22 Noyabr 2024

Ümumi təhsil müəssisələrində “Yay məktəbi” təşkil ediləcək

“Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44% iştirakçı bu təşəbbüsü dəstəkləyib”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Nazir deyib ki, şagirdlər pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində 2 həftəlik yay məktəbləri təşkil ediləcək:

“Pandemiya dövründə “itirilmiş öyrənmə”ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”.

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar olaraq, cari tədris ilinin əhəmiyyətli hissəsi distant formada təşkil edilmişdi.

Təhsil Nazirliyindən verilən məlumata görə, pandemiya şəraitində məsafədən təhsil şagirdlərə bilik və bacarıqların mənimsənilməsində müəyyən çətinliklər yaratmış olub.

Bildiyiniz kimi, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44%-i bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

“Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq. Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər. “Yay məktəbi” ilə bağlı növbəti günlərdə Təhsil Nazirliyinin informasiya resurslarında daha ətraflı məlumat veriləcək.