44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər

Erməni işğalından sonra azad nəfəs alan, tarixin amansız dolaylarında igid oğul və qızlarını qurban verən, bu gün isə azad Qarabağın azad guşələrindən biri kimi çiçəklənən Cəbrayıl var. O Cəbrayıl rayonu ki, 1993-cü ilin avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl şəhəri, 4 qəsəbə və 92 kənd erməni vandalları tərəfindən darmadağın edilmişdi.
İşğala qədərki dövrdə Cəbrayılda 10 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayonun tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, iri və xırda buynuzlu mal-qaranın kökəltmə birliyi, quşçuluq fabriki fəaliyyət göstərirdi. Təəsssüf ki, bu gün insan hüquqlarından ağızdolusu danışan, hüquqlarının pozulduğunu iddia edən, lakin bir fakt belə göstərə bilməyən ermənilər işğal zamanı kimsəyə rəhm etmədən yerli sakinləri son nəfərinə qədər ərazidən qovmuş, əllərinə keçən hər kəsi isə güllələmişlər. Cəbrayılda təsərrüfatlar, təhsil müəssisələri, mədəniyyət obyektləri isə sözün əsil mənasında vəhşicəsinə tar-mar edilmişdir. 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edilmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi.
Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır. Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.
2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən şanlı Vətən müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücum mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının məsləhətçisi