22 Noyabr 2024

Maşinist daş kəsən mişarın arasında qalaraq öldü

Bakıda daş karxanasında maşinist faciəvi şəkildə ölüb.

Bildirilib ki, noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən Qaradağ ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Media1.az-a Qaradağ Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.