23 Dekabr 2024

85 yaşlı şair Qaçay Köçərli ömrü

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi F.Köçərli adına Uşaq Kitabxanasının 2021-ci il üçün Əlamətdar və tarixi günlər təqvimini vərəqləyərkən 229-cu səhifədə 2021-ci ilin avqust ayının Yubilyar yazıçı və şairlər  bölümündə Şair Qaçay Köçərlinin 85 illiyi, (27.08.1936) sərlövhəsini oxudum və şair Qaçay Köçərli haqqında öz qeydlərimi etdim. İyirminci əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafında xüsusi yeri olan əməkdar jurnalist şair Qaçay Fərman oğlu Şirinov (Köçərli)1936-cı il avqustun 27-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. Orta məktəbi 1954-cü ildə Tərtər rayon Evoğlu kəndində bitirdikdən sonra sovet ordusu sıralarına gedib və 1959-cu ildə tərxis olunub.

Ordudan tərxis olunduqdan sonra Suraxanıdakı üçüncü neft mədənində operator köməkçisi işləmişdir. Daha sonra operatorluq və Azərbaycan Politexnik  İnstitutunun  “Avtomobil nəqliyyatının istismarı”  ixtisasında ali təhsil almışdır. (1966-cı il)  Bunun ardınca Binədəki texniki peşə məktəbində təsərrüfat üzrə müdir müavini, müəllim, istehsalat təlimi ustası işləmişdir. Azərbaycan radiosu ilə yaradıcılıq əlaqələri saxlayıb, əvəzçiliklə müxtəlif redaksiyalarda müvəqqəti işləyib, istehsalatdan ayrılmadan Azərbaycan Dövlət Univesitetinin “Filologiya” fakültəsin bitirmişdir.(1976-cı il). Azteleradionun pioner və məktəblilər redaksiyasında redaktor, böyük redaktor kimi çalışmışdır. İlk şeri Bakı axşam qəzetində 1960-cı ildə dərc olunub.Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib. “Tək çinar” (1970), “Ömrün şüaları” (1974), “Günəş ömrü” (1979),” Üzü günəşə dünyam” (1982), “Dünya sənə oxşayır”, “Ana” (1983) şeir kitablarından sonra1984-cü ildə Yazıçılar Birliyinə üzv qəbul edilib. Növbəti illərdə “Torpaq qərib olmur”, “Qanlı hekayələr”, “Səsim Tanrı harayıdır”, “Dünya iki səslidir” və sairə şeir kitabları, 2009-cu ildə Beşik nəşriyyatının xətti ilə “Mən və mənim dünyam” silsiləsindən nəzərdə tutulan 8 kitabdan 6-sı “Ovsunçu İbrahim”, “Əmir Teymur və Aslanın nağılı”,”İşıq çəlik”, “Gül qızın nağılı”, “Zəhmətkeş atanın fərsiz oğulları” və “Qızıl inəyin nağılı” işıq üzü görüb. Oğlu Elcan Şirinov Qarabağ döyüşlərində şəhid olub, Bakıda şəhidlər xiyabanında dəfn edilib. Ədəbiyyata, poeziyaya məhəbbəti ədəbiyyat müəllimi rəhmətlik Hilal Şəmilov və dayısı rəhmətlik Sirac kişi oyadıb onda. O Sirac kişi şeir vurğunuydu, Füzuli heyranıymış. İlk şeirini dördüncü sinifdə oxuyanda yazıb, onuncu sinifdə oxuyan bir qıza həsr edibmiş o şeiri və həmin qız hirslənib Qaçayı çaya basır. İlk şeirləri isə 1962-ci ildə, “Azərbaycan gəncləri” və “Bakı” qəzetlərində dərc edilir. Yenə də çətinliklə çap olunurdu, açıqca bildirirdilər ki, sən siyasi məhbus olmusan. Buna baxmayaraq inadından dönmür, 1970-ci ildə “Tək çinar” adlı ilk kitabı (cəmi 30 səhifə) “Gənclik” nəşriyyatında işıq üzü görür. Qaçay Köçərli ondan artıq şeir kitabının müəllifidir və deyim ki, poeziyada öz dəst-xətti, kimsəyə bənzəməyən səsi, nəfəsi var. Təbii ki, bir kiçik yazıda onun yaradıcılıq yolu barədə təfərrüatı ilə söz açmaq fikrində deyiləm. Sadəcə olaraq, onun illər boyu arzuladığı müstəqillik dövründə yazdığı şeirlərindən söz açacağam.Qaçay Köçərlinin son on-on iki illik yaradıcılığı həyatında min bəlalar görmüş, başı daşdan-daşa dəymiş, lakin sarsılmamış əzabkeş bir insanın həyat, ömür yolu, dünya haqqında qənaətlərini ifadə edir. Ancaq burada heç şübhəsiz, xalqımızın, məmləkətimizin keçən əsrin sonlarında yaşadığı ağrı-acılı günlər, Qarabağ dərdi və şəhid oğlu ilə bağlı əzablı düşüncələr ön sırada durur. Elə bil ki, şəhid ata ilə başı müsibətlər çəkmiş millətin dərdi bir araya gəlir:


