44 günlük müharibədə cəbhəyanı rayonlarda əhalinin xidmətlərdən bəhrələnməsi yüksək səviyyədə təmin olunmuşdur

1988-ci ildən Qarabağda milli ədavətin qızışdırılması sayəsində başlayan erməni separatizmi uzun sürən müharibənin başlanğıcını qoydu. Xankəndində başlayan erməni qarıltısı getdikcə daha da yüksəlməyə başladı. Havadarlarından aldıqları əmrləri həyata keçirərək xalqımıza qarşı cinayətlər törədirdilər . Beləliklə , Qarabağ müharibəsi alovlanırdı .Və ilk şəhidlərimiz də Ağdamın iki gənci oldu. Əli və Bəxtiyar. Bərdədən, Ağdamdan və başqa rayonlardan Xankəndi üzərinə yürüşə çıxmış qəzəbli xalqın qarşısını kəsən rus əsgərləri atəş açarkən bu gənclər şəhid olmuşdular.
Vətənin başı üstünü alan təhlükədən qorunmaq üçün minlərlə qeyrətli oğullarımız cəbhəyə can atırdılar. Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq üçün döyüşə atılırdılar. Elə olurdu ki, bir ailədən bir neçə oğul döyüşürdü.Ağdam rayonunun gənci, yeniyetməsi, ahılı hamılıqla silaha sarılmış, torpaqlarımızın qorunmasına çalışmışdılar. I Qarabağ müharibəsində ən çox şəhid verən rayon da məhz, Ağdam rayonu olmuşdur. 6000 nəfərə yaxın ağdamlı vətən uğrunda canından keçmiş , şəhid olmuşdular.
Təəssüflər olsun ki, ovaxtki hərc-mərclik yarandığından ölkənin müdafiəsini təşkil etmək mümkün olmadı.O vaxtkı rəhbərlik torpaqlarımızı qorumaq iqtidarında olmadığından ermənilər havadarlarına arxalanmaqla torpaqlarımızı işğal etmiş oldular. Dünyanın gözü qarşısında şəhərlərimizi,kəndlərimizi yerlə yeksan edib, bəşəriyyət qarşısında tayı bərabəri olmayan cinayətlər törədərək , tarixdə görünməyən urbisid törətmişdilər. Axarlı-baxarlı , gözəlliyi ilə Qarabağın gözəl şəhərlərindən biri olan Ağdam yerlə yeksan edilmişdir. Möhtərəm prezidentimiz cənab İlham Əliyev Ağdamda olarkən dediyi məlum, “sanki buradan vəhşi qəbilə keçmişdir” kəlamı olduqca yerinə düşür.
Birinci Qarabağ müharibəsində bütün cəhdlərimizə baxmayaraq ermənilərə havadarlarının köməyi olduğundan döyüş meydanında qalib gələ bilmədik. Rusiyanın döyüşlərdə birmənalı şəkildə Ermənistana köməklik göstərməsi gənc Azərbaycan dövlətinin imkanlarını məhdudlaşdırmış oldu.Nəticədə 7 rayonumuz işğa edildi.Soydaşlarımız qətlə yetirildi.Minlərlə vətənpərvər oğlumuz şəhid oldu. Ermənilər amansız qəddarlıqla Xocalı, Qaradağlı, Ağdaban kimi şəhər və kəndlərimizdə soyqırım törətdilər. 28 il bu qəddarlıqların qarşısında intiqam hissi ilə yaşadıq.Və hesablaşacağımız O gün sonunda gəlib ,çatdı.
27 sentyabrda başlamış 44 günlük vətən müharibəsinin ilk ildönümünə yetişdik. Bir il öncə ölkəmizdə hamı ayaqda idi. “Qarabağ Azərbaycandır”-deyə xalqımız tam yekdilliklə torpaqlarımızın erməni faşist-vandal işğalından azad etmək üçün dəmir yumruq olub, əlamətdar tarixi günlərə səfərbər oldu.
