21 Noyabr 2024

Dilqəm Əsgərovdan dəhşətli işgəncə etirafları: Şprisə spirt doldururdular, sonra…

Altı il yarım erməni hərbçilərinin girovluğunda olan Dilqəm Əsgərov həbsxana yoldaşı Şahbaz Quliyevlə birgə Heydər Əliyevin məzarını ziyarət edib. 

HİT.Az publika.az-a istinadən xəbər verir ki, ziyarətdən sonra azadlıqda ilk müsahibəsini verən Dilqəm Əsgərov şahidi olduqlarını oxucularımızla bölüşüb. Vətən müharibəsi zamanı ermənilərin necə çaşqın vəziyyətə düşdüklərini dilə gətirib.

– Dilqəm bəy, Azərbaycan Ordusunun sülhə məcbur etmə əməliyyatından nə zaman xəbər tutdunuz?

– Elə həmin gün səhər… Sentyabrın 27-si idi. Birdən bizim artilleriyamızın səsi eşidildi. Ermənilərin hücumuna cavab olaraq döyüşə başlayan ordumuz bütün hərbi hədəfləri vururdu. Ermənilər isə ilk başda nə olduğunu anlamadılar. Hətta Şuşa türməsində Qalstyan soyadlı bir erməni məndən soruşdu ki, nə baş verir?! Mən də ona bir neçə bəndlik şeirlə cavab verdim ki, haradan bilim, azadlıqda olan sizsiniz, dörd divar arasından heç nə deyə bilmərəm. Olub-bitənləri yalnız nəfəslikdən görə bilmək imkanımız var idi. Sonradan radiodan eşitdim ki, döyüş başlayıb. Üç-dörd gün sonra bizə bir azca çörək verirdilər. Ərzaqları da bitmişdi. Səbəbini soruşanda ermənilər dedi ki, ərzaqlar tükənib. Pis vəziyyətə düşmüşdülər. Hələ onda müharibənin ilk günləri idi.

– Orada radionuz da var idi?

– Bəli, beynəlxalq qanunlara uyğun olaraq bizə radio verilmişdi. Həm azərbaycanca, həm də ermənicə xəbərləri dinləyə bilirdik. Hətta mən həmin radio vasitəsi ilə cənab Prezidentin müsahibələrini, xaricə olan səfərlərini də izləyirdim.

– Orada sizə işgəncə verirdilərmi?

– Girovluqdakı ilk ilimizdə bəli, olmazın işgəncələr verilib. Sonra bizə qondarma məhkəmələr quruldu. Həbs verildi. Ondan sonra işgəncə olmadı. İşgəncələr əsasən ilk dövrlərdə çox amansız idi. Dırnaqlarımızı, əllərimizi, bədənimizi… Möhkəm döyürdülər. Heç birini unutmamışam.

– Bəs sizi Şuşa türməsindən niyə çıxardılar?

– Bilmirəm, dedilər ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır. Ona görə də buranı tərk etməliyik. Əvvəlcə bizi Gorusa apardılar, sonra Xankəndiyə, yenidən Gorusa qaytardılar. Daha sonra isə bizi ruslara təhvil verdilər.

– Siz orada PKK terrorçularını gördünüzmü?

– Bəli, Şuşa həbsxanasında həbsdə olan PKK yaraqlılarını sonradan azad edib döyüşə göndərdilər.

– Vətən müharibəsindən əvvəl sizin hansısa şərtlə azad edilə biləcəyinizi deyirdilərmi?

– Bəli, mən Rusiya vətəndaşıyam, bir dəfə dedilər ki, qondarma qurumun “rəhbəri” Araik Arutyunyandan bağışlanmağımı xahiş etsəm, məni azad edə bilərlər. Mən də qayıtdım ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır və bu “respublikanı” heç kim tanımır. Əsla belə bir şey etməyəcəyimi söylədim. Dedim ki, Dağlıq Qarabağın da Prezidenti İlham Əliyevdir.

