25 İyun 2025

“8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır

“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi növbəti iqtisadi uğurlarımızdan biridir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və ümumiyyətlə, enerji sektorunun inkişafında ciddi əhəmiyyət kəsb edir. Bu stansiya təkcə energetika sahəsinin inkişafı deyil, eyni zamanda Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin gücləndirilməsi baxımından da mühüm addımdır.

Azərbaycan dövləti milli təhlükəsizliyin təməl sütunlarından olan energetika sahəsində dayanıqlı və etibarlı sistem formalaşdıra bilib. Həm enerji təhlükəsizliyinin təmin olunması, həm də ixrac potensialının artırılması qarşıya qoyulan əsas prioritetlərdən biridir. Çünki son illərdə qlobal miqyasda enerji təchizatı və infrastrukturuna qarşı artan təhdidlər, risklər ölkəmizin bu sahədə çevik, effektiv addımlar atmasını şərtləndirir. Yeni stansiyanın istifadəyə verilməsi ölkəmizdə təbii qaz sərfiyyatını azaldacaq, ixrac imkanlarının genişləndirəcək. 1880 meqavat generasiya gücünə malik olan 8 Noyabr” ES Azərbaycanın ən böyük elektrik stansiyasıdır. Ümumi enerji istehsal gücünün təxminən 20 faizini bu stansiyanın üzərinə düşəcək. Cəmi iki ilə yaxın bir zaman ərzində belə bir nəhəng layihənin başa çatdırılması həm Azərbaycan mühəndis məktəbinin, həm də ölkəmizin texniki və idarəetmə bacarığının yüksək səviyyədə olmasının göstəricisidir. Sovet dövründə belə bir gücə malik stansiya 7 ilə tikilib qurtarırdı. Azərbaycanın əsas ticarət tərəfdaşları olan İtaliya və Çin şirkətlərinin iştirakı ilə ərsəyə gələn stansiya bərpaolunan enerji sektoruna keçid üçün də mühüm imkanlar yaradır. Azərbaycan hər iki ölkə ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb. Qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin dövrün çağırışlarına uyğun olaraq inkişafında mühüm rol oynayır.

“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın gələcəyi, enerji təhlükəsizliyi üçün mühüm baza, qarantdır. İxrac potensialının artması, enerji sisteminin modernləşməsi, strateji tərəfdaşlarla münasibətlərin daha da möhkəmlənməsi davamlı inkişaf siyasətimizin əsas elementləridir. Azərbaycanın enerji diplomatiyası və daxili enerji siyasəti qarşılıqlı vəhdət təşkil edir və ölkəmizin beynəlxalq nüfuzunu artırır. 8 Noyabr” Elektrik Stansiyası qüdrətli dövlət, məqsədyönlü inkişaf, sabit və dayanıqlı gələcək siyasətinin nümunəsidir.
Stansiyanın məhz “8 Noyabr” adlandırılması təsadüfi deyil və dərin simvolik məna daşıyır. Bu tarix Azərbaycanın tarixinə əbədi həkk olunmuş Şuşa Zəfərinin günüdür. Bu addım təkcə mühəndislik layihəsinə ad vermək deyil, həm də milli qürur və qələbə ruhunun enerji ilə vəhdətidir.

“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi də növbəti iqtisadi uğurlarımızdan biridir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatı bu gün öz nəticəsini verməkdədir. Gələcəkdə Azərbaycanın enerji siyasəti sahəsində həm bərpaolunan, həm də ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması üçün davamlı tədbirlər görüləcək.

Yunis Eyyubov
YAP Ağstafa rayon təşkilatının əməkdaşı