Gül əkmişdi, torpağında od bitib,
Hər ağacın yarpağında od bitib,
Anaların qucağında od bitib,
Aman Allah, çayda su da yanarmış,
Bu millətin taleyində nə varmış?

İnsan kimi ağaclar da şəhiddi,
Yurda gələn hər bahar da şəhiddi,
Yağan yağış, düşən qar da şəhiddi,
Şəhid yurda şəhid qanı axarmış,
Bu millətin taleyində nə varmış?

Bu şeirin yazıldığı vaxtdan iyirmi ildən çox keçir və həmin illərdə Qaçay Köçərli həm Vətən dərdi, həm də şəhid Elcanının dərdi ilə köklənmişdi. “Unuda bilmədiyim gecə” şeirində yazırdı ki: “Yol gedirəm o vaxtdan Son gecənin içində. Ayaqlarım çolpuyur, Yolu getmir düzünə. Üzümdə son öpüşün Səngər qazır özünə”.
Qaçay Köçərlinin 2000-ci illərdə yazdığı şeirlərdə də ağrılı-acılı motivlər davam edir. O, Qarabağ dərdini təkcə itirilmiş torpaqlar, yurd itkisi kimi anlamır, həm də millətin ayrı-ayrı təbəqələrinin bu dərdə, bu itkiyə müxtəlif münasibəti kimi mənalandırır. Əslində, bir münasibət olmalıdır.     

Amma:

İşğal ölkəsiyəm, dərdlərim ordu,
Sinəm Cıdır düzü dərdin oxuna.
Milləti ağladan Qarabağ dərdi
Vəzifə pilləsi olub çoxuna.


“Çadırda doğulan uşaq” şeirində isə doxsanıncı illərin başqa bir mənzərəsi canlanır:

Çadırda doğulan
Anaların ahıdır.
Onlar uşaq deyillər,
Zamanın günahıdır.
Çadırda doğulanın
İlk sözü çadır olur.
Beşiyi anasının
Göz yaşından asılır.
Anasının ahıdır
Eşitdiyi laylalar.
Bu ahlar göy üzündə
Durna olur bir qatar.
Uşaq deyil bu uşaq,
Yurdun yurdsuz daşıdı.
Çadırda anaların
Zamanla savaşıdı.

“Allah aldığını qaytarmır geri” şeirində isə şair atanın müsibəti, oğlu üçün keçirdiyi səssiz hönkürtüləri ilə qarşılaşırıq. Şeirin başlanğıcında oxuyuruq: “Oğlum Elcanı Qarabağda çox axtardım, tapa bilmədim. Anamla görüşmək üçün kəndimizə döndüm. Gözləri görməyən anam gəldiyimi eşidib həyətə düşdü. Əllərini göyə qaldırıb belə bir nalə çəkdi:

“Balam, özün gəldin, bəs balan hanı?”

Doğrudan da sözə, dilə gəlməyən bir faciədir. Sonrakı şeirlərində bu ata dərdi bizi yaxıb-yandırır.

Çox gəzdim ay oğul, çox gəzdim səni,
Yol getdim əzabım, ah-naləm üstə.
Gecə alovlanıb yardım gecəni,
Od olub dağıldım bu aləm üstə.

Gördüm od içində Şuşa, Laçını,
İtirdim paramı, gəzdim paramla.
Anam Qarabağın qanlı saçını,
Yudum öz köksümdə göz yaşlarımla.

Kəsdi əllərimi öz ətəyindən,
Fələk aldı məndən quru canı da.
Özümə, dünyaya sual oldum mən,
Suala döndərdim bu dünyanı da.

