunu yerinə yetirdi, döğma Qarabağımızı düşmən işğalından azad etdi. Budur bizim ən böyük təsəllimiz!!!”

Sonda onu demək istəyirəm ki, ata yurdu hər kəs üçün sadəcə olaraq doğulduğu kənd deyil, bizim hər birimizin, xüsusilə də buğünkü gəncliyimizin Ata yurdu bütöv Azərbaycandır. Doğma Qarabağımızı mənfur düşməndən azad etmək uğrunda Ali Baş Komandan İlham Əliyevin diplomatik, ardıcıl mübarizəsi və müzəffər ordumuzun bir ay yarım ərzində götərdiyi rəşadəti şanlı, qürurverici bir tarix yaratdı. Əsrlərə bərabər 44 gün – Qarabağın azadlığı uğrunda gedən Vətən müharibəsi həm də Azərbaycanın bütövləşməsi tarixini yazdı.

İnanıram ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin hər birinin adı əsrlər boyu yaşayacaq, xatırlanacaq və ürəklərdə əbədi heykələ dönəcəkdir!

Güntəkin Nəcəfli,

AMEA Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, dosent, dövlət mükafatı laureatı