23 Dekabr 2024

44 günlük Vətən müharibəsində Ədliyyə nazirliyi də qələbəmizin əldə olunması üçün bütün şəxsi heyəti ilə qüvvələrini səfərbər etmişdir.

8 noyabr Qürur günümüzdür.Həmin gün bütün dünya azərbaycanlıları 1992-ci ildən bəri ilk dəfə qəddin düzəltdi, qamətin dikəltdi, tarixən yaşadığı vüqarını  özünə qaytarmış oldu. Şuşanın işğalı ilə illər uzunu yaşadığımız məğlubiyyətin acı sonluğuna birdəfəlik son qoyuldu. O günü bizə bəxş edən Ali Baş Komandan İlham Əliyevin şəhidlər xiyabanından xalqımıza müjdə verməsini sözlə ifadə etmək olduqca çətindir. O anlarda kövrəlmədən dayanmaq mümkün deyildi. Gözlərimizə sevinc yaşları hakim olmuşdu.

Ötən ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun başladığı əks hücum əməliyyatları qısa müddətdə xalqımızın qələbəsi ilə başa çatdı. Cəbhə bölgəsinə yaxın rayonda yaşadığımız və işlədiyimizdən  müharibənin səsini daha yaxından eşidə bilirdik. Xüsusilə, Mülki insanlar hədəf seçilir, Tərtər, Bərdədəki  kimi Ağcabədi rayonunun yaşayış məntəqələri də erməni terrorçularının top, raket hücumlarına məruz qalırdı.

Ədalətin bərqərar olunması üçün davam edən 44 günlük müharibədə Ermənistan tərəfi “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Xızı, Ağcabədi və digər rayonlarımıza, mülki əhaliyə qarşı raketlər ataraq çoxsaylı təxribatlar həyata keçirmişdir. Ermənistan bu yolla Azərbaycan ordusunu Ermənistan ərazisinə keçməyə təhrik etməyə çalışsa da, buna müvəffəq ola bilməyib özləri məğlubiyyətə uğradı. Erməni faşizmi özünü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni ballistik raketlərlə atəşə tutması nəticəsində 30-a yaxın insanın həlak olmasında, daha sonra Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 28 insanın həlak olmasında və 70 insanın yaralanmasında özünün barbar xislətini bir daha göstərdi. Dövlətimizə və xalqımıza qarşı törədilən bu təcavüzlər nəticəsində 98 mülki şəxs həlak oldu, 414 nəfər isə yaralandı, 3410 ev, 512 mülki obyekt, 120 çoxmənzilli yaşayış binaları isə yararsız vəziyyətə düşdü.

 Belə bir şəraitdə yaşamaq və fəaliyyət göstərmək təhlükəli olsa da fədəkarlıq və məğrurluq sayəsində düşmənin təhditləri bizi qorxutmurdu.Cəbhədən gələn qələbə xəbərləri bizi qalibiyyətə ruhlandırırdı.44 günlük müharibənin sonunda dövlətimizin başçısının müzəffər prezident kimi Ermənistanı məğlubiyyət aktına məcbur etməsi, əldə olunan qələbə isə bizim üçün daha da möhtəşəm oldu.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu hərbi siyasəti və rəşadətli Azərbaycan ordusunun qəhrəman əsgər və zabitlərinin peşəkarlığı nəticəsində Ermənistan tərəfi məğlubiyyəti qəbul edərək, noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, Ağdam, Laçın və Kəlbəcər rayonları diplomatik danışıqlar əsasında bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ali Baş Komandan İlham Əliyevin çıxışlarından birində qeyd etdiyi kimi, “Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi, göstərdi ki, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”.İndi bizdən sonrakı nəsillər də bu qələbədən ağızdolusu danışacaq, fəxarət hissi keçirəcəklər.

44 günlük müharibə başlayanda Ədliyyə nazirliyinin də bütün şəxsi heyəti səfərbər olaraq qələbəmizin əldə olunması üçün əlindən gələni əsirgəmədi.Xeyli sayda ədliyyə işçisi könüllü olaraq ordu sıralarına qoşularaq döyüşə atıldı. Ədliyyə işçilərinin ailələrindən döyüşlərdə iştirak edənlər oldu. Bir sözlə,ədliyyə işçiləri xalqımızın dəmir yumuruğunda birləşmişdi. Müharibənin gedişatında bir ədliyyə işçisi, 4 ədliyyə işçisinin ailəsindən şəhidlərimiz oldu.Şəhid Ruhin Xəlilov Ədliyyə nazirliyinin sıralarından könüllü olaraq cəbhəyə yollanmış və şəhadətə ucalmışdır.

Biz indi şəhidlərimiz haqqında danışanda onların xatirəsini ehtiramla yad etməyə borcluyuq.Torpaqlarımızın azad olunması, məhz, onların qanı hesabına mümkün olmuşdur. Hər bir azərbaycanlının müqəddəs vəzifəsi şəhidlərin adını uca tutmaq,qazilərimizə qayğı ilə yanaşmaqdan ibarət olmalıdır.

Noyabr ayında  Ədliyyə işçilərinin peşə bayramı təqvimin əlamətdar günü kimi əks olunub. Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən hər il noyabrın 22-si Ədliyyə işçilərinin peşə bayramı günüdür.Əvvəlki illərdən fərqli olaraq son iki ili təqvimin bu ayında ədliyyə işçilərinə iki qat bayram sevincini yaşamaq nəsib olur.Həm peşə bayramını qeyd edir, həm də noyabr zəfərinin sevincini yaşayırıq.

Vətən müharibəsi ilə bağlı fikirlərimi bölüşərkən bir az da Ədliyyə nazirliyinin müasir, günün tələblərinə uyğun fəaliyyəti barədə də danışmaq istərdim.Belə ki,Ədliyyə nazirliyi dövlətin əsas sütunlarından biri olaraq qanunların icrası, insan hüquq və azadlıqlarının təmin olunmasında müstəsna xidmətlərə malikdir. Hüquqi dövlətin yaradılması, demokratiya dəyərlərinin qorunması sahəsində cənab nazir Fikrət Məmmədovun rəhbərliyi ilə Ədliyyə nazirliyi mütərəqqi addımlar atır, innovativ tədbirlərin həyata keçirilməsinə nail olur. Bunun nəticəsidir ki, demokratik cəmiyyətin tələblərinə uyğun olaraq siyasi pluralizmin , fikir, vicdan azadlıqları təmin olunmuşdur.Siyasi partiyalar,ictimai birliklərin qeydiyyatı aparılır, qəzet,jurnallar dövriyyəyə daxil edilir. Məhkəmə islahatları aparılır. Bir sözlə ədliyyə nazirliyi demokratik təsisatların yaradılması və inkişaf etdirilməsində məhsuldar və innovativ fəaliyyətini davam etdirir.    

Əminliklə vurğulamaq istəyirəm ki, Qələbənin bizə bəxş etdiyi məğrurluq və fəxarət hislərini hələ uzun müddət qəlbimizdə yaşadacaq, dilimizdən əskik etməyəcəyik. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

 İslam Əhmədov

Ağcabədi rayon Qeydiyyat şöbəsinin rəisi, Ədliyyə müşaviri