Prezident, Ali Baş Komandan İlham Əliyevin yüz ölçüb, bir biçdiyi qətiyyətli, cəsarətli , ağıllı , uzaqgörən fəaliyyəti sayəsində möhtəşəm qələbəyə doğru tarixi bir yola çıxmış olduq. Elə bir yola ki, axırında müqəddəs yurd yerlərimizə qovuşmaq var idi.
Tarixboyu mənfur düşmənlər məkrli niyyətlərini gerçəkləşdirib, zaman-zaman xalqımıza qarşı torpaq iddiaları qaldırıblar. Hər dəfə də istəyinə çatan xain düşmənimiz yeni torpaqlar xülyasına düşüb. Yeni yaranan AXC dövründə İrəvanın ermənilərə güzəştə gedilməsi mənfur düşmənimizin qanlı terror əməllərini durdurmadı. Bolşeviklərin Rus imperyası hüdudlarında hakimiyyətlərini bərpa etməsindən sonra tarixi torpağımız Zəngəzuru ermənilər havadarlarının dəstəyilə ələ keçirdilər.Növbəti erməni terrorunun hədəfi isə Azərbaycanın dilbər guşəsi Qarabağa yönəldi. XX əsrin əvvəllərində xəyanətkar qonşumuz Ermənistan milli iradəmizin qətiyyətli müqaviməti ilə üzləşdiyindən istəyinə nail olmasa da SSRİ hökumətinin DQMV yaratmaq qərarının qəbul olunmasına nail ola bildi. Xalqımız beynəlmiləlçilik, başqa xalqlara hörmət sərgilədiyi halda ermənilər faşist təbliğatları ilə ənənələrinə sadiq qalaraq düşmənçiliyin, türkə qarşı nifrət toxumunu cücərtməyə, nifrəti aşılamağa davam etdirmişdilər. 1988-ci ildən isə erməni separatizmi yeni mərhələyə qədəm qoyaraq açıq –açığına Qarabağ müharibəsinin başlanmasına rəvac vermiş oldu. I Qarabağ müharibəsinin gedişində Azərbaycan əsgəri böyük zəfərlərə imza atsa da xəyanət , xarici dövlətlərin proseslərə müdaxiləsi ermənilərin xilasına yaradı. Kənardan aldıqları kömək sayəsində ermənilər torpaqlarımızın işğalını, xalqımıza qarşı soyqrımlar həyata keçirmiş oldular. Münaqişə nəticəsində Qarabağın ermənilər yaşadığı ərazilərlə yanaşı 7 rayonumuzu da qəsb etmiş oldular. 28 illik işğal dövründə aparılan diplomatik danışıqlar, sülh yolu ilə münaqişənin aradan qaldırılması , beynəlxalq hüququn yaratdığı əsaslar, BMT-nin məlum qətnamələrinin çıxarılmasına baxmayaraq Ermənistan tərəfi sülhün bərqərar olmasına həmişə mane olmuşdur. Son olaraq II Qarabağ müharibəsinin başlamasını Ermənistan özü şərait yaratmış, prezidentimizin dediyi kimi dəmir yumruğumuzu istəmişdir.
”Yeni ərazilər” sərsəm bəyanatları verməklə ermənilər daha da təhlükəli planlarını reallaşdırmağa təşəbbüs göstərmişdir.2020-ci ilin yayında Tovuzda baş verən hadisələr bunun bariz nümunəsi hesab oluna bilər. Tovuz hadisələrinin baş verməsi xalqımızın səbr kasasının daşmasına səbəb oldu. Xalq – Prezident birliyi sayəsində sentyabrın əvvəllərindən ölkəmiz düşmənə qarşı səfərbər olmağa başladı. Sentyabrın 27 –si ermənilərin cəbhə xəttindəki yeni təxribatı Ali Baş Komandanımızın rəhbərliyi sayəsində Azərbaycan ordusunun hərbi əməliyyatlarının başlanmasını zəruri etdi.