Doğrudan da Qaçay müəllimin həyatına, keçdiyi ömür yoluna heyrətlənməmək olmur. Bir belə müsibət içində yaşayasan, dərdin biri bitməmiş o biri başının üstünü ala… ona yalnız KİŞİ ÖMRÜ tab gətirər. Həm də dünyaya, insan aləminə, yaşadığımız həyata göz yaşları içində deyil, nikbin nəzərlərlə baxan bir ŞAİR ÖMRÜ dözər. Qaçay Köçərlinin son 10-12 ildə yazdığı şeirlərin böyük bir qismi həyatın gözəllikləri, ömrün mənası, müasir dünyanın keşməkeşləri, mürəkkəb gedişatı və ziddiyyətləri, müasirlərimizin mənəvi aləmində baş verən təbəddülatlar barədədir. Necə deyərlər, bu insanın bir gözü ağlayırsa, o birisi gülür. Bəzən ikisi bir-birinə qarışır. Görünür ki, kəndə qayıdış Qaçay müəllimin ruhuna, qəlbinə bir sevinc gətirib. Bu qayıdış gözəl şeirlərin doğulmasına təkan verib. Amma ən ümdəsi budur ki, Qaçay Köçərlinin yeni şeirlərində (son 6-7 ildə yazdıqlarında) bir fəlsəfi ahəng də diqqəti cəlb edir. Yaşının səksəni ərəfəsində Qaçay Köçərli “İNSAN və ZAMAN, İNSAN və DÜNYA” əbədi mövzularına öz səsini qatır. Deyir ki: “Hər varlıqda bir sirr var, Hər yoxluqda bir sirr var. Kainat başdan-başa sirr içində var olub. Milyon-milyon sirr gəlib birləşib bu yer olub”. Deyir ki: “Çox keçmişəm zaman aşrımdan, min illərlə mən böyüyəm yaşımdan”.Qaçay Köçərlinin ŞAİR ÖMRÜ halal ömürdü. Və son olaraq onun öz şeri də bunu təsdiqləyə bilər:

Halal çörək müqəddəsdir Tanrı tək,
Onu yeyib müqəddəslik tapmışam.
Təndir olub sinəmdəki bu ürək,
Bu çörəyi ürəyimə yapmışam.


Tanrımı da tanıtdırıb o mənə,
Düz getmişəm Tanrı verən düz yolu.
Yaradanın dərgahının önünə,
Mən çəkmişəm ürəyimdən göz yolu.

Əməllərim bulaq kimi durudu,
Baxma tale yollarıma daş atdı.
Məni hər vaxt haramlıqdan qorudu,
Halal çörək halal ömür yaşatdı.

      Şair ömründə oğul itkisi,həyat yoldaşı itgisi və övlad itgisi ən ağır sınaq və məşəqqətlər gördü.Dörd övlad atası idi. Oğlu Elcan Qarabağ müharibəsində, Daşaltı əməliyyatında həlak oldu. Yoldaşı Zümrüd xanım oğul itkisinə dözməyərək həyatdan köçdü. Digər oğlu Azər avtomobil qəzasında dünyasını dəyişib.Qızı isə iki il bundan əvvəl rəhmətə gedib. Allah rəhmət eləsin. Ruhları şad olsun.Bu dərdi ki, Qaçay müəllim çəkir, doğrudan da dözümlüymüş.Bu barədə aşağıdakı şerdə öz həyat faciəsin qələmə alır;

Haqdan gəldim yer üzünə haqsız oldum,
Tanrım mənə bəxt vermişdi, baxtsız oldum.
Bir sevgidən taxt vermişdi, taxtsız qaldım.
Mən bilmirdim, nələr varmış yer üzündə,
Yerdən böyük kədər varmış yer üzündə.
Tanrım mənə nur vermişdi, nurum itdi,
Yer üzündə yer vermişdi, yerim itdi,
Öz evimdə oğlum itdi, pərim itdi.
Baldan artıq zəhər varmış yer üzündə,
Yerdən artıq kədər varmış yer üzündə…
Haqq gəzirdim, şərə düşdüm, böhtan tapdım,
Mən azadlıq istəyirdim, zindan tapdım.
Sağ can itdi, xəstə olan bir can tapdım.
Haqqdan güclü şər varıymış yer üzündə,
Yerdən ağır kədər varmış yer üzündə…

Qaçay Köçərli 20 yanvar 2015-ci ildə doğulduğu Köçərli kəndində vəfat edib və Köçərli kənd qəbristanlığında dəfn edilib.

Media1.az üçün xüsusi olaraq Raqub Yunisovdan

25 avqust 2021-ci il