Dünya ölkələri qapanmalara gedir, bəs Azərbaycan…

Həkim: “Yeni vaksinlərin ortaya çıxması gözlənilir…”
Azərbaycanda virusa yoluxanların sayı 554096 nəfərə çatıb. Onlardan 7372 nəfəri xəstəlikdən dünyasını dəyişib, 516013 nəfər isə xəstəlikdən sağala bilib. Ölkədə bu günə qədər 5 milyon insana vaksinin 1-ci dozası, 4,4 milyondan çox insana isə 2-ci doza vurulub.
Hələlik epidemiya ilə bağlı stabillik hökm sürdüyü deyilsə də, uzun müddətdir ki, ölkədə yoluxma sayı 4 rəqəmlidən aşağı düşmür. Eləcə də virusdan ölənlərin sayı 22-30 nəfər arasında dəyişir. Məsələn, 11 noyabra olan statistikaya görə 1774 yoluxma, 30 ölüm faktı qeydə alınıb. 10 noyabr tarixində 1876 yoluxma, 22 ölüm, 9 noyabr tarixində isə 1855 yoluxma, 27 ölüm faktı qeydə alınıb.
Ekspertlər ölkə ərazisində havaların soyuması ilə əlaqədar yoluxma sayının daha da artacağını ehtimal edir. Onu da əlavə edək ki, məktəblərdə də yoluxmalar müşahidə olunduğundan bir neçə məktəb distant təhsilə keçməli olub. Ehtimal olunur ki, yaxın vaxtlarda Azərbaycanda da 12-18 yaşlı yeniyetmələr vaksinasiya prosesinə qoşula bilər. Bu barədə rəsmilər də müəyyən vaxtlarda anonslar veriblər.
Qeyd edək ki, artıq dünyanın bir çox ölkəsində yenidən qapanmalar, qadağalar tətbiq edilir, məktəblər distant təhsilə keçirilir. Səbəb isə epidemioloji vəziyyətin gərginləşməsidir. Qonşu Rusiyada ümumilikdə koronavirusdan ölənlərin sayı 250 min nəfəri ötüb. Son sutka ərzində 38 058 nəfər koronavirusa yoluxub. 1 239 nəfər isə vəfat edib ki, bu da pandemiya dövründə qeydə alınan ən yüksək rəqəm olub. Eləcə də son sutka ərzində Türkiyədə 27 mindən, Gürcüstanda 5 mindən, İranda isə 7 mindən artıq insan virusa yoluxub.
Dünyada sürətli vaksinasiya prosesi aparılmasına baxmayaraq koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edir. İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. Son olaraq isə yeni aşkar edilən “Delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 mutasiyası dünyaya yayılmağa davam edir. Bu ştamm dünya ölkələrində tüğyan edən sələfindən 10-15% daha infeksion sayılır. Alimlərə görə, AY.4.2 pandemiya dövründə ən yoluxucu koronavirusa çevriləcək.
O da qeyd edilir ki, hazırda dünyada ən çox yayılmış “Delta” ştammı koronavirusun yeni mutasiyası ortaya çıxana qədər planetdə hakim olacaq. Beləliklə, dünya hazırda pandemiyanın dördüncü dalğasının cəngindədir. Bu dalğanın da nə qədər uzanacağı haqda hələlik ekspertlər proqnoz verə bilmir.
Bəs Azərbaycanı qarşıda nələr gözləyə bilər? Mövsüm ilə əlaqədar ölkədə yoluxma sayı nə qədər arta bilər? Yenidən qapanmalar mümkündürmü?

Zülfüqar Yusifov
Mövzu ilə bağlı “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov “Yeni Müsavat”a danışıb: “Vaksinasiya prosesinin getməsinə baxmayaraq bugünkü sayın bizi qane etmədiyini görürük. Hər halda yoluxma ilə bağlı statistika göz önündədir, ölənlərin də sayı 20-30 nəfər arasındadır və bu dəyişməz olaraq qalır. Dünyada da görürük ki, davamlı olaraq yoluxma sayı artır, artıq ölkələrdə qapanmalar tətbiq edilir. Məsələ bundan ibarətdir ki, biz tez-tez düşünürük ki, bəs niyə bu qədər vaksinasiya prosesi, tədbirlər həyata keçirilsə də yoluxma sayı yenə də çoxdur? İndi təsəvvür edək ki, vaksinasiya prosesi, qapanmalar olmasaydı, hazırki tablo hansı şəkildə ola bilərdi.
Doğrudur, bu gün vaksin öz öhdəsinə düşəni tam görə bilmir. Yəni əslində, vaksin vurulan şəxs gərək sonradan yoluxmasın. Lakin hər halda müşahidə edirik ki, vaksinasiya prosesi başladıldıqdan sonra insanlar xəstəliyi daha yüngül keçirir, reanimasiyada olanların, həmçinin ölənlərin sayı azalıb. Epidemioloji statistikalara nəzər yetirəndə görürük ki, pandemiyalar bəzən insanın nə etməsindən asılı olmayaraq, hansısa dövrdə özü keçib gedir. İndi də koronavirus epidemiyası bu cür olmalıdır. Bunun nə zaman olacağı isə məlum deyil. İndi sadəcə, tibb elminin, ictimai, davranış qaydaların rolu ondan ibarətdir ki, mümkün qədər bu dalğanı az yoluxma ilə başa vuraq. Bu gün tibb elmi bu xəstəliyin həm diaqnostikasında, həm də müalicəsində ciddi şəkildə irəliləyişlərə sahib olub. Lakin bu irəliləyişlər insanları xilas etməyə yetərli olmayıb. Artıq yeni dərmanlar ortaya çıxır, hazırda 2 dərman üzərində ciddi işlər aparılır. Bunlarla yanaşı, müalicələr də təkmilləşir, eyni zamanda yeni vaksinlərin ortaya çıxması gözlənilir”.
Zülfüqar Yusifov qeyd edib ki, koronavirusun mutasiyaya uğrayıb getdikcə zəifləyəcəyi ehtimalı da çoxdur: “Əlbəttə ki, bu mutasiyaların özünün də hansı vaxtda, fəsildə ortaya çıxması müəyyən rol oynayır”.
Həkim hazırda Azərbaycanda epidemioloji vəziyyətin stabil olduğunu vurğuladı: “Hər halda vəziyyətin kontrolda olduğu hiss olunur, əhali kifayət qədər bu sahədə artıq maariflənib, müalicə və müayinə üçün əldə bütün imkanlar, xəstəxanalarda yetərincə çarpayılar var və sairə. Yəni optimal şəkildə mübarizə aparılır desək, yəqin ki, yanılmarıq. Sadəcə, bu virus olduqca çətin problemdir və dünya səhiyyəsi qarşısında çox ciddi problemlər yaradıb. Ölkəmizdə də vətəndaşlar çalışmalıdır ki, tələb olunan qaydalara riayət etsinlər, daha məsuliyyətli olsunlar. Sanki insanlarımızda bir qədər rahatçılıq yaranıb. Bəzən tələb olunan yerdə maskadan istifadə etmir, yaxın adamlar ilə görüşəndə artıq məsafəsiz ünsiyyət saxlayır. Bütün bunlardan qaçmaq lazımdır və çalışmaq lazımdır ki, özünü müalicə prinsipindən uzaq olaq. İlkin klinik əlamətlər müşahidə etdikdə mütləq həkimlə ünsiyyətdə olmaq lazımdır”.
Xalidə GƏRAY,
“Yeni Müsavat”