44 günlük Vətən müharibəsində başda Ədliyyə naziri Fikrət Məmmədov olmaqla bütün şəxsi heyət cəbhədəki qələbənin təmin olunması üçün əlindən gələni etmişdir. Ədliyyə işçiləri könüllü olaraq döyüşə yollanmış , nazirliyin arxa cəbhədəki strukturlarında çalışanlar da maddi yardımlarla dəstəklərin göstərmişdilər. Beynəlxalq informasiya savaşında da davamlı mübarizə aparılmış, ermənilərin dinc əhalini hədəf seçməsi barədə nazir Fikrət Məmmədov beynəlxalq təşkilatların rəhbərləri və təmsilçiləri ilə müzakirələr aparmış, ermənilərin törətdiyi cinayətlər barədə məlumatlar vermişdir.Müharibə vaxtı Ədliyyə Nazirliyinin əməkdaşı Ruhin Xəlilov şəhid olmuşdur. Dörd Ədliyyə işçisinin ailələri də şəhid vermişdir.
Döyüşlər vaxtı cəbhəyə yaxın rayonlarda da Ədliyyə nazirliyinin işçiləri atəşaltında olmalarına baxmayaraq fədakarlıq göstərmiş, daim işlərinin başında olmuşdular.Əhalinin xidmətlərdən bəhrələnməsi yüksək səviyyədə təmin olunmuşdur.
O günləri xatırlamaq olduqca ağırdır. Qəddar düşmən döyüş meydanında ordumuzun həmlələrinə cavab verə bilmir, qorxaqcasına mülki əhalini hədəf seçir, şəhərlərimizə, kəndlərimizə raket, top mərmiləri yağdırırdı. Tərtər, Bərdə, Ağcabədi, Beyləqan , Ağdam rayonlarının əraziləri fasiləsiz olaraq mərmi yağışına tutulurdu. Ancaq, düşmənin insanlıqdan kənar atdığı addımlar xalqımızı qorxutmur, vətən uğrunda əzmkarlığına daha da artırırdı. O günlərdə cəbhədən gələn bayrağımıza bükülmüş şəhidlərimizin torpağa tapşırılması ellikcə təşkil edilirdi. Heç kimi mərmilər qorxutmurdu. Vətən uğrunda hamı ayaqdaydı.
Hər zülmət gecənin bir gündüzü olduğu kimi bizim də zəfərimiz oldu. Bu günlərdə 44 günlük Vətən müharibəsinin həm kədərini, həm də sevincini yaşayırıq. Kədərini ona görə ki, vətənimizin azadlığı uğrunda neçə-neçə oğullarımız həyatından keçmiş oldu. Atalar,analar oğulsuz, gəlinlər ərsiz, uşaqlar atasız qaldı. Vətənin köksünə saysız hesabsız köz-köz yaralar vuruldu. Tarixboyu xain düşmənin, məkrli ermənilərin xalqımıza qarşı həyat keçirdikləri təcavüzkarlığın qarşısını almağın, cavabını verməyin hesabına qurbanlar verməli olduq. Ancaq , buna baxmayaraq döyüş meydanında ordumuzun fədəkarlığı, qəhrəmanlığı sayəsində Ali Baş Komandanımız xalqımıza böyük qələbə bəxş elədi. 28 illik işğal altında olan torpaqlarımız yağı düşməndən, erməni vəhşilərindən azad edildi. Şuşa zəfəri ilə qələbənin möhtəşəm sevincini yaşadıq. Bu gün də torpaqlarımızın abadlığı, şəhərlərin, kəndlərin yenidən tikildiyini gördükcə sevincimizin həddi-hüdudu olmur.
Şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daimi yaşayacaqdır.
Mamed Əliyev – Ağdam Dövlət Notariat Kontorunun Notarius əvəzi