23 Dekabr 2024

Yol polisindən SƏRT XƏBƏRDARLIQ: bu şəxslər məsuliyyətə cəlb olunacaq SON DƏQİQƏ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edib.

BDYPİ-dən Media1.az-a daxil olan xəbərdarlıqda deyilir:

“Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli Qərarına əlavədə işçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələrinin siyahısı göstərilmişdir. Qərara əsasən, avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən də 1 sentyabr tarixindən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb edilir.

Ölkəmizdə koronavirus pandemiyasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması üçün geniş miqyaslı vaksinasiya prosesinə başlanılıb. Lakin apardığımız müşahidələr nəticəsində məlum olub ki, görülən tədbirlərin fərqinə varmayan bəzi sürücülər müəyyən edilmiş qaydalara etinasız yanaşır, əhalinin sağlamlığını təhlükə altında qoyaraq peyvənd olunmadan fəaliyyət göstərəcəklərinə ümid bəsləyirlər”.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha xəbərdarlıq edir ki, avtomobil yollarında, eləcə də stasionar postlarda xidmət aparan yol-patrul xidməti əməkdaşları tərəfindən seçmə üsulu ilə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan sürücülərin COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq və bu tələblərə əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb ediləcəklər”, – DYP-nin məlumatında qeyd edilib.