22 Dekabr 2024

8 noyabr Zəfər Günümüz mübarək!

Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd ediləcək.

Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. Cənab Ali baş Komandan deyirdi: “Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.”

Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər. Məhz Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük rəşadətli döyüşlərdə düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. İşğaldan, əsirlikdən azad edilən digər torpaqlarımız kimi ölkəmiz üçün strateji əhəmiyyət daşıyan Laçın rayonu da 28 ildən sonra əsl sahiblərinə qaytarıldı. Laçının erməni vandallarından xilası Böyük Qələbənin davamı olaraq qondarma Dağlıq Qarabağ iddiasına son qoydu. Bununla da mənfur düşmənlərimizin öz doğma yurdundan uzaq saldığı qarabağlıların yurd həsrəti bitdi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, nəhayət, Azərbaycanın dilbər guşələrindən biri olan Laçında üçrəngli bayrağımızın dalğalanması Azərbaycan tarixinin ən parlaq səhifələrinini yazdı. Artıq 30 illik həsrətdən,  nisgildən sonra Qarabağın tutqun üzü açıldı, başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz, qəhrəman əsgərlərimiz müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını  kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan etdi, yurdundan didərgin düşən yüzminlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkdi, yurda qayıdış ümidlərini dirçəltdi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir qəhrəman kimi qədəm qoydu.

Tağı İmamverdiyev

YAP Ağstafa rayon təşkilatının əməkdaşı