23 Dekabr 2024

45 yaşını qeyd edib döyüşlərə yollanan şəhid müəllimin il mərasimi keçirildi – FOTOLAR

Şəhid və qazi olan müəllimlər haqda kitab çap olunacaq

Oktyabrın 14-də İsmayıllı rayon 3 saylı məktəb-liseyin tarix müəllimi olmuş şəhid Famil Əhmədzadənin il mərasimi keçirilib. Təhsil Nazirliyinin təşkil etdiyi mediatur çərçivəsində nazirlik və media nümayəndələri şəhidimizin şəhadətinin bir ilində onu anıblar.

Musavat.com bildirir ki, keçirilən il mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, İsmayıllı rayon İH-nin başçısı Nahid Bağırov, müxtəlif media təmsilçiləri iştirak ediblər.

Şəhidin yaxınları qeyd edib ki, uzun müddət 3 saylı məktəb-liseyində tarix müəllimi işləyən Famil Əhmədzadə həm də ictimai fəal, torpağını hər şeydən üstün tutan vətən övladı olub. O, ötən ilin sentyabrın 23-də 45 yaşını qeyd edib. Cəmi 4 gün sonra, Vətən müharibəsi başlayan tarixdə cəbhəyə yollanıb. Döyüşlərdə də cəsurluq nümayiş etdirən Famil Əhmədzadə oktyabrın 14-də şəhid olub.

Qeyd edək ki, Famil Əhmədzadə Vətən müharibəsində şəhid olan 20 müəllimdən biridir. O, Prezidentin sərəncamı ilə  “Vətən uğrunda”, “Döyüşlərdə fərqlənməyə görə” və “Suqovuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin anası Sənubər Əhmədovanın sözlərinə görə Famil Əhmədzadə 3 dildə sərbəst danışırdı: “Çox savadlı müəllim idi. Həm məktəbi, həm də universiteti əla qiymətlərlə, qırmızı diploma bitirmişdi. Özünün çox sayda əlyazmaları var idi. Müharibəyə gedəndə həmin əlyazmaları da özü ilə aparmışdı. Çox istərdik ki, həmin əlyazmaları toparlayaq. Lakin təəssüf ki, onlarən hamısı müharibədə itdi”.

Təhsil nazirinin müavini Firudin Qurbanov Famil Əhmədzadənin çox dəyərli müəllim olduğunu deyib. Nazir müavini təklif edib ki, F.Əhmədzadə barəsində kitab çap olunsun.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu təklifin çox təqdiredici olduğunu deyib: “Bu, çox yaxşı təklifdir. Ümumiyyətlə, belə bir fikirimiz var ki, 44 günlük vətən müharibəsində şəhid olan 20 müəllimimiz barədə və eyni zamanda qazi müəllimlərin xatirələrindən ibarət yaxın vaxtlarda kitab çap etdirək.

İsmayıllı rayon İH-nin başçısı Nahid Bağırov isə vurğulayıb ki, Famil Əhmədzadə çox ictimaiyyətçi insan idi. O,  rayonumuzun demək olar ki, bütün tədbirlərində yaxından iştirak edirdi. Hər zaman gələcək nəsillər onu yad edəcək.

Şəhidin atası Ağaəhməd Əhmədov il mərasiminə gələn hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, Təhsil Nazirliyi heç zaman onların ailəsini diqqətdən kənar qoymur, onların qayğıları ilə maraqlanır.


Xalidə Gəray,
Fotolar müəllifindir
Musavat.com