– Şuşa həbsxanasında olarkən sizdən başqa azərbaycanlı var idimi? Vətən müharibəsi dövründə hərbi əsirlərdən oraya gətirilən oldumu?

– Həbsxananın təcili yardım maşınında gördüm ki, bir nəfər də var. Bildim ki, azərbaycanlıdır. Gorusda onun əşyalarını gördüm. Yaralı olaraq əsir düşmüşdü. Yevlaxdan idi. Bizi 3 kameraya saldılar. Sonra həmin soydaşımızı harasa apardılar. Ona da işgəncə vermişdilər, döymüşdülər. Sonradan ailəsi və özü ilə maraqlandım, onu tapdım. Bu müharibədə əsir düşən hərbçilərimizə İrəvanda işgəncə veriblər. Özləri danışırdılar.

– Necə işgəncə verirmişlər?

– Şprisin içinə spirt doldururlarmış, ayaqları kəsilənlərin qollarına, ayaqları olanların ayağına vururlarmış. Bunu da İrəvan erməniləri edirmiş, Qarabağdan olan ermənilər yox.

– Birinci Qarabağ müharibəsindən də əsirlər var idimi?

– İndi yox, amma 1998-ci ildə olub. Onlar birinci Qarabağ müharibəsi zamanı əsir düşənlər idi. Bu haqda mənə həbsxanada olanda dedilər. İkinci Qarabağ savaşından isə cəmi 1 nəfər olub.

– Şuşanın azad olunması xəbərini haradan eşitdiniz?

– Radiodan. Həmin radionu mənə Qırmızı Xaç Komitəsinin əməkdaşları vermişdilər. Çox sevindim. Prezidentimizin bütün çıxışlarını izləyirdim. Bir dəfə dedi ki, sabah sizə şad xəbərim olacaq. Sabahı gün dedi ki, Füzuli azad edildi. Sonra Zəngilan, Qubadlı, Cəbrayıl… Hamısını radiodan eşitmişəm. Prosesləri izləyirdim. Hələ müharibədən əvvəl bilirdim ki, Azərbaycan əsgəri gələcək. Buna əmin idim. Türkiyə bizim yanımızda oldu. Dəstəklədi. Əsas işi isə cənab Prezidentimiz gördü. Bütün dünyanı qarşısına aldı. Gücümüzü ortaya qoydu. Nəticədə ermənilərin başı dəmir yumruqla əzildi. Cənab Prezident dediyini elədi, torpaqlarımızı qaytardı.

– Bəs Kəlbəcərə nə zaman gedəcəksiniz?

– Qar götürülən kimi ilk işim Kəlbəcərə, Şaplara getməkdir. İndi yollar buz bağlayıb. Kəlbəcərsiz qala bilmərəm. Ora mənim ürəyimdir. Dünyanın ən gözəl cənnətidir Kəlbəcər.

– Bildiyimə görə, siz birinci Qarabağ savaşında da iştirak etmisiniz…

– Bəli. N saylı hərbi hissədə kəşfiyyat komandiri olmuşam. 1998-ci ildən isə hər zaman Kəlbəcərə gedib-gəlmişəm.

– Gələk girov götürüldüyünüz son səfərinizə…

– Cəbrayıldan olan Həsən Həsənovla getdik. İki gün döyüşdük, Həsən qəhrəmancasına həlak oldu. Orada ölən bir neçə ermənini isə biz yox, onların özləri öldürmüşdü. Vətən uğrunda şəhid olan bütün oğullarımıza Allahdan rəhmət diləyirəm. Həsən əfsanəvi bir qəhrəman idi. Onunla iki gün erməni terrorçularına qarşı savaşdıq. Həsən şəhid olandan sonra ermənilər mənə qarşı ən ağır vəhşiliklərini göstərdilər. Qeyri-qanuni olaraq mənə 140 il iş kəsdilər. Həmişə onlara deyirdim ki, Azərbaycan əsgəri gələcək.

Media işçilərinə də öz təşəkkürümü bildirirəm, bu altı il yarım ərzində gördüyü işlərdən xəbərdar idim.