Beyləqanda “Şəhidlər vurulan zaman ölmür, unudulan zaman ölür”adlı tədbir keçirilib
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Şüküfə xanım Şirinova tərəfindən icra olunan “Məktəbin məzunları olmuş Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi və gələcək nəsillərə tanıdılması” layihəsi çərçivəsində 13 oktyabr 2021-ci il tarixdə Beyləqan rayonu Orta Əlinəzərli kəndində gənclərin və məktəb kollektivinin iştirakı ilə həmin kənddə Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün inşa edilən abidədə iməclik keçirilmişdir. Layihə rəhbəri Şüküfə Şirinova gənclərə və məktəblilərə öz tövsiyəsində qeyd etmişdir:
Sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.
Vətənin müdafiəsi uğrunda canından, qanından keçən belə qəhrəmanlarımızı, yurdumuzun bütövlüyü üçün canlarından keçməyi özlərinə şərəf bilən igid oğullarımızı hər bir Azərbaycan vətəndaşı tanımalı, onların keçdiyi şərəfli döyüş yolunu bilməlidir. Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq, onların adlarını əbədiləşdirmək isə bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcu olmalıdır.
Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci könüllü olaraq cəbhəyə getmək üçün müraciət etdi. Belə gənclərdən bir neçəsi də canı, qanı ilə yaşadığı torpağa, Vətənə bağlı olan orta Əlinəzərli kəndindən olan yeddi nəfər Səhidimiz idi.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Allahdan Şəhidlərimizə rəhmət diləyirik. Vətən sağ olsun