23 Dekabr 2024

50 manata görə adam öldürən İmran peşman olub

Bakıda qətl törətməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Media1.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində İmran Cərullayevin cinayət işi üzrə məhkəmə araşdırması başlayıb. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib. Elan olunmuş ittihamla İ.Cərullayev özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Məlum olub ki, hadisə ötən il sentyabrın 16-da Suraxanı rayonu ərazisində baş verib. Orxan İsayevin üzərində bıçaq xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı İmran Cərullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. İmran Cərullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Mübahisə də bu səbəbdən başlayıb və qətllə nəticələnib.